18 ildir ki, cismani yoxluğunla yaşayırıq, Elşadım!
Yanvarın 8 - i sənin əbədiyyətə qovuşduğun gündür. 18 ildir ki , cismani yoxluğunla yaşayırıq Elşadım!
Səni həyatımızdan itirmişik , ürəyimizdən isə, əsla !
Daim ürəyimizdə yaşayırsan.
Həyata vidalaşdığın gündən gözüm , könlüm hər yerdə səni axtarıb. Gəzdiyin , dolaşdığın , oxuduğun yerləri qarış - qarış gəzmişəm yavrum! Hətta şeirlərinə saldığın tələbə yataqxanasında, sən yatan yataqda da yatmışam ki , sənə tapınım , ruhum sakitləşsin. Aralarında xoşbəxtlik tapdığın tələbə yoldaşlarını da xəlvət izləyib səni onların arasında axtardığım vaxtlarım da olub. Tapmamışam , çarəm kəsilib səni tirməyimlə barışmalı olmuşam.
20 yanvarı neçə ildir ki hüzn günü kimi qarşılansa da , bu gün qəhrəmanlıq tarixi kimi təsəlli yeri olub.
Sənin nakam həyatının təsəllisi isə çox çətindir !
Hər yanvar ayı çatanda qoynumuzda , qucağımızda həyat eşqi ilə çağlayan ürəyini gülə - gülə ac ölümə təslim etməyimiz gözümün önünə gəlir.
Mən onda düşünürdüm ki, yaşaya bilməyəcəyəm.Demə həyatın üzü çox sərt imiş!
Anasızlığı , yetimliyi səninlə bölüşmüş bacınla qardaşın depresiya keçiridilər ,xəstələndilər. Amma yaşaya bildik , əgər buna ömür demək olarsa!
İllərlə dərd, kədər ocağımızdan uzaq olmadı, bayram günləri , səhər- axşam gözümüz qapıda qaldıyol çəkdi...
Səndən bizə qalan nə oldu ? Sevimli kitabların, şeirlərinin də yer tapdığı mühazirə dəftərlərin, və şeir dəftərlərin . Bir də ki, həyatından miras qalan acı xatirələr səndən nişanə qalıb.
Şeir yazdığını çox gec bildim. İkinci kursda oxuduğun vaxtlar ..
Təsadüfən şeir dəftərin əlimə keçmişdi . İlk səhifədə " Mənim atam" adlanan şeiri görüb maraqlandım . Gözəl yazılmışdı. Şeirin başqa şairə məxsus olduğunu düşünsəm də , ruhunda öz obrazımı gördüm . Şübhələndim.
Sonra maraqlanıb öyrəndim ki, şeir yazırsan və şeirlərin universitetin" Təbib " qəzetində dərc olunur.
Çox sevindim. Axı mən də lap uşaqlıqdan şeir yazıram , Qəzetlərdə çıxış edirdim. Sənin şair - həkim olmağın ürəyimdən olardı.
Amma , sən saydığını say , gör fələk nə sayır - deyiblər. Sevincim uzun çəkmədi
2006 - cı ilin müdhiş yanvar gecəsində sən bizi tərk edib əbədiyyətə qovuşdun.
Sənsizlik bizə zülüm etdi Elşad ! Amma bu sınıq-salxaq həyatı yaşamaqdan başqa çarə var idimi.? Yox .Quruca kölgəmə ehtiyacı olanlar var.
O vaxt yazdığım şeirdə dediyim kimi:
Vaxtsız solsan , nakam qalsan ,
Səhra boyda məzarın var !
Leylasını gəzən Məcnun ,
Dərdin üçün yas saxlayar.!
***
Anasız Elşada anadır torpaq,
Bir özgə qurbansız yaşayaq gərək!
Sənin Tibb Universitetini seçməyini 5 yaşında özunü, 3 yaşlı bacını və bir yaşı təzə tamam olmuş qardaşını anasız qoymuş ölümdən qisas almaq məramın kimi izah edərdim. Alınmadı! Məğlub oldun!
Mən isə hələ də yaşayıram. Hal bu ki , qabaq mənə elə gəlirdi sənsiz yaşaya bilməyəcyəm. Hələ şeir də yazıram. Özümə Feb.kda dostlar da tapmışam . Bəzən məhəbbətdən də yazıram . Amma səni yada salan kimi peşman oluram, xəcalət çəkirəm . Düşünürəm ki, səni kölgədə qoydum. Sən məndən də gözəl yaza bilərdin, sevə bilərdin. Axı, sən heç sevməyə də macal tapmadın , nakam getdin !
Amma hər sevgidən yazanda sənin yaraşıqlı boy buxunun , gözəl surətin gözüm önündə durur, Sən oluram , sanki sənin adından danışıram. Necə ki , bəzi şeirlərində səndə mənim adımda çıxış edirsən .Həyatda sənin qədər məni anlaya, sevən , bütün ruhu ilə mənə oxşayan çətin ki ola. Sən sanki mənim surətim idin.
Çoxları məni qınayır ki, ancaq özümü reklam edirəm , sənin şeirlərindən paylaşmıram.Nə demək olar !? Haqlıdılar. Səni tanıtmaq, yaşatmaq lazımdır. Bunu məndən başqa kim edəcək axı ...
