Deputat Cavanşir Feyziyevin olduğu deyilən “Avromed Company” QSC məhkəməyə verilib
Azərbaycanın əczaçılıq sahəsində aparıcı şirkətlərdən olan “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası arasında qalmaqal yaranıb.
Qaynarinfo xəbər verir ki, qalmaqalı kökündə tərəflər arasındakı alqı-satqı müqaviləsinə dair mübahisə dayanır.
Məlumata görə, “Avromed Company” QSC klinikaya tibb məhsulları satıb. Lakin pulun ödənilməsində problem yaranıb və bu mübahisəyə çevrilib.
“Avromed Company” QSC bu üzdən məhkəməyə müraciət edib.
İşə Bakı Kommersiya Məhkəməsində baxılacaq. Fevralın 22-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçiriləcək.
“Avromed Company” QSC 20 dekabr 2001-ci ildə qeydiyyata alınıb.
Nizamnamə kapitalı 57 000 AZN-dir. Şirkətin qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur.
Kamran İskəndərov “Coca Cola” şirkətinin Ukrayna və Moldova üzrə nümayəndəliyinin baş meneceri vəzifəsində işləyib. 2022-ci ildən isə “Avromed Company”nin baş direktorudur.
Lakin mediada gedən məlumatlara görə, şirkətin sahibi Milli Məclisin deputatı Cavanşir Feyziyevdir. Cavanşir Feyziyevin tərcümeyi halında qeyd edilib ki, o, 2002-2010-cu illərdə QSC-nin baş direktoru vəzifəsində işləyib.
Buna rəğmən, deputat 2013-cü ildə İngiltərəyə səfər etmək üçün viza müraciəti zamanı özünü “Avromed Company” QSC-nin baş direktoru kimi təqdim edib. Bu barədə İngiltərədə Cavanşir Feyziyevin ailəsinə məxsus 5.6 milyon funt-sterlinqin müsadirə olunması ilə bağlı materiallarda bildirilir.
2020-ci ildə isə şirkətin yaydığı açıqlamada qeyd edilir ki, Cavanşir Feyziyev 2010-cu ilə qədər “Avromed”in direktoru vəzifəsində çalışıb, 2016-cı ildə isə səhmlərini satıb.
Cavanşir Feyziyev 115 saylı Şəki kənd ikinci seçki dairəsindən mandat qazanıb.