Bu sistemi düzəltmək asan deyil... - dr. Aydın Əliyev
O zaman ki, sovet rusiyası Azərbaycanı işğal etdi, ermənilərin və içimizdəki-sapı özümüzdən olan baltaların-qorxaq və yaltaqların vasitəsilə ölkəmizdəki mərd, ağıllı, savadlı, cəsur, vətənpərvər insanları məhv etməyə başladı və demək olar ki, buna nail oldu, bütün düşünən beyinləri məhv etdi. Piyasada böyük bir yaltaq, qorxaq, riyakar kütlə qaldı və bu kütlə ölkəni idarə etməyə başladı, az-çox həyatı dərk edənlər isə özlərini qorumaq üçün susmağa məcbur oldu. Bu proses on illiklərlə davam etdi. Səhiyyədə, təhsildə və eləcə də digər sahələrdə böyük yaltaq, əyri və öz millətinə qənim kəsilən bir qövm formalaşdı. Yadımdadır, ilk test üsulu ilə biz tibb universitetinə qəbul olanda illərlə qəbul imtahanlarından kəsilən nə qədər yaşlı abituriyentlər də qəbul olmuşdu. Tibb universitetində o qədər kimlərinsə həyat yoldaşı, kimlərinsə bacısı, qohumu olan savadsız, tələbəyə düşmən gözü ilə baxan “müəllimlər” var idi ki, təəssüflər olsun ki, bu qəbildən olanlar hələ də var, eləcə də köhnə imtahan üsulu ilə rüşvət və tapşırıqla universitetə qəbul olan o qədər savadsız tələbələr var idi ki. İndi səhiyyənin və təhsilin bərbad durumunu görəndə başa düşürsən ki, bu səriştəsiz ordu kütləsi həmin o onilliklərin nəticəsidir. Bu sistemi düzəltmək asan deyil, ancaq mümkünsüz də deyil. Bu problemləri düzəltmək üçün polad iradə lazımdır! Həyatın inkişaf fəlsəfəsini başa düşənlər anlayır ki, bu prosesi düzəltmək üçün özünə çoxlu “düşmən” qazanacaqsan, fəqət illər sonra sənə rəhmət oxuyacaqlar. Təkamülü sürətləndirmək lazımdır. Müasir texnologiya buna imkan verir. Yoxsa ki, bu gedişlə inkişafa nail olmaq mümkün deyil. Zəkalı gənclər sürətlə ölkəni tərk edir, bu faciədir! Bir ölkə yalnız və yalnız ağıllı başlarla, sözünü deyən, qürurlu, dikbaş gənclərlə inkişaf edir! Yaltaqlarla, qorxaqlarla, riyakarlarla deyil!
"Paralel.az"