Təhsil idarəsinin müdirini icra başçısı tutdurub? – 2 milyonluq varidat...
Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyevin 53 min manat rüşvət alma ittihamı ilə həbs olunduğu barədə xəbər vermişdik.
Yada salaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir ki, Rüfət Hacıyev barəsində Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (rüşvət alma təkrar və külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Rüfət Hacıyev əmək müqaviləsinin müddətinin uzadılması, məktəb direktoru vəzifəsinə təyin olunma, məktəblərdə müvafiq yoxlamaların keçirilməməsi, eləcə də xidmət üzrə ümumi himayədarlıq göstərilməsi kimi məqsədlərlə ayrı-ayrı şəxslərdən ümumilikdə 53 min manat pul vəsaitini təkrarən rüşvət qismində almaqda təqsirləndirilir.
Qeyd edək ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinə Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonları daxildir. İdarə 2022-ci ildə yaradılıb. O zaman Quba Təhsil Şöbəsinin müdiri olan Rüfət Haclıyev Quba-Xaçmaz Regional Təhsil İdarəsinə müdir təyin olunub. 2022-ci ilin mayında baş tutan təqdimat mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev və regional idarəyə daxil olan bölgələr üzrə təhsil işçiləri iştirak ediblər.
Rüfət Haciyev Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyinatdan sonra onunla icra başçısı arasında münasibətlər ən son həddə qədər gərginləşib. İş o yerə çatıb ki, Rüfət Hacıyevin hər addımı ilə bağlı məlumatlar ardıcıl olaraq mətbuat səhifələrinə “ayaq açıb”.
Təhsil müdiri Quba RİH-in təşkilatçılığı ilə keçirilən heç bir tədbirə dəvət olunmayıb. Vəziyyət o həddə gəlib çatıb ki, icra başçısı aidiyyəti olmayan rayon tədbirlərində sözü təhsilə gətirib, Rüfət Haciyevi sərt tənqid edirmiş.
Bu baxımdan, Rüfət Hacıyevin həbsindən sonra onun varidatının siyahısının ictimailəşməsi də təəccüblü olmayıb.
Yayılmış məlumatlarda iddia olunur ki, Rüfət Hacıyevin Quba rayonu ərazisində 4 dəbdəbəli villası var. Həmçinin Bakının Yasamal və Xırdalan rayonları ərazisində yerləşən daha 3 mənzilinin varlığı barəsində də xəbər yayılıb. Məlumatda həbsə alınan idarə müdirinin mülklərinin ümumi qiyməti də hesablanaraq təqdim olunub. İddiaya görə, mülklərin ümumi dəyəri 2 milyon manat civarındadır.
Eyni zamanda Rüfət Hacıyevin Qubanın Qəçrəş kəndi ərazisində yerləşən daha bir dəbdəbəli villası barədə məlumat mətbuata ötürülüb. Həmin villanı Rüfət Hacıyevin yüksək çinli bir dövlət məmuruna müvəqqəti məskunlaşmaq üçün verdiyi, həbsindən sonra isə yüksək vəzifəli məmurun villadan çıxdığı vurğulanır. Təhsil müdirinin “JEEP Grand Cherokee” markalı avtomobili olduğu qeyd edilir və xüsusi olaraq qiyməti də diqqətə çatdırılır. Rüfət Hacıyevin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışdığı müddət ərzində bu qədər varidat əldə etdiyi yayılan məlumatda qırmızı xətlə keçir.
Bəs nə baş verib ki, təhsil müdirinin həbsindən əvvəl və sonra barəsində bunca ifşaedici məlumatlar ictimaiyyətə ötürülüb? Məqsəd nə olub? Bunun arxasında kim dayanıb?
Bu suallara birmənalı cavab vermək çətindir. Amma 28 oktyabr 2022-ci ildə mətbuatda yer alan məqalədə Rüfət Hacıyevin “qara zolağa” girməsi ilə əlaqəli məlumatlar var.
Həmin məqalədən sitat: “Bir müddət bundan əvvəl Quba Soyqırımı Memorial Kompleksi ərazisində qanunsuz tikinti işlərinin başlamasına etiraz edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev öz facebook hesabında "Quba Soyqırımı Memorial Kompleksi ərazisinin satılmasını şiddətlə qınayıram. Aidiyyəti şəxslərlə bağlı müvafiq tədbirlər görülməlidir" sözlərini yazmışdı. İdarə müdirinin bu statusu Quba RİH-in başçısı Ziyəddin Əliyevi bərk qəzəbləndirib və demək olar ki, rayonda keçirilən bir çox tədbirdə Rüfət Hacıyevi sərt tənqid etməyə başlayıb. Sonuncu dəfə ötən həftə keçirilən rayon tədbirində isə Ziyəddin Əliyev Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev haqqında daha kəskin danışıb və onun ünvanına qeyri-etik ifadələr işlədib".
Məqalədə iddia olunur ki, Ziyəddin Əliyev Rüfət Hacıyevi aşağılayan çıxışında bunları deyib.
Sitat: “İcra başçısı idarə müdirinə "axmağın biri axmaq", “mənim otağımda mənə təzim edən bu olmayıb sanki”, “sənin bu ədəbsizliyinin cavabını vermək mənim borcum olsun” kimi ifadələr səsləndirib".
Həmin məqalədə qeyd edilir ki, Ziyəddin Əliyevlə Rüfət Hacıyev arasında yaranan problem başçının təhsil sistemində olan problemlərə də daha qabarıq və emosional davranmasına yol açıb.
Sitat: “Hətta səyyar vətəndaş qəbullarında belə icra başçısı vətəndaşlara, "təhsillə bağlı nə probleminiz var" deyərək müraciətlər edir, bu istiqamətdə səsləndirilən problemlərin müzakirəsi üçün daha geniş fürsətlər yaradılır. Vəziyyət o həddə gəlib çatıb ki, icra başçısı aidiyyəti olmayan rayon tədbirlərində sözü təhsilə gətirib Rüfət Hacıyevi sərt tənqid edir".
Qeyd edək ki, Ziyəddin Əliyev ötən ilin yayında Qubanın icra başçısı postundan uzaqlaşdırılıb. Belə görünür ki, bundan sonra da başçı-təhsil müdiri konflikti səngiməyib, əksinə, daha da qızışıb.
(Yeni Müsavat”)