Rəsulzadənin nəvəsi: “Yəqin ki, qəbrin vətənə köçürülməsinin də zamanı gələcək”

Rəsulzadənin nəvəsi: “Yəqin ki, qəbrin vətənə köçürülməsinin də zamanı gələcək”
 

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banisi və Azərbaycan siyasi mühacirətinin liderlərindən olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 140 il ötür.

Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində, Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib, daha sonra mühacir həyatı yaşayıb.
Uzun illər xaricdə, vətənindən ayrı yaşayab Rəsulzadə Azərbaycanın azadlığı uğrunda mübarizə aparıb. M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

Söylədiyi "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi təkcə XX əsrdə deyil, bu günümüzdə də dillərdədir.

Prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, bu il Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir. 

Böyük öndərin nəvəsi Rais Rəsulzadə "Cebhe.info"-ya bunu deyib: 

"Bu günü xatırladığınız və yad etdiyiniz üçün təşəkkür edirəm. Prezidentə bu Sərəncamından ötrü təşəkkürlərimi bildirirəm. Rəsulzadə ilə bağlı tədbirlərin keçirilməsi, yad edilməsi nəzərdə tutulub. Xatırlayan, yad edən hər kəs sağ olsun. Mənim arzum hər zaman babamın məzarının Azərbaycana gətirilməsi olub. Bununla bağlı da həmişə danışmışam, fikirlərimi, arzumu hər kəsə çatdırmışam. Yəqin ki, bu məsələnin də zamanı gələcək və həll olunacaq". 

Abbas

0.017550945281982