Amma necə edim . Hər sənə yaxınlaşmaq istəyəndə, ölüm məni özünə cəlb edir. Sən necə də gülə - gülə ölüm mələyinə qoşulub getdin!. Sən mələksən Elşadım !
Şeirlərini dostlara paylaşmağa çəkinirəm . Onları da dərdə - qəmə şərik etməkdən qorxuram. Sənin yaşadıqların və yaratdıqların kədərli bir həyat romanıdır. Əksər şeirlərində dərin bir kədər var..
İndi həyatımız onsuz da başdan - başa dərdlə doludur. Çətinlik çəkirəm . Sənin kədərli həyatından povest, və ya roman yazmaq istəyirəm . Dəfələrlə girişmişəm , yarımçıq qalıb. Gücüm, taqətim çatmayıb uzaqlaşmışam. Yazılsa , əldən -ələ gəzər ,bilirəm Necə ki " Nakam ömrün nəğmələri" rayonda ürəklərə yol tapdi , göz yaşlarında yuyindu..
Bəlkə haçansa buna qüdrətim çata, sənin nakam ömrünə ikinci həyat verim...
" Nakam eşqin nəğmələri" kitabını ərsəyə gəlməsində maddi və təşkilati dəstək olmuş insanlara - hörmətli deputatımız Novruzəli Aslanova və şair Şahməmməd Dağlaroğluyaböyük hörmət ehtiramım var. O pulsuz vaxtımızda əl tutdular , kitab işıq üzü gördü, bir yadigar kimi qaldı ailəmizə. VAR OLSUNLAR!
Yenə yanvarın 8- i çatdı. Neçə gündür kitablarını, dəftərlərini , şəkilləri - sənə aid olan yadigarları çözələyib xəyalınla yaşayıram. Xəlvətə çəkilib ağlamışam. Sən mənə ağlamağı öyrətdin. Nə yaxşı..
Düşünüb qərara gəlmişəm ki, şeirlərdən dostlara paylaşım . Qoy həyatı param .-parça olmuş nakam aşiqi , şairi də tanısınlar. Şeirlərinin ömrü qədər səni yaşatsınlar.
NAKAM ŞAİR ELŞAD HACIYEVİN ŞEİRLƏRİNDƏN..
.....................
BABAM YADIMA DÜŞDÜ.
Uşaq idim bir zaman,
Bir əziz babam vardı
Başıma sığal çəkib,
Bizə tütək çalardı.
Bənna idi- evlərdə,
Gedib barı hörərdi.
Moruq, gilas payımı
Cibində gətirərdi.
Qar olsun, yağış olsun,
Heç düşməzdi həvəsdən.
Qoca Don Kixot idi,
Qara kəhəri üstdə.
Böyrünə sığınardım,
Hər nağıl danışanda;
Qışda soba yanında,
Yazda ocaq başında.
O sevimli babanı,
Fələk əlimdən aldı.
Ondan çoxlu xatirə,
Bir ev , bir tütək qaldı.
Yadıma düşdü babam
Ömrümün bu çağında .;
Göz yaşım yanağımda,
Ney səsi qulağımda.
............
BACIM MƏNİM.
Bir duzlu , məzəli, şirin bacım var
Onu mən hamıdan çox istəyirəm.
Hər sözü müqəddəs qanundur mənə,
Qoy nə söyləyirsə, mən gözləyirəm.
Qoy o fikirləşib, əmrini versin,
Bilir qulluğunda hər an hazıram.
Xoşuna gəlməsə, bəyənməz heç vaxt
Mən onun şeirini belə yazıram.
Əlimdən nə gəlsə , əsirgəmərəm.
Təki ürəyində o da bəyənsin.
Mənim sevgim ilə gülsün sifəti,
Onun fərəhindən dünyam bəzənsin.
Təbiət sevinər , torpaq oyanar,
Günəş öz nurunu yerə yayanda.
Mənim ürəyim də nura boyanar,
Bu bacım boynumu qucaqlayanda.
Kövrəlsə, ürəyim sixılar yaman,
Sanıram , başıma dünya daralıb.
Hamı fərəh alır öz anasından .
Onu əlimizdən ölüm qoparıb.
Kaş nəğməm bacımın xoşuna gəlsin,
Birdir qəlbimizin səsi ahəngi.
Ana sevgisinbənzər yaranıb
Sınıq ürəkləri ovudan sevgi.
BƏNZƏYİR
Başı bəlalıdır hələ sevgimin ,
Qanadı qırılmış quşa bənzəyir.
Çox az yaşamışıq səfasını biz,
Hələ baharı da qışa bənzəyir.
Allah ilk sevgini təzə- tər verir,
Dalınca bir belə qəm - kədər verir.
Sənə yetişdirir, mənə dərdirir,
Amma ki, sonrası boşa bənzəyir.
Söhbətin yeridir bağçadan, bardan,
Sən qişdan narazı, mən də bahardan.
Deyirlər bu aşiq nə görüb yardan,
Onun ki ürəyi daşa bənzəyir.?
Elşad bu sevdadan əcəb hallıdır
Sevgi çox şirindir- beçə balıdır
Bu eşqin axırı müəmmalıdır,
Ala bilmədiyim " 5".ə bənzəyir.
Müəllif: Şahlar Hacıyev