Xocalının açılmayan səhəri! - Akif Mirsiyaboğlu yazır 

Xocalının açılmayan səhəri! - Akif Mirsiyaboğlu yazır 
 

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri , MDB - nin Xankəndi şəhərində dislokasiya olunmuş 366 - cı motoatıcı alayın şəxsi heyətinin bir hissəsi və alaya məxsus zirehli texnika ilə 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdilər. Mühasirədə qaldığı dörd aydan artıq müddət ərzində əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyildir . (Xocalının işğalına dair istintaq materiallarından)

Sərt gəldi fevralın iyirmi altısı ,
Al qana qərq oldu bulaqlarda su,
Qəfildən quruldu bir yurdun yası,
Bir kəsə çatmadı səsin Xocalı!

İllər keçsədə faciənin vurduğu yaralar sağalmır.Zaman bütün dərdlərin dərmanıdır deyilsədə, üstündən az qala otuz bir il keçsədə, həmin anları unutmaq, həyəcansız, ürək ağrısı keçirmədən xatırlamaq mümkün olmur .Təpədən dırnağadək silahlanmış erməni daşnak dəstələri, havadarlarını təmsil edən, bədnam 366 – cı motoatıcı alayın zirehli texnikasının və canlı qüvvəsinin iştirakı ilə 26 fevral 1992 – ci ildə Xocalı şəhərinə xaincəsinə hücum etdilər.Şəhərin yüngül atıcı silahlara təhciz olunmuş azsaylı müdafiəçiləri qeyri bərabər döyüşdə həyatlarını qurban versələrdə, şəhəri qoruyub saxlaya bilmədilər. Səhərə yaxın son atəş nöqtələri susdurulduqdan sonra, düşmən Xocalı şəhərinə daxil oldu. Münaqişə başlayandan ermənilərin qorxulu kabusuna çevrilmiş şəhər, artıq erməni daşnaklarının əlinə keçmişdi. Azğınlaşmış ermənilər nəinki şəhərdə qalan mülki əhaliyə divan tutdular, hətta qarlı şaxtalı qış günündə meşələrə səpələnmiş silahsız, ac, yarıçılpaq vəziyyətdə olan, Qarqar çayının buzlu sularından keçərkən islanaraq, əl ayağını don vurmuş Xocalıların keçə biləcəyi yollarda pusqu qurmuş , insan ovuna çıxmışdılar. Tutulan insanları qarət edir , hədsiz işgəncələr verərək öldürürdülər. Dinc sakinlərə qarşı sonradan əsrin faciəsi adı verilmiş, qandondurucu dəhşətlər yaşanan soyqırım hadisəsi törədildi .Səhər açılanda Əsgəran ,Şelli və Gülablı istiqamətlərindən muhasirəni yararaq Ağdama üz tutmuş , möcüzə nəticəsində sağ qalmış insanları qarşılayırdıq. Mövcud hakimiyyət Xocalı sakinlərini yalan vədlərlə aldadaraq, son ana qədər rəsmi Bakının köməyinə ümid edərək şəhəri tərk etməyən insanları, düşmənlə qeyri bərabər döyüşdə taleyin ümidinə buraxaraq həyatlarını, sağlamlıqlarını itirməyə düçar etdilər , indidə Ağdamda kifayət qədər hərbi texnika, canlı qüvvə olsada, dəstələrlə meşələrə səpələnmiş bu zavallı köməksiz insanların xilası üçün zəruri addım atmadılar. Həmin ərəfədə kifayət edəcək qədər olan canlı qüvvəni vahid komandanlıq altında səfərbər edərək əks hücumla Xocalını azad etmək, meşələrdə köməksiz vəziyyətdə qalan insanları xilas etmək əvəzinə , kreslo uğrunda savaşa girişdilər. Ilk döyüşə atılanlar isə sırf könüllülük əsasında, yəni ermənilərin silahsız insanlara qarşı törətdiyi vəhşiliklərə biganə qala bilməyən Ağdamda olan döyüşçülərin müəyyən qismi və mühasirəni yararaq çıxa bilən Xocalılar idi. Səhər tezdən Qara qaya istiqamətindən Ağdama keçmək istəyən Xocalılar, Naxçıvanik ferması yaxınlığında mühasirəyə düşmüş, onlardan bir hissəsi xilas ola bilsədə , xeyli insan qəfləti açılmış atəşlə qətlə yetirilmiş, bəziləri isə erməni mühasirəsində qalmışdı. Onların xilas edilməsi üçün Qara qaya ətrafında qızğın döyüş gedirdi. Həmin döyüşlərdə yaralı və şəhidlərimiz olsada , xeyli insan xilas edildi.Xocalını işğal edən ermənilər həmin axşam ilk dəfə Ağdam şəhərini raket atəşinə tutaraq, xeyli itki və dağıntılara yol açdılar. Məqsədlərinin tək Dağlıq Qarabağ olmadığını açıq şəkildə ortaya qoysalarda, bundan lazımi nəticə çıxarılmadı və Ağdamın süqutu ilə nəticələndi. Münaqişə başlayanda bunu Dağlıq Qarabağda yaşayan azərbaycanlı əhali ilə ermənilərin davası, bir qədər sonra isə Ağdam - Əsgəran Tərtər - Ağdərə, Ağcabədi - Martuni və s. qarçıdurması kimi qəbul edən hakimiyyət, tədricən ölkənin elan olunmamış Ermənistan - Azərbaycan müharibəsinə sürükləndiyini anladılar. Ilk gündən bu sadə, acı həqiqəti anlasaydılar, bəlkədə bu miqyasda itkilər verilməz, torpaqlarımız işğala məruz qalmazdı.

