Təhsilimizi talayan məmurlara "dur", - deyən tapılacaqmı?.. – ARAŞDIRMA

Təhsilimizi talayan məmurlara
 

"Təhsil millətin gələcəyidir" - Ümummilli Lider Heydər Əliyev

“Müəllimlər çox işləyir və çox az alırlar”- düz 200 yüz il bundan öncə Polşa alim-filosofu Tadeuş Kotarbinskiy tərəfindən deyilmiş bu fikir bugün də öz aktuallığını itirməyib. Təhsil hər bir xalqın, o cümlədən Azərbaycan xalqının ən vacib inkişaf mənbəyidir…

M. Mərdanovun gedişindən sonra təhsilimizin başına gətirilən nazirlərdən heç biri yadda qalmadı. Pedaqoji təhsilə malik olduğuna görə, Emin Əmrullayevdən gözləntilər çox olsa da, hələ ki, ümidləri doğruldacaq heç bir təşəbbüs hiss olunmur.

Emin Əmrullayev 743 müəllimin sertifikasiya imtahanından keçə bilməməsi səbəbilə əmək müqavilələrinə xitam verilməsi, ictimaiyyətin təzyiqindən sonra onlara bir il möhlət verilməsilə yaddaşıma yazıldı və dediklərimizi təsdiq etdi. İllərlə ali təhsil ocaqlarında bilik alan müəllimin yenidən test edilməsi, biliklərinin yoxlanılması indiyədək hansı inkişaf etmiş dövlətdə tətbiq olunub və bu, hansı məntiqə sığır? Bu prosesin müəllimlərin bilik və bacarıqlarının güclənməsilə bağlı olduğunu düşünmək çətindir. Rüşvətin tüğyan etdiyi ölkədə müəllimlərin rüşvətsiz sertifikasiyadan keçməsini təsəvvür etmək də asan məsələ deyil.

Əgər belədirsə, deməli ya ali təhsil ocağı müəllim üçün kifayət olan bilikləri aşılamayıb, ya da “gələcək” müəllim üzərinə düşənlərə başdan sovdu yanaşıb. Bütün hallarda, “günah keçisi” olmaq yalnız müəllimin payına düşür. Halbuki, ali təhsil müəssisələrinin borcu cəmiyyətə savadlı, bilikli, yorulmaz, ləyaqətli müəllim kadrları təqdim etməkdir. Bəs görəsən, sertifikasiyadan keçməyən, müəllimlik peşəsinə yaramayan 743 müəllimə diplom vermiş ali və orta təhsil müəssisələrinin məsuliyyət məsələsi necə müəyyən olunub?! Deyəsən, bu məsələ nazirliyin yadından çıxıb?!..

Bu yazıda əslində 2023-cü il üçün dövlət büdcəsindən (1.1.1.32, 1.1.1.33 maddələr üzrə) təsnifata uyğun, təkcə xidmət sahəsi üzrə Elm və Təhsil nazirliyinə ayrılmış milyonlarla manatdan bəhs edəcəkdik. Amma müəllim adı gələndə istər-istəməz dərinliklərə baş vurmalı olursan…

Yuxarıda vurğuladığımız kimi, 2023-cü il üçün xidmət üzrə Elm və Təhsil nazirliyinə 27 milyon 150 min manat pul ayrılmışdır. Qəribədir ki, bu qədər vəsaitin hara və necə xərcləndiyinin hesabatını kimsə aparmayıb! Görən bu puldan ən ucqar bölgəmizin ən ucqar kənd məktəbinin laboratoriyasında hansı sınaqlar keçirilib? Bəlkə keçirilib və indiyədək elmə məlum olmayan yeni ixtiralardan xəbərimiz yoxdu? Təbii ku, bu cür suallar çoxdu və cavabların başında dayanan E. Əmrullayevə ünvanlanacaq o qədər suallar var ki…

Belə də deyə bilərik ki, müxtəlif sahələr üzrə ayrılan pulların hesabını vermək barədə nazirliyin öhdəliyi yoxdu. Əstəğfürullah, razıyıq, bəs onda il boyunca təhsilimizdə (bütün kateqoriyalar nəzərdə tutulur) hansı yeniliklər oldu, hansı tələbəmizin, şagirdimizin, alimimizin əldə etdiyi nailiyyətlərdən ağızdolusu danışmışıq və ya belə uğurlar varsa, hansılardır? Əlbəttə, bu haqda danışmağın mənasız hesab edirik, çünki necə deyərlər, kənardan görünən kəndə nə bələdçi…

Elm və təhsildə şəffaflığın təmin olunmasını sübut etmək üçün bu sahəyə hər il dövlət büdcəsindən ayrılan vəsaitlərin hesabatını vermək Elm və Təhsil nazirinin vəzifə borcu olduğunu xatırlatmağa ehtiyac varmı? Əgər borcu xatırlatmağa ehtiyac yoxdursa, bəs nə üçün nazir Emin Əmrullayev 2023-cü ildə təhsilə xərclənmiş 27 milyon 150 min manat pulun hesabatını vermədi?! Axı büdcədən ayrılan bu pulun sahibi olan xalq pulun hara, nəyə və necə xərcləndiyini şəffaf şəkildə bilməlidir! 2023-cü il yekunlaşıb, amma Azərbaycanda təhsilə ayrılmış pulun xərclənməsi barədə nazirin hesabatı yoxdur, niyə?!

Bu yazıda Elm və Təhsil nazirliyinin əhatə etdiyi bir sahə üzrə büdcədən ayrılan, nisbətən az vəsaitin qeyri-şəffaf xərclənməsindən bir az bəhs etdik. Dərin araşdırma aparsaq, Elm və Təhsil nazirliyinin digər sahələri üzrə ayrılan büdcə pullarının başına gətirilən talan və “talançılığın” çox böyük mənimsəmələrə səbəb olduğunu aşkar edə bilərik. Əslində, bu araşdırmaları hələ tam bitirməmişik və nazir Emin Əmrullayevdən cavab gözləyirik...

Əgər ET naziri Emin Əmrullayev 2023-cü ildə təhsilə xərclənmiş 27 milyon 150 min manat pulun hesabatını şəffaf şəkildə verməsə, bu məbləğ pulu mənimsənilmiş hesab edəcəyik və xalqa mənimsəmənin mexanizmini açıqlayacağıq...

Tapdıq Abbas

Qarabağ müharibə veteranı, Pedaqoji fəlsəfə doktoru, "Əməkdar mədəniyyət işçisi", "Azad Jurnalistlər Təşkilatı" İB-in sədri, Qarabağ Komitəsi İH-nin üzvü...

 

0.018386125564575