Falı soruşanda nə deyəcəksiniz? - Rövşən Kəbirli
Məlumdur ki, 7 fevaral seçki marafonuna xeyli sayda namizəd qoşulub. Fərdi qaydada namizədliyini irəli sürənlərlə işim yox. Hərçənd onlarında arasında aşağıda deyəcəklərimə uyğun gələnlər var. Söhbət partiya xətti ilə seçkiyə qatılanlardan gedir. Və bunlar o şəxslərdir ki, illərdir fəaliyyətdə olan prezdenti dəstəkləyib bugün də dəstəkləyir. Təsadüfi deyil ki, cəmiyyət onları doğru olaraq bəlli “avtobusun sərnişinləri” hesab edir. Adamdan soruşarlar ki, nə baş verib, ölkə rəhbərinin hansı siyasətindən narazısınız ki, onun kürsüsünə iddia edirsiniz, yaxud el məsəlində deyildiyi kimi: Bəy dediyin nədi, bəyənmədiyin nə? Sizi məcbur edirlərmi-inanmıram. Ədliyyə Nazirliyndə təkrar qeydiyyatdan keçməyə 5 min imza toplaya bilməyən partiya sədri seçkiyə hansı ümidlə qatılır? Vallahi ha vurdum böldüm, topladım-çıxdım bunların addımında bir məntiq tapamadım. Əgər bu namizəd bolluğu hakimiyyətin alt qatının beyninin “məhsuludursa” çox zay məhsuldur. Qarabağ zəfərinin müəllifi kimi Hakimiyyətinin pik nöqtəsini yaşayan ölkə rəhbərinə belə “kilkələr” heç lazım deyildi. Kənardan baxanlarda fikirləşər ki, gör bu prezident ölkədə nə qədər sevilmir ki, onu əvəzləmək üçün insanlar növbəyə durub. Məncə namizəd bolluğu İlham Əliyevin imicinə ziyandır ki, xeyri yoxdur. Lap tutaq ki, Məzi müəllimin göstərişiylə “JEK”-lər qeydiyyat üçün lazım olan o 50000 imzanı topladı. Bəs bu namizədlər seçkinin təbliğat-təşviqat mərhələsində, efirlərdə, seçicilərlə görüşdə nə deyəcəklər, ölkə başçısının idarəçilində nəyi tənqid edəcəklər ki, mən bundan daha yaxşısını etmək üçün prezident olmaq istəyirəm?!
Bilirsiniz kef nə vaxt olacaq? Deyim bilin: fevralın 7-si gecə saatlarında. Seçkinin nəticələri elan olunanda bəlli olacaq ki, “toyuq nəinki yumurtamayıb, üstəlik falda yoxdur” - Açması- qeydiyyat üçün yığılmış 50000 imza cəhənnəmə adam heç 5 min səs də qazanmayıb. Ölmüşdü Məzi hərənizə 50000 səs yazıb ümumi “katyol”a ziyan vura!
Əmin olduğum bir fikri deyim söhbəti yekunlaşdıraq: Səsvermə günü iddiaçı qismində ortaya atılmış partiya sədrlərindən soruşsanız ki, kimə səs verdiniz, deyəcəklər cənab prezident, Qarabağ zəfərinin memarı, Ali Baş Komandan İlham Əliyevə. Əslində onlar üçün ən doğru seçim də bu.
"Paralel.az"