Bu gün akademik Mehdi Mehdizadənin (1903-1984) anadan olduğu gündür
Yanvarın 5-i tanınmış ictimai xadim, Azərbaycan maarifinə 20 ildən çox yüksək bacarıq və böyük fədakarlıqla rəhbərlik etmiş, pedaqogika elminin görkəmli nümayəndəsi, SSRİ Pedaqoji Elmlər Akademiyasının təsisçilərindən biri, Əməkdar elm xadimi, akademik Mehdi Mehdizadənin (1903-1984) anadan olduğu gündür. TƏRTİB ETDİYİM "YENİ TƏHSİL, TƏRBİYƏ VƏ ELM ANTOLOGİYASI" KİTABIMI GÖRKƏMLİ MAARİF XADİMİ, AKADEMİK MEHDİ MEHDİZADƏNİN ƏZİZ XATİRƏSİNƏ İTHAF ETMİŞƏM. Professor Əbdül Əlizadənin (1932-2015) bu böyük alim və böyük şəxsiyyət haqqında yazdığı maraqlı fikirlərini oxucuların diqqətinə çatdırıram.
“Mehdi müəllim aram-aram danışırdı. Onun təmkinli səsi indi də xatirimdədir. Görüşlərimizin birində Mehdi müəllim Azərbaycan məktəbinin inkişaf yollarını təhlil edirdi. O, respublikanın qabaqcıl müəllimlərinin iş təcrübəsindən fərəhlə danışırdı. Ancaq Mehdi müəllimin fikrincə, psixologiya və pedaqogika hələ məktəb təcrübəsinə nüfuz etməyib. Təlim-tərbiyə prosesində özünü göstərən nöqsanlar da ilk növbədə məhz bu zəmində meydana çıxır. Bizim metodistlərimiz də, təəssüf ki, psixologiya və pedaqogikanın uğurlarından çox vaxt faydalana bilmirlər. Onların əsərlərində təsvirçilik meyili açıq-aşkar hiss olunur.
Mehdi müəllim psixologiya və pedaqogikanın məktəb təcrübəsi
üçün əhəmiyyətini həmişə qeyd edirdi. Ancaq bu görüşdə o, həmin
məsələlərdən xüsusi vurğu ilə danışırdı. Bu isə, görünür, səbəbsiz
deyildi. Mehdi müəllim UNESCO-nun maarif və mədəniyyət komissiyasına üzv seçilmişdi. Bu, təkcə akademik M. Mehdizadənin bir görkəmli alim kimi elmi nüfuzunun deyil, həm də Azərbaycan pedaqogikasının uğurlarının beynəlxalq səviyyədə təsdiq olunması idi. Mehdi müəllim UNESCO-nun nümayəndəsi kimi xaricdə olarkən bu ölkələrin maarif sistemini ətraflı öyrənir, məktəb təcrübəsinin uğurlarını hərtərəfli təhlil edirdi. Qəlbində, fikrində isə onu narahat edən doğma problemlər – Azərbaycan məktəbinin problemləri
hakim idi. Fikrən hər şeyi müqayisə edirdi. Hər dəfə də, bir alim-pedaqoq kimi, ona yaxşı tanış olan bir həqiqəti məktəb təcrübəsi axarında yenidən kəşf edirdi: xarici ölkələrdə təlim-tərbiyə işi psixologiya və pedaqogikanın uğurlarına söykənir.
Amerika məktəblərində psixoloji xidmətin az qala bir əsrlik tarixi
var. İngiltərə, Fransa, Almaniya, Yaponiya məktəbləri bir-birindən
nə qədər özgün xüsusiyyətlərlə seçilsələr də, bir vəsilədə bir-
birilərinə necə də oxşayırlar. Onların hamısı psixologiya və
pedaqogika elminin uğurlarına məharətlə arxalanır. Bizim
respublikamızda isə bu önəmli elmlərin imkanlarından səmərəli
istifadə olunmur. Psixoloqlarımız və pedaqoqlarımızı bu məsələ
xüsusi narahat etməlidir. Mehdi müəllimin bir obrazlı kəlamı indi də
yadımdadır. O deyirdi ki, psixologiya və pedaqogika müəllimin
qoşa qanadlarıdır. Müəllim bu bənzərsiz elmlərə yiyələnəndə əsl
tərbiyəçiyə çevrilir. Onun “Müasir dərs haqqında” məşhur məruzəsi
xüsusilə əlamətdardır. Biz inanırıq ki, bu qiymətli əsər Azərbaycan
psixoloji fikir salnaməsində də özünə layiqli yer tutacaqdır."
Millət vəkili Etibar Əliyev
"Paralel.az"