Baş prokurorluğun şikayətlərə qadağasının yeni metodu

Baş prokurorluğun şikayətlərə qadağasının yeni metodu
 

161 yarım saatlıq gözləmədən sonra “xəttin məşğul olduğunu” bildirir, 961 “nağıl danışır”

Artıq ilin son günləridir. Bu ilin əvvəlində pensiyamın düz hesablanmamasından şikayətimə cavab olaraq DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ( XŞTMF) direktoru Şahin Əliyev 26.01.2023 tarixli, onun müavini Elnur Qurbanov 22.02.2023 tarixli məktublarla pensiyamın məhkəmə qərarı ilə əlavə olunan 110 manatla birlikdə düz hesablandığını və 30 gün müddətində məhkəməyə müraciət etmək hüququmun olduğunu  bildiriblər.  Məhkəməyə müraciət edəndə isə Bakı İnzibati Məhkəməsi (hakim Bəhlul Cəlalov) martda iddianı icraata götürüb, apreldə cavabdeh XŞTMF pensiyaya 6 il qabaq 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı 1 BİİM-in qərarı ilə əlavə olunan 110 manatı kəsib, köhnə tarixə pensiyanı daha 138.79 manat azaldıb. İndi 10-cu aydır bu mənimsəmə, korrupsiya faktına, cinayətkar saxtalığa, məhkəməyə, Konstitusiyaya hörmətsizliyə son qoyulmur. Özbaşınalıq o həddə çatıb ki, hətta məhkəmə qərarının özü belə gizlədilir! Halbuki iş üzrə cavabdeh-borclu elə DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialıdır və məhkəməyə də bu qərarı elə cavabdeh özü təqdim edib ki, bizim aramızda qanuni qüvvəyə minmiş məhkəmə qərarı var. Hakim Bəhlul Cəlalov da bu 05.07.2017 tarixli qərarı əsas tutub, iddianı mümkün saymayıb. Yeni iddianın predmetinin ayrı olduğunu bir qırağa qoyaq, axı məhkəmə də, hakim də PA-dan, MHŞ-dan, baş prokurorluqdan və b. daxil olan şikayətlər əsasında bilir ki, cavabdeh-borclu 01.04.2023-cü ildən 6 il qabaqkı məhkəmə qərarını “LƏĞV EDİB”, icranı dələduzluqla dayandırıb. Hətta Bakı İnzibati Məhkəməsinin hakimi Günel Sevdimalıyeva 5 ay borclu DSMF-in XŞTMF-sindən məhkəmə qərarının icrasını TƏLƏB EDİB, 13.11.2023-cü ildə isə yazıb ki, qərar icra olunub.(?)

Bunları vurğulamaqla cinayətkar özbaşınalığın məhkəmə səviyyəsində sürməsinə diqqəti yönəltmək amacı güdürük. Özbaşınalığa baxın, məhkəmə qərarını 6 ildən sonra borclu “ləğv edib”, icranı dayandırır, heç belə qərarın olmadığını nazir müavini Anar Kərimov, ƏƏSMN Aparatının rəhbəri Fuad Musayev, DSMF-in pensiya təminatı departamentinin müdiri Eyvaz İsmayılov elə ilin son ayında, son günündə göndərdikləri məktublarla bildirir, amma məhkəmə bu “ləğv edilən” qərar əsasında iddianı mümkün saymır.(?) Budur dövlətin məhkəmə-hüquq , sosial təminat siyasəti?

Gözləmək olardı ki, baş prokurorluq fakta hüquq qiyməti verər. Di gəl, 11.12.2023-cü ildə 161 xətti ilə 961 xəttinin şikayəti bir-birinə ötürüb qeydə almaqdan imtinası 1-ci dərəcəli Qarabağ əlilinin pensiyasının bu il bərpa olunmayacağını qətiləşdirib. Düzdür, media işə qarışandan sonra şikayətin nəzarətə götürüldüyü , baxılacağı bildirilsə də, 20 gündür adi izahat belə alınmayıb. Amma şikayət obyektindən şantajlar, məhkəmə qərarının görməzliyə vurulması “izahları” gəlməkdədir. Odur ki, 29.12.2023-cü ildə 161 korrupsiyaya qarşı telefon xidmətinə zəng etdim. Yarım saatlıq “qaynar” növbədə gözləyəndən sonra, “bütün xətlərin məşğul olduğu” bildirildi. 961 çağrı xidməti anında zəngi götürdü, amma qeydə almaqdan imtina etdi ki, prokurorluğa aidliyi yoxdur. Özünü Kamran Ağayev kimi təqdim edən növbətçi , baş prokuror adaşına şikayət etmək barədə xəbərdarlığa da önəm vermədi. Yarım saatlıq çənə-boğaz bir sonuc vermədiyindən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təşkilat və informasiya təminatı idarəsinin böyük prokuroruna ( adını açıqlamaq etik normalara zidd olmasa da, xanım olduğundan vurğulamıram) şikayət etdim və eyni cavabı aldım ki, araşdırma gedir. Bəs 9 aydır şikayət edilir, son 20 gündə 5 dəfə şikayətim qeydə alınıb, niyə bir dəfə də olsun izahatım alınmayıb?

Görünür, baş prokurorluğun “qaynar xətt” bağlantı mərkəzlərinin şikayətləri qəbul etməkdən imtinasının yeni-yeni metodları tətbiq olunur. Prokurorluğun əsas görəvi isə qanunların icrasına və tətbiqinə nəzarət etməkdir. Şikayət isə “Əmək pensiyaları haqqında” qanunun düz tətbiq olunmamasından, hətta məhkəmə qərarı ilə tətbiq olunan əlavənin kəsilməsindən, məhkəmə qərarının görməzliyə vurulmasından, gizlədilməsindəndir. 9 ayda dövlətin adından çıxarılan məhkəmə qərarını tətbiq etdirə bilməyən dövlətdən, onun hüquq, məhkəmə orqanından nəsə gözləməyə dəyər?

Məğrur Bədəlsoy

P.S. 1 BİİM-in 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı qərarı əlavə olunur.

 

0.034745216369629