Nəinki ölkəmizdə, Cənubi Qafqazda yeni bir dövr başlanır

Nəinki ölkəmizdə, Cənubi Qafqazda yeni bir dövr başlanır
 

“Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi, xalqımızın çoxəsrlik tarixinin ən böyük nailiyyətlərindən biridir. Bu mənada Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirilən oyun sadə idman hadisəsi deyil, böyük mənəvi-psixoloji, eyni zamanda ideoloji əhəmiyyəti olan tarixi hadisədir”. 

Bu fikirləri deputat Soltan Məmmədov deyib. 

Deputat bildirib ki, 2020-ci ildə Vətən müharibəsində qazanılmış qələbə regionda yeni reallıqlar yaratmaqla yanaşı, Azərbaycanın bir dövlət olaraq gücünü, ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu ilin sentyabrında keçirilmiş antiterror tədbirlərinin nəticələri bir daha göstərdi ki, Azərbaycan dövləti öz qarşısında duran bütün hədəflərə nail olmaq imkanına malikdir: “Vətən müharibəsindən sonra Azərbaycan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsi üçün Ermənistan tərəfinə dəfələrlə çağırışlar etdi. Bütün məsələlərin danışıqlar yolu ilə həll edilməsi üçün ardıcıl təşəbbüslər irəli sürdü. Lakin Ermənistan hökuməti, eləcə də separatçı xunta rejimi bu çağırışları düzgün qiymətləndirə bilmədi. Cənab Prezident də öz çıxışlarında dəfələrlə vurğulamışdı ki, biz istənilən halda qarşımızda duran hədəflərə nail olacağıq”.

Millət vəkili qeyd edib ki, bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işlərinin miqyası xalqımızın iradəsi, dövlətimizin gücünün miqyası haqqında dünyaya çox aydın mesajlar verir. Azad olunmuş ərazilərdə əhalinin məskunlaşması və insanların rahat yaşaması üçün bütün imkanlar yaradılır: “Azərbaycan 30 il ərzində Ermənistanın xarabalığa çevirdiyi ərazilərdə indi yaşıl enerji zonası yaradır. Bu, nəinki bizim ölkəmizin, bütövlükdə Cənubi Qafqazın tarixində yeni bir dövrün başlanması deməkdir. Azərbaycan müharibə dövründə dinc əhalinin zərər görməməsini təmin edən unikal hərbi əməliyyatlar keçirdi və bununla bütün dünyaya nümunə göstərdi”. 

S.Məmmədov vurğulayıb ki, Qarabağın işğaldan azad azad olunması böyük tarixi hadisədir və Ermənistanın öz ordusu haqqında uzun illər ərzində formalaşdırdığı mifi darmadağın edib: “Azərbaycan əsgəri 30 il ərzində qurulmuş çox güclü istehkamları keçməyə müvəffəq oldu, yüngül silahlarla Şuşa kimi strateji əhəmiyyətə malik bir şəhəri azad etdi. Hərbi strategiyası, döyüş ruhu, cəsarəti ilə dünyaya nümunə göstərdi. Bu gün isə işğaldan azad edilmiş ərazilərdə görülən işlərlə daha bir unikal nümunəyə imza atır”.

 

0.016039133071899