Prezident seçkilərində elektron səsvermədən istifadə ediləcəkmi?

Prezident seçkilərində elektron səsvermədən istifadə ediləcəkmi?
 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yazır:

Uzun illərdi ki Estoniyada, bir neçə ildir ki Rusiyada, son illərdə isə hətta Gürcüstanda, Qazaxıstanda və Ermənistanda pilot qaydada da olsa müxtəlif səviyyəli seçkilərdə elektron səsvermə təşkil olunur.
Yəni bu ölkələrdə məhdud sayda seçicilər (Estoniyada xeyli sayda vətəndaşlar, Rusiyada müəyyən vilayətlər, Gürcüstanda ~100 məntəqə, Ermənistanda ~650 seçici və s.) seçki məntəqəsinə getmədən, müxtəlif üsullarla identifikasiya olunaraq səsvermə prosesində elektron formada iştirak edirlər.

Bizdə vəziyyət necədir ?
Hələlik MSK elektron səsvermə ilə bağlı bir açıqlama verməyib. Ötən seçkilərdə isə MSK rəsmiləri bu məsələnin nəzərdən keçirildiyini, lakin hələlik heç bir konkret qərarın olmadığını bildiriblər.
Xatırlayıram ki, 2000-ci illərdə buna cəhdlər oldu, lakin sonralar bu proses davam etdirilmədi.

Düşünürəm ki, ölkəmizdə son zamanlarda rəqəmsal transformasiya sahəsində bir xeyli irəliləyiş olub. MSK-nın bir xeyli təkmil rəqəmsal xidmətləri var.
Ən əsası isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi vətəndaşların identifikasiyası üçün SİMA rəqəmsal imzanı istifadəyə verib. SİMA bir çox sahələrdə artıq tam formada istifadə edilir. Düşünürəm ki, biometrik texnologiyaya əsaslanan bu identifikasiya vasitəsindən istiafdə etməklə az sayda məntəqələrdə olsa da vətəndaşların elektron formada səsvermədə iştirakını sınaqdan keçirmək faydalı və doğru olardı. Fikrimcə MSK və RİNN bunu reallaşdıra bilərdi.
Qarşıdakı seçkilərdə bu elektron səsvermənin nəticələrindən daha effektiv faydalanmaq olardı.

Prezident seçkilərində neçə məntəqə veb-kamera ilə təmin ediləcək?
Azərbaycanda indiyədək təxminən 1000 seçki məntəqəsində veb- kameralar quraşdırılıb. Xatırlayıram ki bu proses regionda ilk dəfə olaraq Azərbaycanda reallaşmışdı. Seçkilərin müşahidəsi üçün bu texnologiya da mühüm əhəmiyyət kəsb edir.
Görəsən bu il MSK neçə məntəqədə veb-kamera quraşdrıacaq? Hələlik MSK bunu açıqlamayıb.

Xatırladıram ki, son 3 ildə RİNN-nin “Onlayn Azərbaycan” layihəsi çərçivəsində hətta ən ucqar ərazilərə fiber-optik xətlər çəkilib. Ölkə üzrə nəhəng fiber optik infarstruktur qurulub.
Yəni nəinki seçki dairələri, hətta kəndlərdə və ucqar ərazilərdəki çox sayda seçki məntəqələri üçün də artıq keyfiyyətli internet əlçatandır.
Eyni zamanda statistikadan görünür ki, Elm və Təhsil Nazirliyi də son bir neçə ildə əvvəlki illərdən qat-qat çox məktəbi genişzolaqlı internetlə təmin edib. Məntəqələr də adətən məktəblərdə yerləşir.
Buradan belə qənaətə gəlmək olar ki, MSK veb- kamera ilə təmin edilən seçki məntəqələrinin sayına yendiən baxa bilər.
Yalnız rayon və şəhər mərkəzlərində yerləşən məntəqələri deyil, artıq kəndlərdə yerləşən seçki məntəqələrini də veb-kameralarla təmin etmək faydalı olardı.

Vətəndaş seçki məntəqəsində özünü necə identifikasiya edəcək?
Ənənəvi qayda belədir ki, vətəndaşlar məntəqədə seçki bülleteni almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Lakin son illərdə Azərbaycanda bir xeyli rəqəmsal transformasiya prosesi baş verib.
Görəsən 7 fevralda səsverməyə gedən seçicimiz rəqəmsal vasitələrlə seçki məntəqəsində özünü eyniləşdirə biləcəkmi?

Yəni tutaq ki, SİMA-dan istifadə edib eGov mobil tətbiqinə daxil olan vətəndaş özü haqqında məlumatı məntəqə seçki komissiyası üzvünə təqdim etdikdə məntəqə rəsmisi bunu rəsmi sənəd olaraq qəbul edəcəkmi?
Bu sualın cavabı isə bu gün nazir Rəşad Nəbiyevin əmri ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini təyin edilən, əsasən eGov quruculuğu sahəsinə cavabdeh olan Rəşad Xalıqovdadır.

Ümumiyyətlə isə fikrimcə, hökumətin, RİNN və MSK-nın bütövlükdə ölkədə seçki prosesinin, həmçinin səsvermə prosesinin rəqəmsal transformasiyası ilə bağlı yol xəritəsi hazırlaması da faydalı olardı.

P.S. Bu gün növbədənkənar prezident seçkiləri ilə bağlı ölkəmizdə olan ATƏT-nümayəndələri ilə Seçki Müşahidə və Təhlil Qrupu olaraq görüşümüzdə həm də bu tip məsələlərə diqqət yetirilib

"Paralel.az"

0.080734968185425