DİQQƏT! Risk böyüyəcək, hücumlar qaçılmazdır - AÇIQLAMA

DİQQƏT! Risk böyüyəcək, hücumlar qaçılmazdır - AÇIQLAMA
 

Son günlər tanınmışların sosial şəbəkə hesablarının kibercinayətkarlar tərəfindən ələ keçirilməsi barədə xəbərlər cəmiyyəti ciddi narahat edir. Artıq bir neçə gündür, ölkəmizdə jurnalistlərin və ictimaiyyət nümayənlərinin də şəxsi hesabları naməlum şəxslər tərəfindən “sındırılır”. Bu isə vətəndaşlarımızda kibertəhlükəsizlik baxımından narahatlığı daha da artırıb. 

İnformasiya Texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov Pravda.az-a açıqlamasında deyib ki, məşhurların istifadə etdikləri platformalar, sosial şəbəkələr həmişə hədəfdədir:

“Xüsusən, tanınmış, ölkədə, cəmiyyət arasında bilinən şəxslər daha çox hədəf alınır. Həmin şəxslərə edilən hücumlarda kiberhücumçular ya kimlərinsə, ya da özlərinin eqolarını razı salmış olurlar. Digər tərəfdən, bu cür hücumlar vətəndaşlarda, ətrafda mənfi təsir yaratmaq baxımından daha effektiv olur. Tanınmayan sadə vətəndaşın “İnstagram” səhifəsini qırsanız, buna elə də önəm verməyəcəklər. Amma tanınmış insanların bu cür boşluqları cəmiyyətə daha çox təsir edir. Buna görə də çalışırlar ki, həmişə məşhurları hədəf alsınlar. Yəqin ki, qırılan səhifələrin təhlükəsizlik sistemləri düzgün qurulmayıb deyə onları asanlıqla sındıra biliblər. Bu tip hücumlar hərtərəfli və bir neçə mərhələdə fərqli metodlarla aparıla bilir. Diqqətli olmaq lazımdır. Ola bilsin, hesabı qırılan şəxsə əvvəlcə arxasında zərərli proqram yerləşdirilmiş hansısa link, yaxud da şəkil göndərilib. Linki açdığınız zaman həmin zərərli proqram kompüterinizə və ya telefonunuza yerləşir, orada olan bütün məlumatları birbaşa hakerə göndərə bilir. Buna görə də hər zaman deyirik ki, internet şəbəkələrinə qoşulan sistemlərinizi, telefon, kompüter kimi avadanlıqlarınızı mütləq bu sahədə peşəkarların tövsiyələrinə əsasən quraşdırın. İkncisi, digər məsələdə də diqqətli olmaq lazımdır. Tanıdığımız, yaxud tanımadığımız şəxslərdən, ünvanlardan gələn məlumat linklərini açmazdan əvvəl maraqlanmalıyıq ki, doğrudan da, link onlardan gəlibmi?  Üçüncüsü, səhifəmizin təhlükəsizlik prinsiplərinin düzgün şəkildə qorunduğuna əmin olmaq lazımdır. Təbii ki, peşəkarlardan məsləhət almalısınız. Bu, ilk hal deyil, son olmayacaq, getdikcə daha da çətinləşəcək, risklər böyüyəcək. Fərqi yoxdur, sadə vətəndaş, tanınmış şəxs, dövlət rəsmisi - hər bir şəxsin bu hücumlara məruz qalması qaçılmazdır. Hətta biz özümüz belə peşəkar olsaq da, daim hücumlara məruz qalırıq, sadəcə, məsələyə daha tez reaksiya veririk, daha tez başa düşürük və nəzarəti gücləndirməyə, daha diqqətli olmağa çalışırıq”. 

Mütəxəssis kiberhücuma məruz qalan hesabların necə geri qaytarılması məsələsinə də toxunub: “Kiberhücumçunun özünün insafı olsa, səhifəni qaytaracaq. Yaxud hansısa məbləğ qarşılığında səhifəni geri almaq olar. Böyük səhifələri, məsələn, Aygün Kazımovanın 1 milyondan çox izləyicisi var, kifayət qədər böyük səhifədir, biznes məqsədi ilə də, başqa məqsədlər üçün də istifadə edə bilərlər. Ya da, sadəcə, zərər vermək üçün də bu tip addımlar atıla bilər. İstənilən halda, maddiyyatla yanaşı, insanlar mənəvi baxımdan da ziyan görürlər. Bunu istəmərik. Ümid edirik ki, bundan sonra kütlənin daim nəzərində olan şəxslər informasiya texnologiyaları sahəsində peşəkar olan şəxslərdən tövsiyələr alarlar. Sistemlərini, sosial şəbəkələrini də həmin tövsiyələrə əsasən etibarlı şəkildə qoruyarlar. Bu, gündəlik qarşılarına çıxacaq hadisələrin bir növüdür. Bu tip hücumlara artıq alışmalıyıq, həyatımızın bir parçası olaraq onlarla yaşamağı bacarmalıyıq”. 

 

0.014661073684692