Toplantılarda, iclaslarda qaçıb ön sırada oturanlar - Bu, XƏSTƏLİK İMİŞ

Toplantılarda, iclaslarda qaçıb ön sırada oturanlar - Bu, XƏSTƏLİK İMİŞ
 

Müəyyən iclaslar, tədbir və toplantılarda aidiyyəti olmayanların ön sırada oturduğunu heç görmüsünüzmü? 

Biz belə hallarla tez-tez rastlaşırıq. Vaxtaşırı aidiyyəti olmadan ön sırada oturan şəxsləri görürük. 

Maraqlıdır, bu cür insanların özlərinə aid olmayan yerdə oturmaqda məqsədləri nədir, belə insanlarda hansı çatışmazlıqlar var, ümumiyyətlə, belə insanlar cəmiyyət tərəfindən necə qarşılanır? Onların başqasının yerində oturmaq səbəbi haradan qaynaqlanır?

Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan Psixologiya Akademiyasının rəhbəri Səbinə Cəbrayılova bildirir ki, heç bir aidiyyəti olmaya-olmaya ön sırada oturan şəxslərin xeyli çatışmazlığı var.

“Öncəliklə onu vurğulayım ki, belə adamlar həmin mövqeyi arzulayıb, lakin məqsədinə çata bilməyən şəxslərdir.

Necə deyərlər, onlar ön sırada oturmaqla bir növ özlərinə təsəlli vermiş olurlar. Bu, bir əskiklik kompleksidir.  

Paradoks ondan ibarətdir ki, biz bunu satira kimi qəbul edirik və deyirik ki, kimdə nə yoxdur ondan danışır, kimdə nə yoxdur ona can atır. Bu tip davranışlar məhz insanın özündə gördüyü və eyni zamanda qəbul etmədiyi “qüsur”un göstəricisidir”. 

Psixoloq qeyd edir ki, insanın özünü və yerini bilmədən başqasının yeri və mövqeyinə göz dikməsi, onun özünə və ətrafındakılara etiraf edə bilmədiyi və özündə mövcud olan paxıllıq, həsəd hissinin göstərici kimi də dəyərləndirilməlidir.

“Heç bir halda belə məqamlar etik hesab edilə bilməz. Məsələyə pozitiv tərəfdən yanaşsaq belə, yenə də neqativlər üstünlük təşkil edəcək. Tutaq ki, həmin şəxslər fəaliyyətə yeni başlayan və yüksək hədəfləri olan şəxslər ola bilər. Həmin sırada oturmaqla özünə motivasiya verməyə cəhd edir və gələcək fəaliyyətini bu motiv istiqamətində tənzimləyir. Çünki o, hər şeydən əvvəl bacaracağına inanır. Motiv bu istiqamətdə olsa belə, insanın öz yerini və əyləşməli olduğu sıranı bilməsi daha məqsədəuyğundur. Belə yanlışlıq bütövlükdə insanın həyatına sirayət edir. Təəsüf ki, belələri həyatda öz yerini bilməyən varlığa çevrilirlər. Çünki əzmlə, doğru şəkildə çalışsa, öz yerini bilsə, heç zaman insan belə bir addım atmaz. Belələrində ciddi çatışmazlıqlar var və psixoloji dəstəyə ehtiyac duyur. Çünki bir müddətdən sonra bütün ətraf tərəfindən bu tip insanlara mənfi yanaşma olur. Qəbul olunmurlar. Məsləhət odur ki, hər kəs özünə layiq olan, özünə ayrılmış yerdə otursun”. 

Sosioloq Lalə Mehralıyeva isə bildirib ki, insanlar öndə oturmağı öndə olmaq kimi dəyərləndirirlər.

"Öndə oturmusansa, ön sırada gedirsənsə, guya hamıdan birinci nəsə əldə etmisən və uğur qazanmısan. Belə halla məktəbdə, universitetlərdə, iş yerlərində tez-tez qarşılaşmaq olar. Uşaqlarımıza məktəbdə olandan beyninə yeridirik ki, birinci sırada oturmaq sənin uğurundur. Yaxşı haldır ki, məktəbdə müəllimlər hər həftə şagirdlərin yerini dəyişirlər. Bu həftə öndə oturan uşaq gələn həftə arxadakı yoldaşı ilə yerini dəyişir. Beləliklə, sinifdə "mənəm-mənəm"lik yox olur.  Zənn edirəm ki, iclaslarda da belə insanlar zamanında məktəbdə ön sıraya yiyələnmiş insanlardır. Təəssüf ki, ön sırada oturmuşam deməklə, birinciyəm, liderəm deyə düşünürlər", - o qeyd edib.

Lalə Mehralıyevanın sözlərinə görə, əslində insanın yerini onun zəkası, bacarıqları müəyyənləşdirir.

"Qoyun, sizi kimsə yüksək yerə layiq görsün. Özünüz özünüzü birinci sıraya layiq görməklə ətrafda ikrah hissi yarada bilərsiz. Hesab edirəm ki, təvazökarlıq hər insana verilməyən dəyərli xüsusiyyətdir. İnsanlar təvazökar olan insana yuxarıdan aşağı baxırlar ki, öz dəyərini bilmir. “Təvazö” sözünün mənasını anlayan insanlar üçün bu xüsusiyyətin dəyəri var. Mənə görə ön sırada oturmaq əhəmiyyətsizdir”.

Fəlsəfə doktoru Mail Yaqubun fikrincə isə, hər bir insan ilk növbədə özünü təftiş etməyi bacarmalıdır. 

“İstər müsbət keyfiyyətlərə sahiblənməkdə, istər mənfi keyfiyyətlərdən xilas olmaqda ilk addım budur ki, insan özünü dərk etsin, özünü təhlil etsin. Hər bir insan özünü təhlil edərkən cəmiyyətdə öz yerini də görəcək. Hansısa bir yerə dəvətin yoxdursa, sən ora niyə gedirsən? İnsan böyük yerdə oturmaqla deyil, böyük işlər görməklə böyük olur. Ön sırada oturmaq istəyən özünü mühüm adam kimi görmək istəyir, amma o unudur ki, ona aid olmayan sırada oturanda o adam böyümür, əksinə...”

 

0.018620014190674