"Gəncə Dövlət Universitetinin rektoru bazar açıb" - Şikayət
Gəncə Dövlət Universitetindən gələn şikayətlərin arası kəsilmir. Tədbir görən yoxdur.
Çünki həmin Universitetə Yusif Yusifov rektor təyin olunandan sonra bu təhsil ocağında işlər tam tərsinə gedir.
Təbii ki, Universitetin müəyyən muxtar hüququ var. Amma baxır hansı sahədə? Dərd burasıdır ki, digər Universitetlərdən fərqli olaraq, GDU-da muxtariyyət başqa istiqamətdə istifadə edilir.
Rektor Yusif Yusifovun keyfinin ağası olmadığından o da Universitetdə bacardığı oyunları oynayır. Universitetin professor-müəllim heyəti də qalıb mat-məəttəl ki, hamı fikirləşir ki, belə də rektor olar?!
Sözün qısası, rektor Universiteti dədəsinin mülki kimi, özünə məxsus olan şəxsi təsərrüfat kimi işlədir. Məsələn, Universitetin inzibati təsərrüfat işləri üzrə prorektoru Fəxrəddin Həsənov bir gün də olsa, pedaqoji işlə məşğul olmadığı halda, Yusif Yusifovun köməyilə “Qabaqcıl təhsil işçisi” döş nişanı və "Əməkdar müəllim" adı almasına.
İllərlə bu Universitetdə can qoyan professorlar, dosentlər, lap elə sıravi müəllimlər qalıb bir qıraqda, ömrü boyu tikintidən başqa bir sahə tanımayan adam bu titula layiq görülürsə, daha Universitetdə gedən proseslərə əlavə şərhə ehtiyac qalmır. Çünki Fəxrəddin Həsənov sökmə, tikmə, təmir məsələlərində çox pərgardır.
Rektor Yusif müəllimin şəxsi kriteriyalarına uyğunluq baxımından əla kadr hesab olunur. Ona görə də pedaqoji işlərlə məşğul olmağa, dərs demək üçün müəllim olmağa ehtiyac qalmır.
Fəxrəddin "müəllim" də rektorun ümidlərini yaxşı doğruldur. Yusif müəllim gələndən elə hey sökür, tikir, təmir edir, vəsaitləri sağa-sola fırlada bilir. Bir tikiləni bir də tikmək, təmiri təmir üstünə təşkil etməkdən asan yol olmadığından nəticənin necə olacağı da aydındır.
Universitetdə ən çətin həll olunan məsələ odur ki, bu Universitetdə, digərlərindən fərqli olaraq professor-müəllim heyətinin maaşı bir yerdə dayanıb durub. Çünki Fəxrəddin Həsənovun sehrli malası olan qalan vəsiyyəti suvağa çevirib, vurur divarlara, rəngə çevirib bəzək edir.
Dosentlərin maaşı 700 manat, müəllimlərin maaşı 380 manatdan yuxarı qalxmadığı halda, Yusif müəllimin katibəsinin, köməkçisinin maaşları kifayət qədər sürətlə və xeyli məbləğ artır. Anası ölmüş müəllimlər də qalır baxa-baxa.
Universitetdə həll olunmasına ciddi ehtiyac olan ən vacib məsələlərdən biri də bu ali təhsil ocağında əlaçı tələbənin olmamasıdır. Burada təhsil, savad önəmli deyildir. İmtahan zamanı baş yox, başqa şeylər tələb olunduğundan savadlı tələbələr də əlaçı olmaq arzularını Yusif müəllimin obyektlərinin fundamentində dəfn etmək zorunda qalıblar.
Dördüncü məsələ də kifayət qədər müəmmalıdır. İmtahanlara 4-5 ay qalmış Yusif müəllim müəllimlərə tapşırır ki, imtahanda istifadə olunacaq testləri hazırlayıb kafedraya təqdim etsinlər.
