Normal vətəndaş yetişdirə bilirikmi? - Fərhad Əsgərov 

Normal vətəndaş yetişdirə bilirikmi? - Fərhad Əsgərov 
 

Gənc nəslin dünyagörüşünün, tərbiyəsinin düzgün istiqamətlənməsində ailənin, məktəbin, cəmiyyətin rolu danılmazdır. İlkin olaraq uşaq ailədə valideynlərindən gördüyü münasibətlə formalaşır. Sonradan isə düşdüyü kollektiv və cəmiyyət onun tərbiyəsinə, dünyagörüşünə öz təsirini göstərir. Əgər biz sağlam cəmiyyət istəyiriksə, ilkin olaraq ailədə, sonra isə məktəbdə uşaqlarla düzgün münasibət qurmalıyıq.
Cəmiyyətdə qanunsuzluqlar, əxlaqsızlıqlar, ləyaqətsizliklər çoxluq təşkil etdikcə, bunlar yeniyetmələrin düşüncəsində, tərbiyəsində öz mənfi təsirini göstərir. Uşaq qanun pozanın cəzalandırılmadığını, əxlaqsızlıq edənin tərifləndiyini, ləyaqətsizin irəli çəkildiyini gördükdə onun düzgün yaşamağa olan düşüncəsində şübhələr yaranır.
Mən mütəmadi olaraq yeniyetmələrin fikirləri ilə, düşüncələri ilə maraqlanır, həyatda onlara düzgün yol göstərməyə çalışıram. Bu günlərdə bir yeniyetmədən hansı sənətin sahibi olacağı ilə maraqlandım. O, mənə yol polisi olacağını dedi. Mən onun bu fikrini dəstəkləyib dedim ki, lap yaxşı, bu, çox məsuliyyətli bir işdir. Çalış elə xidmət et ki, sənin haqqında insanlar arasında yaxşı fikir yaransın, çalış düzgün işlə. Uşağın mənə verdiyi cavab məni təəccübləndirdi. Uşaq mənə dedi:
- Yox, müəllim, düzgün işləməklə çoxlu pul qazanmaq olmur. Mən istəyirəm ki, mənim çoxlu pulum olsun. Ona görə də rüşvət almalıyam, haram qazanmaq lazımdır.
Uşağın düşüncəsinə bir qədər də nüfuz etmək üçün soruşdum:
- Bəs çoxlu pulun olsa, neyləyəcəksən?
- Çoxlu pulum olsa, bu məktəbi həyəti ilə birlikdə alacağam. Məktəbin binasını söküb, əvəzində burada və məktəbin həyətyanı sahəsində hündürmərtəbəli yaşayış binaları tikdirib satacağam. Beləliklə, pulumun miqdarını bir az da çoxaldacağam. Sonra isə xarici ölkələrin birində özümə villa və bir neçə obyekt alacağam.
Bir anlıq düşündüm: görəsən uşaqda belə bir fikrin formalaşmasında günahkar kimdir? Məktəb həmişə bizim üçün müqəddəs bir ocaq olub. Nə səbəbə müqəddəs olan bir çox şeylərin üstündən hal-hazırda “xətt çəkilib?” Cəmiyyətdə gedən müxtəlif proseslər istər-istəməz gənc nəslin düşüncəsinə, dünyagörüşünə öz təsirini göstərir. Gəlin hamımız bacardığımız səviyyədə yeniyetmələrin və gənclərin layiqli vətəndaş kimi yetişmələri üçün çalışaq. Bu sahədə yüksək vəzifəli məmurların üzərinə daha çox məsuliyyət düşür. Yəni, bəzi məmurlar öz vəzifələrinə məsuliyyətlə yanaşsalar, onlar haqqında cəmiyyətdə pis rəy formalaşmasa, bu cəmiyyətin gələcəkdə daha sağlam cəmiyyət olacağına inanmaq olar.
P.S. Bu çox geniş mövzudur. Qeyd etdiyim bir faktla oxucuları düşündürmək istəyirəm.

"Paralel.az"

0.023579835891724