Düşündürən məsələ - Fərhad Əsgərov
Bu mövzuda yazmaq istəməzdim. Çünki bəzi başlar məni başqa cür başa düşə bilər. Amma sonradan fikirləşdim ki, yazmaq lazımdır.
Yaxın günlərin söhbətidir. FB-də Murad Güliyevin paylaşdığı bir statusu oxudum. Onun yazdığını olduğu kimi qeyd edirəm:
“Mənə bir dəfə əl tutmuş adama ömür boyu minnətdar olar, heç zaman onu unutmaram.
Mən həmişə demişəm, yenə də təkrar edəcəm. Azərbaycanlıların mənfi cəhətlərindən biri odur ki, dünyanı onlara bağışla, 5 gündən sonra nəyinki unutmaq, bəzən hələ səni adam yerinə qoymayacaq qədər keyfiyyətə malikdirlər. Yaxşılardan irağ”.
Bu statusu oxuduqdan sonra xeyli düşündüm. Hələ gənclik illərindən indiyədək yüzlərlə insana etdiyim müxtəlif təmənnasız yaxşılıqlar gözümün önünə gəldi. Amma sonralar onların əksəriyyətinin mənə qarşı olan münasibətlərini də görmüşəm. İşləri düzələndən sonra yaxşılıq edən insanı heç tanımaq belə istəmirlər. Onu da deyim ki, mənə də yaxşılıq edən insanlar olub. Amma mən yaxşılıq edən insanları heç vaxt unutmamışam. Mənə yaxşılıq edən insanların bir neçəsi artıq dünyasını dəyişib, Allah onlara rəhmət eləsin. Həyatda yaşayanlara isə can sağlığı arzulayıram. Onu da deyim ki, zəmanəmizdə yaxşı, əməlisaleh insanlar az da olsa var. Etiraf edək ki, “çörəyi dizinin üstündə olan iriqırıqlar”, yaxşılığı unudanlar, başqasına pislik edənlər də yetərincədir. Mən bəzi insanlara demək istəyirəm ki: “Çalış yaxşılıq elə, əməlisaleh ol. Yaxşılıq edə bilmirsənsə, heç olmasa pislik etmə, kiminsə ayağının altından quyu qazma”.
Bu yazını yazarkən Sovet dövründə “Kirpi” jurnalında dərc edilmiş (şeirin müəllifinin adını unutmuşam) bir şeir də yadıma düşdü. Həmin şeirin bir bəndində şair yazır:
Yaxşılıq etdim mən naşıya,
Yamanlığı dəydi mənə.
Yamanlıq etdim ona,
Yüz dəfə baş əydi mənə.
Həqiqətən də belədir. Mən peşə fəaliyyətimlə əlaqədar işini günün tələbləri səviyyəsində qurmayan, vəzifəyə şəxsi qazanc mənbəyi kimi baxan, eləcə də neçə-neçə nöqsana yol verən məmuru yazılarımla tənqid etmişəm. Oxucu düşünməsin ki, mən kiməsə pislik etmişəm. Xeyr, mən həmin şəxslərə başa salmaq istəmişəm ki, həyatda dürüst olmalı, düzgün yol tutmaq lazımdır. Tənqid etdiyim məmur sonradan mənə hörmətlə yanaşıb. Elə hamısı. Əgər neqativ faktı bilib susmuşamsa, neqativ faktı törədən şəxs tərəfindən sayılmamışam. Düşündürən məsələdir, elə deyilmi?
Fərhad Əsgərov (Ramizoğlu),
yazıçı-jurnalist
P.S. Murad Güliyevin paylaşdığı statusdan sonra mən də bu statusu yazmalı oldum. Bu mənim yaradıcılığıma həm də stimul verdi. Sonralar bu mövzuda xatirələr, faktlar, mülahizələr rubrikası altında məqalə yazacağam. İnsanın ürəyini oxuyan, düzgün işləyənə qiymət verən, heç bir təmənna güdmədən yaxşılıq edən mərhum Muxtar Hüseynovu heç vaxt unutmuram. Allah Muxtar müəllimə rəhmət eləsin. O, Bakının Mərdəkan qəsəbəsindəki 181 nömrəli orta məktəbin direktoru vəzifəsində işləyib. Əsərimin baş qəhrəmanı Muxtar Hüseynov olacaq. Eləcə də 1983-cü ildən sonra jurnalistika fəaliyyətim dövründə mənə dayaq olmuş, mənə doğru yol göstərmiş jurnalistlərdən Şahin Səfərovu, Zemfira Məhərrəmlini, Akşin Kazımzadəni, Mirpaşa Miriyevi, Xudayət Həsənlini, Teymur Xaspoladovu, Şəmsiyyə Kərimovanı, Şükufə Tağızadəni, Rəhim Babayevi, Araz Qurbanovu, Sona Bəhrəlini, Malik Novruzovu hörmətlə yada salıram. İndi belə insanların sayı çox azdır. Onların mənə etdikləri yaxşılığı, göstərdiyi düzgün yolu heç vaxt unutmaram. Son illərdə mənə yaxşılıq edən yazıçı Əli bəy Azərini də hörmətlə yada salıram. Rusiyanın Krasnoyarsk vilayətində yaşayan həmyerlimiz yazıçı Xaliq Azadi də mənə yaxşılıq edən insanlardandır. Rusiyanın Moskva şəhərində nəşr olunan “Rossiyskaya literatura” jurnalında bədii əsərlərimin dərc olunmasının səbəbkarı məhz Xaliq Azadi oldu. Şair dostum Raqif Nazimoğlunun mənə verdiyi qiyməti, 50-ə yaxın məqalələrimin təsisçisi olduğu “Paklıq” qəzetində dərc etməsi də yadımdan çıxmayıb. 25 yaşım olarkən Bakının Əzizbəyov rayonunun birinci katibi Niyazi Nəcəfovun işlədiyim müəssisəyə zəng edib məni yanına çağırması, rayonun müxtəlif müəssisələrindən yazdığım məqalələrin qəzetlərdə dərc olunmasına görə mənə təşəkkür etməsi də yadımdan çıxmır. Allah Niyazi müəllimə rəhmət eləsin. Amma tanıdığım bəzi insanlara görə yaxşı söz deməyə dilim gəlmir.
Əziz oxucu! Bu mövzuda daha ətraflı yazacağam. Yazacağım əsər saytlarda, müəllifi olacağım kitabımda yer alacaq. Adlarını bu yazıda çəkmədiyim jurnalistlərlə, müxtəlif peşə sahibləri ilə olan xatirələrimi də sizinlə bölüşəcəyəm.
"Paralel.az"