Qarlı bir qış gecəsində,
Ucaldı fəryad, səsində.
Duyan olmadı səsin də.
Gör kimlər keçdi canından?
Sən bir soruş Xocalımdan.

Güllə yağış kimi yağdı.
Körpələrin səsin boğdu.
İndi də ürəkdə dağdı.
Nələr iz qoydu qanından?
Sən bir soruş Xocalımdan.

Bundan bir neçə gün sonra isə Əsgəran postundan əsirlərin dəyişdirlməsi prosesi başlandı.Yenədə hakimiyyət tərəfindən bu iş aidiyyəti dövlət orqanları səviyyəsində təşkil olunmadığı üçün Ağdamdan Allahverdi Bağırovun, Əsgəranlı Vitalik Balasanyanla şəxsi münasibətləri zəminində bu prosess baş tutdu və xeyli insan əsirlikdən azad olundu, cəsədlər qaytarıldı. Əsirlikdən xilas olanların qısa müddətdə çəkdikləri məşəqqətlər onları tanınmaz hala salmışdı.Ölüm kölgəsi hələdə uzlərindən silinməmişdi.Cəsədlər isə tanınmaz hala salınmış, bundan da çox dəhşətli dərəcədə, sözlə ifadə olunmayacaq bir halda idi. Nəinki dirilərə, hətta ölülərə də erməni faşistləri işgəncələr vermiş, əzalarını kəsmiş, yandırmış, meyidlər uzərində digər təhqiredici hərəkətlərə əl atmışdılar.
Faciədən bir neçə gün sonra böyük qardaşım Tofiq Hüseynovun şəhid olması xəbərini alsam da, ata - anamin, qardaşım Bakirin, bacım Qətıbənin, gəlinimiz Məxmərin son taleyindən hələdə xəbərsiz idim .Gecəm gündüzüm yox idi. Nə qədər çalışsamda heç bir məlumat əldə edə bilmirdim. Xocalıdan çıxandan sonra 15 nəfərə qədər yaxın qohumun məskunlaşdığı Agcabədi rayonu Hindarx kəndində Marış nənəmizin evinin zirzəmisində 2 nəfər əsir, erməni qulduru saxlayırdım. Məqsədim bunlari əsir və girovlarımızla dəyişmək idi.Bir aya yaxın vaxt keçsədə nə Tofiqin cəsədini ala bilmişdim , nədə itkin düçənlərimin taleyindən bir xəbər tuta bilməmişdim.
O,zamanlar əsir və girovların dəyişdirilməsi ilə məşğul olan Allahverdi Bağırovun, əməliyyat və istintaq qrupunun tərkibində Stenakertdə işləyən Saşa adlı rus zabitinin, Fizuli rayonu Yuxarı Yağlıvənd kəndində Seyid Əhədin, Laçının milis rəisi Akif Səlimovun, Gürcüstanın Laqodexi bölgəsindən Ermənistana göndərdiyim Mişa adlı erməni əsilli gürcünün gördükləri tədbirlərdə səmərə verməmişdi .Saxladığım erməni əsirlərindən birini Əsgəran postunda, əsir götürülmüş Xocalı sakinləri ilə dəyişdik. Ona qardaşım Bakiri axtarıb tapmasını tapşıraraq ikinci əsiri, Şurik adlı ermənini yalnız onunla dəyişəcəyimi bildirdim .Əsgəran postunda bizimlə görüşə gəlmiş Şurikin qohumlarına qardaşım Bakirin sağ olmasını və Stepanakert şəhərində, vaxtı ilə işlədiyim milis şöbəsinin təcridxanasında saxlanması məlumatını çatdırdım.Və yenədə Şuriki yalnız onunla dəyişəcəyimi bildirdim. Bununla bağlı o, zamanlar baş verən müəmmalı hadisələrin, neqativ halların üzərindən, çəhidlərimizin müqəddəs ruhuna hörmət əlaməti olaraq sükutla keçirəm.Görülən tədbirlərin səmərə vermədiyini, qardaşım Bakir tapılmadığı üçün, həyatımı təhlükəyə ataraq saxladığım Şuriki ermənilərə verib, əsirlikdə əziyyət çəkən hər an ölüm təhlükəsi ilə üzbəüz olan, kiçik dayım Qudrət müəllimdə daxil olmaqla 30 nəfərə yaxın əsirimizi dəyişərək, intizarla yol gözləyən yaxınlarına qaytardıq .
