Qətiyyən yaraşmır ... - Akif Mirsiyaboğlu 

Qətiyyən yaraşmır ... - Akif Mirsiyaboğlu 
 

Bahar ürəyimi sənsiz qış aldı,
Mən yaza vurğunam qışı neylərəm ?
Bəxtiyar Vahabzadə

Uşaqların və gənclərin çoxdan gözlədiyi qarlı hava şəraiti özünü çox gözlətmədi . Yeni il ərəfəsində sinoptiklərimizin dəfələrlə dogru çıxmayan məlumatları nəhayət bu gün gerçəkləşmək üzrədir . Məcburi köçkünlük illərinin düz otuz ilini yaşadığım məkan Günəşli adlandırılsa da , soyuq iqlim şəraitinə görə Bakı şəhərinin ,,Sibiri" sayıla bilər . Bu gün saat 10 - dan sonra qəsəbəmizə sulu qar yağmağa başladı .Ancaq kim nə deyir , desin Bakıya qar heç yaraşmır . Vallah , billah yaraşmır ki , yaraşmır . Qətiyyən yaraşmır ...
Tıxacların içində boğulan paytaxt küçələrində toz qopanda belə hərəkət etməyin çətinliyinin üstünə , sürüşkən yolda ara məsafəsinin qorunub saxlanmasını , sükandan , əyləcdən kəskin istifadənin qəza şəraiti yaratmasını da əlavə etsək , ümumi mənzərə hamımıza tam çılpaqlığı ilə aydın olar .Səhərin şaxtalı havasında işə tələsənlərin nələr çəkdiyinin illər öncə şahidlərindən biri də mən olmuşam .Ona görə də tam əminliklə yazıram ki ,şəhərimizə qar əlavə problemlər gətirdiyi üçün qətiyyən yaraşmır . Gözəllik baxımından əlbətdə yağan qar Bakımıza xüsusi gözəllik bəxş edir , ancaq yaratdığı fəsadlar bunu heçə yendirir. İlk qarın hər zaman Yeni Yasamala və Yeni Günəşliyə yağmasını nəzərə alaraq səhərlər bəzən işə bir qədər gecikərdim .Üzrxahlıq kimi sürüşkən yolu misal çəkəndə , üzümə vurmasalar da , Bakımızın paytaxtı sayılan , iqlim şəraitinə görə şəhərin aranı hesab olunan Səbail rayonu , Sahil metrosu yaxınlığında yerləşən idarəmizin hətta sıravi əməkdaşları da buna inanmaq istəmirdilər .Onları qınamaq fikrindən uzağam , atalar "aşıq gördüyünü çağırar" deyiblər . Yalan olmasın Yeni Günəşliyə ,,alaçalpov" qar vuranda , Sahil metrosu ərazisində yoldan toz qopardı . İllər sonra iş yerimizi Yasamal rayonuna dəyişəsi olduq .Köhnə idarəmizdə illər boyu əyləşdiyim kabinetimdə indi brend paltarlar satılan mağaza yerləşir . Uzunçuluq etmədən keçirəm əsas mətləbə , yeni iş yerində qar mövsümü başlayan zaman səhər tezdən idarəyə gələndə , əməkdaşlar təəccüblə soruşardılar. : Rəis bu qarda yolu necə gəldiniz? Burda atalar deyir ki , "başına gələn başmaqçı olar" .
Nə isə mətləbdən çox uzaqlaşmayaq , axı birinci qardan başlamışdıq . Qar , yağış şəhərimizə yaraşmır . Heç yaraşmır. Onun fəsadları , bəxş etdiyi gözəlliyi , təmizliyi , sağlamlığı kölgədə buraxır .
Bu gün evimizin qarşısındakı məktəbdən çıxan uşaqların sevinci yerə - göyə sığmırdı , ora - bura qaçışır , qar dənələrini göydə tutmağa çalışırdılar . Ancaq yağan qarın yerdə qalmaması keflərinə əməlli - başlı soğan doğrayırdı .Axı çoxdan gözlədikləri qartopu oynamaq , qardan Şaxta baba düzəltmək arzusu yenə də baş tutmayacaqdı . Bunu gördükdə istər - istəməz Xocalıda keçən uşaqlıq illərimizi xatırladım ...
Uşaqlıq dövründə axşamdan başlayan qar səhərə yaxın kəsərdi .Yuxudan oyananda otağın çox işıqlı olmasını görən kimi ,, vay yatıb yuxuya qalmışam , dərsə gecikmişəm ki" deyə fikirləşərək , mister Bin kimi yarıyuxulu halda otaqda vurnuxaraq pal - paltar , kitab - dəftər axtaranda qəflətən ğözüm pəncərəyə şataşardı . Hər tərəfin ağ yorğana büründüyünü görüb , buna görədə hələ erkən olsa da havanın buna görə tez işıqlanmasını anlayaraq , kitab - dəftəri ataraq , hövlank həyətə qaçardım . Qonşu işaqlarla qar topu oyunu qızışardı . Analarımız bizləri bir təhər həyətdən çağırıb tələm - tələsik səhər yeməyini yedizdirərək məktəbə yola salardılar . Yol boyunca , məktəbin həyətində qartopu oynayıb , sürüşsək də dərs boyunca gözümüz pəncərədə qalardı . Qar yağandan sonra hava yumşaldığı üçün məktəbin novlarından axmağa başlayan suyun şırıltısı kefimizə soğan doğrayardı . Tələsirdik ki , kaş qar əriməmiş dərslər başa çataydı , özümüzü kəndimizin Noraguğ adlı erməni kəndi ilə həmsərhəd olan , Rüstəmin təpəsi dediyimiz yamaclara çatdırıb doyunca sürüşə biləydik . Qaranlıq düşənə qədər yamaclarda sürüşər ,qartopu oynayardıq . Qaranlıq düşəndə İslanmış əyin başla , axşamın sazağında ayağımızı güclə sürüyərək evə çatardıq . Danlanandan sonra ortası qızarmış odun peçinin yanında salınmış döşəyin üstündə uzanaraq , istidən məst olub ordaca div yuxusuna gedərdik . Heç şam yeməyi , səhərin dərslərini hazırlamaq da yada düşməzdi ...
