“2 fevral Gənclər Günü”nə həsr edilmiş “Gəncliyə yeni pəncərə” adlı tədbir keçirilib
29 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi- Texniki Kitabxanasında ( RETK) “2 fevral Gənclər Günü”nə həsr edilmiş “Gəncliyə yeni pəncərə” adlı tədbir keçirilmişdir. Tədbirdə H. Əliyev adına fondun Regional İnkişaf İctimai Birliyinin Hüquq şöbəsinin müdiri Namiq İbrahimli, azərbaycan Yazıçılar Birliyinin üzvü şairə Kəmalə Abiyeva, Qarabağ müharibəsi döyüşçüləri: FHN- nin qazisi mayor Süleyman Heydərov, gizir Mehdizaman Əliyev, gizir Loğman Abdullayev, İlqar Nağdan-Əliyev, Bakı Mühəndislik Universitetinin Tələbə- gənclər həmkarlar ittifaqının sədri Ləman Şərifova, Azərbaycan İqtisad Universitetinin tələbə- gənclər təşkilatının sədri Fatimə Məcidli, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Patent və Əmtəə Nişanları Ekspertizası Mərkəzinin məsləhətçisi Gülnar Məhyəddinli və RETK-nın kollektivi iştirak edirdilər. Tədbir öncəsi qonaqlar RETK-nın “Nadir kitablar “ fondu ilə tanış oldular. Respublika Elmi- Texniki Kitabxanasının Kütləvi işlər və təbliğat şöbəsinin müdiri Amaliya Qənbərova yaşı bir əsri keşmiş nadir ədəbiyyat haqqında ətraflı məlumat verdi, bu kitabların nəinki kitabxananın, bütövlükdə Azərbaycan xalqının sərvəti olduğunu vurğuladı. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi (bir dəqiqəlik sükutla) yad edildi. Respublika Elmi- Texniki Kitabxanasının direktoru filologiya elmləri namizədi Mübariz Məmmədli giriş sözü ilə çıxış edərək qeyd etdi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Respublika prezidenti Cənab İlham Əliyev tərəfindən davam etdirilən Dövlət Gənclər siyasəti böyük əhəmiyyət kəsb edir. O, bu gün Azərbaycanda yüksək intellektə malik, savadlı, istedadlı, eyni zamanda cəsur, qəhrəman gənclərin fəaliyyətindən söhbət açdı.
Sonra RETK-nın əməkdaşı Leyla İsazadə “ İlham Əliyev və Gənclər Siyasəti “ mövzusunda çıxış etdi: “Prezident İlham Əliyevin böyük səyi nəticəsində Azərbaycan dünyanın ən qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Bu gün respublikamızda 43 Olimpiya idman kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında iştirakı buna əyani sübutdur.
RETK-nın əməkdaşı Şükufə Baxşiyeva öz çıxışında Azərbaycan gəncləri üçün ən həlledici sınaqlarından biri 44 günlük Vətən müharibəsi olduğunu vurğuladı . Məhz onların rəşadəti sayəsində şanlı zəfər əldə olundu.
Tədbirdə “Qalib sərkərdə- qəhrəman gənclik” adlı videomaterial musiqisi xalq artisti bəstəkar Aygün Səmədzadəyə, sözləri Kamalə Abiyevaya aid olan “ Azərbaycan” mahnısı ilə təqdim olundu. Kamalə xanım çıxışında bu gün qürur duyacağımız gəncliyin yetişdiyindən, onlara göstərilən dəstək və qayğıdan danışdı.
N. İbrahimli, L. Abdullayev də öz çıxışlarında Azərbaycanda möhkəm əqidəli, vətənpərvər, cəsur gənc nəslin yetişməsindən söhbət açdılar. FHN- nin yeganə qazisi olan mayor Süleyman Heydərovun çıxışı tədbir iştirakçılarının marağına səbəb oldu. Süleyman 1918-ci ildə yazılmış Azərbaycan Dövlət himnində gənclərin xüsusi qeyd olunduğunu vurğuladı:
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır! (Ə.Cavad)
Məhz bu misralar Azərbaycan gənclərini döyüşlərdə qalib gəlməyə ruhlandırmışdır.
Tədbirdən sonra Ulu Öndər Heydər Əliyevin büstü qarşısında xatirə şəkilləri çəkildi.
Elmi-Texniki kitabxananın kütləvi işlər və təbliğat şöbəsinin müdiri Amaliya Qənbərova.
"Paralel.az"