Sumqayıtda veteranlarla görüş keçirilib

Sumqayıtda veteranlarla görüş keçirilib
 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində veteranlarla görüş keçirilib.Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Paralel.az xəbər verir ki, görüşdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov veteranlarımızın cəmiyyətdəki rolundan, onların üzərinə düşən vəzifələrdən danışıb.

Polkovnik qeyd edib ki, veteranlar hər zaman Müzəffər Ali Baş Komandanın siyasətini dəstəkləyib, dövlət başçısının hər bir çağırışına səs verib:

“Veteranlarımızın 44 günlük Vətən müharibəsində, habelə ondan əvvəlki və sonrakı antiterror tədbirlərində böyük fədakarlıqlar göstərdiyi, öz qəhrəmanlıqları ilə tarix yazdığı heç kimə sirr deyil. Prezident İlham Əliyev bütün çıxışlarında şəhidlərimizin, veteranlarımızın tarixi qələbəmizdəki rolundan ətraflı bəhs edib, onların qəhrəmanlığını bütün dünyaya örnək adlandırıb".

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də şəhid ailələri və qazilərin, eləcə də müharibə iştirakçılarının sosial müdafiəsidir.

Diqqətə çatdırılıb ki, Sumqayıtda şəhid ailələri və qazilər daim diqqət mərkəzindədir, onların sosial təminatının və yaşayış imkanlarının artırılması istiqamətində işlər görülür.

Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədilə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb.

Digər çıxış edənlər təşkil edilən tədbirin əhəmiyyətindən danışıblar.

0.048964977264404