Birdən fikirləşərsiniz ki bunun nəyi pisdir? Əslində pis deyil. Pis olan həmin işin arxasında duran niyyətdir. Niyyət də bundan ibarətdir ki, testlər və onların cavabları oxumayan, dərsə gəlməyən tələbələrə ötürülür və onlar da imtahanları “müvəffəqiyyətlə” verirlər. Odur ki belə imkandan ancaq savadsız və oxumaq istəməyən tələbələr yararlanır, oxuyanların isə qiyməti aşağı düşməkdə davam edir.
İmtahan nəticələrini yoxlamaq da dərs deyən müəllimlərə yox, rektorin “qara kassasının” məsləhət bildiyi, ləbbeyk deyən şəxslərə tapşırılır.
Bunu nəzərə alan tələblər də ironiya ilə oxuduqları Universiteti Gəncə Dövlət Universiteti yox, Gəncə Bazar Universiteti adlandırırlar.
Universitetdə başqa, digər həllini gözləyən məsələ ondan ibarətdir ki, GDU-da tələbəni aylığa buraxma çox dəbdir. Məsələn, magistraturada təhsil alan tələbələr 700-800 manat verməklə aylığa buraxılır, tələbdən alınan vəsait dekanla rektor arasında bölünür.
Adının çəkilməsini istəməyən (təqibdən qorunan) magistrlərə dərs deyən müəllimlərdən biri deyir ki, qrupda olan 4 tələbədən 3-ü aylığa buraxılıb, mən 1 nəfələ dərs keçirəm.
Elektron poçta gələn məktub eyni zamanda ölkə başçısına, Təhsil nazirinə, Yusif Yusifovun qardaşı, Maliyyə Nazirliyinin Aparat rəhbəri Cavanşir Yusifova da göndərilib. Amma rektor Yusif Yusifov barədə tədbir görən yoxdur.
Çünki Elm və Təhsil naziri Emin Əmrullayev yerində deyil. GDU-da bu qədər yoxlayıb, yoluna qoymaq halları olmasına baxmayaraq, nazir Universitetdə baş verənləri araşdırıb, tədbir görmür, nazirliyə aid olan üçüncü, dördüncü dərəcəli məsələlərlə məşğuldur.
Əlqərəz, professor-müəllim heyətinin təbirincə desək, Yusif müəllim GDU-da əməlli-başlı bazar açıb. Bu adam təzə rektor təyin olunanda əməlinə görə bir müəllimənin əri tərəfindən əzişdirildikdən sonra indi özünə “telexronitel” də saxlayır.
Təbii ki, bəzi işlər rektorluq olmasa da, yoluna qoyanlar var. Rektor daha böyük işlərlə məşğul olduğundan “qara” işləri həvalə edib “öz adamına”. O da elə səliqəli işləyir ki, gəl görəsən.
Yadınızdadırsa, Yusif müəllimdən əvvəlki rektor Yadigar müəllim Universitetin həyətini satmışdı və orada kafe tikilirdi. Buna etiraz edərək ayağa qalxan professor-müəllim heyətinin təkidli tələbi ilə Yadigar müəllim vəzifədən uzaqlaşdırıldı. Rektor Yusif Yusifov həmin sahəni satıb. Kafe də tikilir. Amma ona bu işə görə, kimsə dillənib bir söz demir. Bilirsiniz niyə? Çünki qardaşı Cavanşir Yusifov Maliyyə Nazirliyində aparat rəhbəridir. Yəni, demək istəyirik ki, kim xəzinəyə rəhbərlik edirsə, söz sahibi də odur.
Bu hələ bildiklərimizin yüzdə biridir, desək, səhv etmərik. Siz də yanılmayın, dəyərli oxucular.
Yanılıb Gəncə Dövlət Universiteti desəniz, əziz gəncəlilər, sizdən inciyərlər. Çalışın ki, Gəncəbazar Universiteti adını yadınızdan çıxarmayın…
Bizi izləyin…
P. S. Şikayət məktubu elektron poçtla GDU-nun bir qrup professor və müəllim heyəti tərəfindən göndərilib