Xalqı siqaret və dərmanla insanları dərdə salan deputat – Cavanşir Feyziyev: “Avromed” və “Tadaterra” arxasındakı çirkli pullar (VİDEO)
Ölkənin dərman bazarında hökmranlıq edən “Avromed”in bazarı inhisara alması səbəbindən bu gün Azərbaycanda dərmanların qiyməti nəinki Avropa ölkələri, eləcə də qonşu ölkələrlə müqayisədə xeyli bahadır.
Heç kimə sirr deyil ki, “Avromed”ə rəhbərlik edən deputat Cavanşir Feyziyevdir, apteklərə mal paylayan yenə həmin şirkətdir, bahalığın, inhisarın baiskarı da onlardır, prezidentin tənqidlərini qulaqardı edən də biznesmen-deputatdır.
Cumhuriyyet.az məlumat üçün bildirir ki, bu həmin deputatdır ki, “Quska” ləqəbli keçmiş deputat, hazırda həbsdə olan Hüseyn Abdullayevdən 10 milyonluq obyekt alması, müğənni Gülyazın adına rəsmiləşdirməsi ilə gündəmə gəlmişdi.
Qeyd edək ki, 2014-cü ildə Hüseyn Abdullayevin mərhum atasının adına olan və Üzeyir Hacıbəyov küçəsində yerləşən 786 kvadratmetr qeyri-yaşayış sahəsini millət vəkili Cavanşir Feyziyev öz oğluna alıb.
Cavanşir Feyziyev bundan az əvvəl ölümlə nəticələnən qəza törətdiyi ölkə mediasının gündəmini zəbt etmişdi, amma deputat heç nə olmamış kimi, sudan quru çıxdı. “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında oturan deputat Cavanşir Feyziyev öz keyfindədir.
Cavanşir Feyziyev 2002-ci ildən həm də “Tour İnvest” şirkətinin təsisçisidir. Bu şirkətin Şəkidə yerləşən dördulduz ”Şəki Saray Hotel”in direktoru Rüstəm Bəşir oğlu Cavanşirdir. Şəkidə hamı bilir ki, Rüstəm deputat Cavanşir Feyziyevin əmisi oğludur. Rüstəm Bakıdakı “Novo Trade” Qapalı Səhmdar Cəmiyyətinin, Şəkidəki “Asel Aqro Park” şirkətinin də direktorudur.
Bu aqropark 2020-ci ildə yaradılıb. Şəki şəhərində, Olimpiya Kompleksinin arxasında ucsuz-bucaqsz qoz bağları salıb. Cumhuriyyet.az bildirir ki, Cavanşir Feyziyevin digər əmisi oğlu Elman Cavanşir Sumqayıtda 2018-ci ildə istifadəyə verilən, sərmayəsi 78 milyon manat olan “Tabaterra” siqaret şirkəti zavodunun direktorudur.
Sumqayıt Kimya Sənaye Parkının rezidenti olaraq fəaliyyətə başlayan müəssisədə 8 ədəd istehsal xətti fəaliyyət göstərir ki, bunların illik istehsal həcmi 14 milyard ədəd siqaret təşkil edir. Hazırda müəssisədə həm “Tabaterra” şirkətinə məxsus brendlər, həm də dünyanın ən böyük istehsalçıları olan “British American Tobacco”, “Japan Tobacco İnternational” və “İmperial Tobacco” kimi şirkə¬tlərə məxsus beynəlxalq brendlər istehsal olunur.
Elman Cavanşir 2021-ci ildə “Azərtütün” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə çıxarıldığı zaman “Tabaterra Leaf” Qapalı Səhmdar Cəmiyyəti təsis edir.
Nizamnamə kapitalı 5 min manat, qanuni təmsilçisi isə Elman Bəşir oğlu Cavanşir, Sumqayıt şəhəri, Sülh küçəsi, 18 ünvanında – “Xovlu İpək Fabriki”nin ərazisində qeydiyyatdan keçən şirkət Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən “Azərtütün” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 85 faizini alıb.
Xatırladaq ki, Elman Cavanşirin də adı Böyük Britaniyada çirkli pulların yuyulması qalmaqalında hallanıb. “The Evening Standard” qəzeti yazmışdı ki, Böyük Britaniyanın Milli Kriminal Agentliyinin tələbi ilə bank hesabları dondurulan Feyziyev ailəsi üzvlərindən biri də Elman Cavanşirdir, onun bank hesabında 1 milyon funt sterlinqdən bir az çox vəsait aşkar edilmişdi. (Cumhuriyyet.net)