Prezident etimadı doğrultmayan məmurlardan ölkəni xilas edəcək

 

Prezident etimadı doğrultmayan məmurlardan ölkəni xilas edəcək 
 

Bəzi məmurlar qanunların işləməsinə imkan vermirlər

Dünyada dövran dəyişib. Beynəlxalq qanunlar işləmir. BMT TŞ-nın qəbul etdiyi qərarlar belə havadan asılı qalıb. Bir sözlə, "şər imperiyası" SSRİ dağılandan sonra, 33 ildir ki, dünyanın nizamı çox ciddi pozulub.

İmperiyadan ayrıldıqdan sonra, əhalisi və ərazisi təcavüzə məruz qalan və müstəqillik qazanmaqla bərabər çox çətin duruma düşən ittifaq ölkələrdən biri də Azərbaycandır. Ölkəmiz  müstəqilliyinin 33-cü ilini yaşayır, lakin xarici və daxili düşmənlərin təcavüzü xalqımıza müstəqilliyin bəhrəsini dadmağa imkan verməyib.

Zaman-zaman taleyin amansız fırtınalarıyla rastlaşan ölkəmizin durumu bu gün də ürəkaçan deyil, xalq güzəranının çətinləşməsinə zorla dözür. Ölkədə qiymətlərin sürətlə qalxması təqaüd və əmək haqqının artım tempinə uyğun deyil, müharibə nəticəsində ölkə iqtisadiyyatının zəifləməsi xalqın güzəranına, yaşayış səviyyəsinə mənfi təsir edib.

Doğrudur, son 3 ildə Azərbaycan 30 il işğal altında qalmış torpaqlarını azad edib, xalqın ruhu yüksəlib, amma insanlarımızın güzəranı, iqtisadi potensialı, dolanışığı çox zəifləyib. Bakı şəhəri daxil olmaqla, ölkənin bütün şəhərlərinin küçələrində dilənçilərin sayı hər gün çoxalır. Xalq firavan  yaşamıq istəyir, əgər qazanılan qələbə insanların firavanlığını təmin edə bilmirsə, həmin qələbə, qələbə sayılmır! İnsanlar fikirləşir ki, məni firavanlığa qovuşdurmayan qələbə kimə lazımdır ki?..

Torpaqlarımızın işğaldan azad olunmasında övladını şəhid verib düşmənə qalib gələn şəhid ailələrinin, müharibə əlillərinin və veteranların, sadə xalqın qələbədən sonra rifahı yüksəlmək əvəzinə daha da pisləşib, ölkədə rüşvət, korrupsiya, məmur özbaşınalığı güclənib, dünyanda qəbul olunmayan pis hallar ölkəni bürüyüb, işsizlik, narkomaniya, dələduzluq və digər mənfi hallar ölkədə qazanc mənbəyinə çevrilib.

Ölkədə elə gün olmur ki, həmin gün narkomaniyaya görə, gənclər dəstə-dəstə polis tərəfindən həbs olunmasın! Bir tərəfdən ölkədə baş alıb gedən işsizlik, digər tərəfdən isə sərhədlərimizdə yuva salmış düşmən qüvvələr bir tikə çörəyə mohtac qalan adamlardan istifadə edərək, Azərbaycanda onsuz da ağır olan kriminal durumu daha da ağır duruma salırlar. İlkin araşdırmaların nəticələri göstərir ki, gənclərin kasıb qisminin əksəriyyəti işsizlikdən ailə qura bilmir və imkandan asılı olaraq ya xaricə qaçır, ya narkomaniyaya qurşanır, bu da mümkün olmadıqda isə çıxış yolunu intihara əl atmaqda görür...

İnsan mənəviyyatının ən çirkin və tənəzzülü sayılan digər ifadə etmək belə, istəmədiyim halların ölkəni bürüməsi və bunun  ən gəlirli sahələrdən birinə çevrilməsi dövlətimizin gələcəyi üçün böyük təhlükədən xəbər verir. Apardığımız araşdırmalar nəticəsində müəyyən olunub ki, ölkədə fəaliyyət göstərən ailəvi istirahət düşərgələri və otellər bu rəzilliyin genişlənməsinə xidmət edir. Bakı şəhərində fəaliyyət göstərən irili-xırdalı otellərin əksəriyyəti cütlüklərdən nigah sənədi tələb etmədən nömrə verirlər ki, bu da ölkədə fahişəliyin genişlənməsinə xidmət edir...

Azərbaycan xalqını incidən, əlbəttə, tək iqtisadi çətinliklər, böhranlar deyil, insanları incidən, hövsələdən çıxaran, qəzəbləndirən məmurların, onların övladlarının harın, zəngin, aşırı vicdansız, meşşan həyat tərzidir! İnsanlar iqtisadi çətinliklərdən çox məmurların rüşvətxorluq hesabına zəngin həyat tərzindən və övladlarını hərbidən yayındırıb, qazandığı haram pul hesabına onları xarici ölkələrdə gizlətməsidir.

Azərbaycanda bu cür mənfi hallara aid istənilən qədər faktlar, misallar, nümunələr gətirə bilərəm, amma xalqın bu cür mənfi hallara qarşı mübarizədən geri çəkilməsi, ölkənin idarə olunmasında iştirak etməkdən imtina etməsi, bu sahədə çəkilən bütün əziyyətləri faydasız etməsi insanı həm qəzəbləndirir, həm də həvəsdən salır.

Xülasə, Azərbaycanı normal inkişaf edən, vətəndaşına rifah, firavan həyat və gənc nəsilə xoş gələcək bəxş edən dövlətə çevirmək istəyiriksə, bütün xalq öz taleyinə sahib çıxmalıdır, dövlətin idarə olunmasında fəal iştirak etməlidir, onminlərlə şəhidlər vermək hesabına qurduğu dövləti qorumaq üçün mütləq mübarizəyə qoşulmalıdır.

Belə çətin zamanda ölkədə növbədənkənar prezident seçkiləri keçirilir. Bu seçkilərin heç kimin gözləmədiyi halda qəflətən keçirilməsi cəmiyyətdə hakimiyyətin siyasi gedişi kimi başa düşülür.

Təbii olaraq bu seçkilərdə hazırkı Prezident İlham Əliyevin qalib gələcəyinə heç kim şübhə etmir.

Eyni zamanda, hesab edirəm ki, ölkə Prezidentinin növbədənkənar prezident seçkisini digər seçkilərdən əvvələ salması ölkə üçün daha vacibdir.

Əlbbətə, xalqımız siyasi, iqtisadi çətinliklərə qalib gəlmək üçün bu çətinlikləri yaradan üzdəniraq məmurları zərərsizləşdirmək məqsədilə səylə çalışmalıdır, ruhdan düşməməlidir, əzm nümayiş etdirməlidir. Daxili və xarici ünsürlərin Azərbaycan üzərində çızdığı mənfur planları dəf etməlidir. Belə olarsa, xalqımız daha firavan yaşaya bilər...

Tapdıq Abbas

0.014567852020264