Avtomobillərini səkinin üstünə çıxaran sürücüləri gözləyən cəza – RƏSMİ

Avtomobillərini səkinin üstünə çıxaran sürücüləri gözləyən cəza – RƏSMİ
 

Bir çox sürücülər avtomobillərini nəinki parkinq nişanı olmayan, xüsusi zolaqların üstündə saxlayır, hətta səkilərin üstünə də çıxarırlar. Bu hal isə piyadaların rahat hərəkət etmələrinə maneə törədir.

Maraqlıdır, bu kimi hallarda sürücüləri hansı cəza gözləyir?

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Toğrul Nəsirli Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, BŞDYPİ əməkdaşları tərəfindən bu istiqamətdə mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir:

“Buna baxmayaraq, bəzi sürücülər yenə də piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan zolaqlarda, eləcə də səkilərdə avtomobillərini saxlayaraq, onların hərəkətinə maneə yaradırlar.

Belə olan halda, piyada məcbur qalıb yolun hərəkət hissəsinə çıxmalı olur ki, bu da xoşagəlməz hadisələrin baş verməsinə gətirib çıxarır. 

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin tələbinə əsasən, piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmayıbsa, səkilərdə dayanmaq qadağandır. Qeyd edilən qaydaları pozan sürücülər haqqında İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, 20 manat cərimə nəzərdə tutulub. Ona görə də sürücülərdən xahiş edirik ki, avtomobillərini səkilərdə saxlayaraq, piyadaların hərəkətinə mane olmasınlar”.

 

0.013695001602173