İstəyirsən ləzginka oynayaq - Rövşən Kəbirli yazır...
Səbrlə oturub gözlədim ki, Zeynəb Xanlarova ətrafında sosşəbəkə bumu səngisin, sonra bu məsələyə münasibət bildirim. Məlum olduğu kimi Zeynəb xanımın Yeni ildə səhnəyə çıxmasına cəmiyyətdə münasibət birmənalı olmadı, Azərbaycanın brendlərindən olan, vaxtilə deputat mandatı da daşımış müğənnini az qala ölkənin problemlərinin baiskarı hesab edib sərt tənqid edənlər də oldu, sadəcə onun sənətini, səhnə mədəniyyətini əsas götürüb tərifləyənlər də. Tənqidçilərin arqumentlərindən biri də bu idi ki, niyə Zeynəb xanım sovetlər dönəmində “Qardaş olub Hayastan Azərbaycan” mahnısını oxuyub. Sanki müğənni bu mahnını oxumasaydı erməniyə qız verib, erməni qızını gəlini edən azərbaycanlı olmayacaqdı. Bu əsassız iddianı ortaya atanlar unudurlar ki, əvvəla SSRİ dönəminin şərtləri tam fərqli idi, ikincisi, Zeynəb hətta ermənilərin ən çox sevdiyi sənətkarlardan olub, amma siyasi yüklü mahnıların sözləri, musiqisi, müğənni seçimi partiya komitələri tərəfindən müəyyən edilirdi. Z. Xanlarova və qeyriləri ona təqdim olunanı oxumağa məcbur idi, əks təqdirdə nəinki səhnədən uzaqlaşdırılar hətta maddi mənbə kimi yararlandığı el şənliklərinə yaxın buraxılmazdı. Bir az fərqli formada elə indiki kimi. Zeynəb xanıma yanaşmada “millilik sancısı” tutanlara maraqlı bir hadəsini danışım.
Ötən əsrin 90-cı illərində rəhmətlik Xəlil Rza Ulutürk millətçilikdə ittiham olunaraq məhkəmə qarşısına çıxarılmışdı. “Qeyrət damarı” fontan vuran hakim Ulutürkə sual verib ki, niyə sən çıxışlarında, yazılarında erməni yazıçısı Silva Kaputyana xanım deyə müraciət etmisən?
Xəlil Rza üzünü hakimə tutur: Möhtərəm hakim o erməni qadını vaxtilə məni evinə qonaq çağırıb, ayağımı yuyub, ballı çay verib, gecə də qoynunda yatızdırıb. Bu qulluğu ancaq erməni xanım edərdi ki, o, da mənə qarşı onu edib.
Daha bir nüans. Z. Xanlarovanı dövr anlayışını unudaraq az qala erməni sevdalısı çıxaranlar niyə ermənilərlə savaş - açıq düşmənçilk başlayandan sonra belə, arvadı erməni olan birisinin uzun illər komitə sədri olmasına göz yumaraq susurdu, səssiz qalırdı...?
Xanlarovanı həm də deputat olarkən xalqın sosial problemlərini parlamentin tribunasından səsləndirməməkdə suçlayırlar. Məncə xalqın ağır güzaranını qabartmaq və böhrandan çıxmağın yolunu, cəmiyyətdə həmrəyliyə nail olmağın yolunu göstərmək tək deputat - müğənninin işi deyil, həm də və əsasən tanınmış ziyalıların, elm adamlarının borcudur.
Elm adamlarından və Zeynəb xanımı hakimiyyətin mütisi olmaqda suçlamaqdan söz düşmüşkən. Bu gün Azərbaycanda təxminən 45-50 akademik, bir o qədər də Akademiyanın müxbir üzvi, dəqiq deyə bilmərəm hardasa 3-4 min professor titulu daşıyanlar var. Təhqir deyil, görünəni odur ki, onları ancaq qarınları düşündürür, “mən salim olum, cümlə cahan batsa da batsın, nə işim var” prinsipsizliyilə başlarının milçəyini qoğurlar. Şəxsən mən hər dəfə əcnəbi alimlərinin şərlənərək saxta ittihamla zindana atılan Qubad İbadoğluna təsəlli məktublarını oxuyanda yuxarıda qeyd edilən təbəqənin əvəzinə xəcalət çəkirəm. O cameədə o qədər mütilik var ki, yığışıb ölkə başçısından həmkarlarının azad edilməsini xahiş etməyə cəsarətləri çatmır. Səbəb, bəziləri istisna əksəriyyətinin elm adına ortada heç nəyi yoxur. Biri “keçi niyə qoşa buynuzdur”, bir başqası “məlikməmməd nağılında mifoloji varlıq olan div surətinin marfoloji təhlili”, bir başqası “dozanqurdunun diyirlədiyi mal p..xunun qlobusa oxşarılığının məntiqi izahı” və .s gic-gic mövzuladan elmi iş müdafiə ediblər.
Yaxşı, hesab edək ki, Qubadoğlu məsələsində siyasi çalar var və guya alim - ziyalı da mollalar kimi siyasətə qarışmırlar. Bəs onlardan qat-qat səviyyəli, Avropada adından söz etdirən, elmi araşdırma və kəşfləri xaricdə uğurla tətbiq olunan Rafiq Əliyevə niyə haqq etdiyi elmi titulun verilməməsinə etiraz etmirsiniz? Adam 80 yaşını keçib, 20-25 ildir Akademiyanın müxbir üzvlüyündən həqiqi üzvü kimi doğal haqqına qovuşmaqdan məhrum edilib.
Xüsusilə alim - akademik təbəqə barədə əminliklə onu deyə bilərəm ki, yuxarıdan göstəriş gəlsə ki, yığışın "LƏZGİNKA" oynayın, vallah yaşa, başa baxmadan oynayarlar.
Odur ki, artisti qorxaqlıqda, hakimiyətə yarınmaqda ittiham etməzdən əvvəl, dönün bu ölkənin professor İdris Abbasovun doğru olaraq “AKADEMİKŞƏBƏKƏ” adlandırdığı elm ocağını təmsil edənlərə, şair və yazıçılarına baxın.
"Paralel.az"