Ancaq iqlim dəyişikliyi deyəsən Xocalımızdan da yan keçməmişdir . Sərt iqlim şəraiti olan yurdumuzda indi nar , xurma , limon kimi istilik sevən ağaclar yetişdirilir , bulaqlarımızın da çoxunun suyu quruyubdur . Atalarımız ,,su murdarlıq götürməz" deyiblər .Bəlkə erməni natəmizliyini , murdarlığını qəbul etməyən bulaqlarımız öz paklığını , təmizliyini qorumaq üçün yerin təkinə çəkilibdir ? Biz qayıdanda bulaqlarımız yenidən peyda olub mənfur qonşunun iyini kəsmək , onlardan qalan murdarlıqları yuyub aparmaq üçün şaqqaşaqla axacaqdır . Allah bütün arzularımızı çin etsin . Qalib ordumuzun , Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin sayəsində Qarabağımız tam azaddır . Qalanları an , zaman məsələsidir . Yurdumuzda geniş quruculuq , abadlıq işləri gedir . Tezliklə çoxdan gözlədiyimiz an yetişəcək , yurdumuza ayaq basa biləcəyik ...
Ancaq çox istərdim ki , tikinti işləri başlamamış fəhlə ata - anamın qabarlı əllərinin hərarətini qoruyub saxlamış , daşa - divara toxunub , itkin ailəmin yoxluğunun bir zərrəsini cansız əşyalardan ala biləydim .Çox heyif ki , bu da qismət olmadı . Şair demiş , " xəstə çox şey dilər , ancaq ona qismət olmaz" . Xocalıda tikinti işləri aparan şirkətin rəhbərliyi axı hardan bilsin ki , o qara çaylaq daşından qalmış daş- divar nələrə şahidlik edibdir , hansı acılı - şirinli xatirələri özündə qoruyub saxlayır ... Tikinti şirkəti , o müdhiş soyqırım gecəsi , ailəmin sonsuz ürək ağrısı ilə tərk etdiyi evimizin qalıqlarını buldozerə verib uçurmaq , tarixin erməni vəhşiliyini özündə əks etdirən bir nişanəsini də tamamilə yer üzündən silmək ətəfəsindədir . Halbuki iki körpənin , iyirmi yaşlı gənc qızın , iki ananın xüsusi amansızlıqla qətlə yetirildiyi bu məkan , tariximizin qan yaddaşına həkk olunmaq üçün açıq havada canlı muzey kimi qorunub saxlana və erməni faşizmini lənətləmək , ifşa etmək üçün əyani vəsait kimi əvəzsiz rol oynaya bilərdi ...
Görəsən aidiyyəti qurumlar bu halı niyə nəzərlərindən qaçırıblar , gərək hər bir işi dövlətimizin başçısı şəxsən özü tapşıra və ondan sonra bu işlər öz həllini tapa ...
Nə isə haradan başlayıb , haraya gəldim .Qocalıq belədir də , ilk qardan başlayıb , qiyabi olaraq yenə də şəhid şəhərimə gəldim ... Ancaq bunun da səbəbi var , yəni səbəbsiz heçnə baş vermir . Qar adı çəkiləndə hər birimiz qeyri ixtiyari ilk növbədə Xocalı soyqırımını xatırlamağa borcluyuq . Axı qarlı bir gecədə Xocalı sakinlərinə yağı düşmən amansız divan tutmuşdu . Eynən bu il olduğu kimi payız və qış fəsli çox mülayim keçsə də faciə axşamı başlayan güclü qarın ardınca sərt şaxtalar başlamış, bu da yanan şəhəri tərk edərək qarşıdakı meşəyə sığınmış zavallı insanlara cəhənnəm əzabı yaşatmışdı ...
Şükürlər olsun ki , yurdumuzun qışı artıq arxada qalmışdır , günəşli bir yaz günü Xocalı sakinlərindən qaranquşlar sayıla biləcək ilk əlli ailə yurdumuza dönəcəkdirlər . Arzu edərdim ki , Novruz bayramında bütün Xocalı sakinlərinə , hər evdən bir nəfər olsa da ucazə veriləydi ki , otuz iki ildən sonra hər bir həyətdə işğaldan əvvəl olduğu kimi qapılarında bayram tonqalı yandıraydılar . Başımızın üstündə dolaşan narahat şəhid ruhları da bundan dinclik tapardı . Dəyərli yazıçımız Aqil Abbasın əsərinin qəhrəmanı , hər bir Qarabağlıya yaxından tanış olan qarmon ustası Abdal Şakirin , erməni Surendən qalmış Moskviç maşınından erməni iyini kəsmək üçün od vurub yandırdığı kimi , yurdumuza hopmuş erməni iyini kəsmək üçün Novruz tonqallarını bu il daha da gur qalamalıyıq . Bununla erməni iyini birdəfəlik kəsər və Xocalıda qalaraq marığa yatmış əsas düşmənə tutarlı mesaj verərik ki ,yurdun əsil sahibləri qayıtdılar . Dədəmiz Qorqud demişkən torpaqlarımızı əkib becərməyə də , qorumağa da əzmimiz ,qətiyyətimiz , gücümüz və birliyimiz vardır .

"Paralel.az"

0.035197019577026