Xocalı soyqırımında atam, anam, bacım, gəlinimiz Məxmər itkin düşdü. Xocalı faciəsində kəndi tərk etməyən Əzizovlar nəslinin dörd övladı və onların oğul qızları hədsiz əzablara düçar oldular.
Xalam Zeynəb hadisə gecəsi Qaraqayada şəhid oldu .Böyük qızı Məxmər və kiçik qızı Məhbubə iki azyaşlı körpəsi ilə bizim evin qarşısında ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildilər.
Böyük dayım Əkbərin iki gənc kürəkəni Zahidlə, Vasif şəhid olmuş, özü isə vertolyot olmadığı üçün , Ağdamda qalmış oğlu Məhərin avtomat silahını götürüb ermənilərin qarşısına çıxmış, lakin qüvvələr qeyri bərabər olduğu üçün yanan şəhəri tərk edərək meşəyə üz tutmuşdu .Qara qayada aclıqdan və soyuqdan taqətdən düşüb qar üzərində donmuşdu .Onun öldüyünü zənn edən qonşu avtomatını götürüb Ağdama gəlir, silahı qaynım Məhərə çatdırır. Şelli dağı tərəfdən qara qaya təfəfə hücuma keçəndə neytral zonada, erməni postunun yaxınlığında dayımın qar üzərində hərəkətsiz, uzandığını görüb ona yaxınlaşdım, gözləri baxsada, huşsuz vəziyyətdə idi. Hindarxlı rəhmətlik Tahirlə, Vladimə onu qucaqlarına götürüb, təcili Ağdam xəstəxanasına çatdırmalarını xahiş etdim. Özüm isə irəliyə doğru getdim ki, bəlkə kimisə yenə tapıb xilas edə bilərəm. Heç kimi tapa bilməyib geri döndüm. Dayım xilas olsada çox yaşamadı, dönmuş böyrəkləri işləmədiyi üçün bir neçə ay sonra dünyasını dəyişdi.
Anam iki oğlu, gəlini və həyat yoldaşı ilə ağır faciə ilə üzləşdi, bu günə qədərdə son taleyindən bir məlumat yoxdur.
Kiçik dayım Qüdrət müəllim yaralı vəziyyətdə iki oğlu ilə girov götürülür. Böyük oğlu Nazimi yerinə yetirilməsi mümkün olmayan şərtlər müqabilində ermənilər azad edirlər. Ermənilərə dağ çəkmiş kiçik oğlu Mehmana isə xüsusi amansızlıqla işgəncə verirlər, dilini kəsirlər. Əsir saxladığım erməni ilə təxminən bir ay sonra dayımda daxil olmaqla, girov götürülmüş otuz nəfərə yaxın Xocalı sakinini dəyişdik. Mehmanı vermədilər. Dayımın avtomat gülləsindən aldığı yara sağalsada, övlad yarası sagalmadı, ürək infarktından dünyasını dəyişdi. Bu faciədə altmışdan artıq yaxın qohumum şəhid oldu.
Martın ortalarında ermənilərin bütün tələblərini, yəni yanacaq xaric olmaq şərti ilə yerinə yetirdikdən sonra, Allahverdi Bağırovla novbəti dəfə Əsgəranın erməni postuna getdik.Orda ermənilər yeni şərt irəli sürdülər, Agdərənin Qazançı kəndində minalanmış ərazidə qalmış, Əsgəranın milis rəisi Avagimyan Volodyanın anasının meyidi gətirilməsə, qardaşımın cəsədini verməyəcəklər. Qaynım Məhər ,qardaşımın qayni Yusif, Qazançıya yola düşdülər.Marış nənəmizin oğlanları rəhmətlik Tahir və Vladim isə ermənilərlə Əsgəranı keçib, Kətik dağına getdilər. Ermənilər girov kimi Allahverdini, məni və Marış nənəmizin böyük oğlu Şahini postda saxladılar, çünki Qazançıya gedənlər arasında erməni bələdçidə vardı.
Bir neçə üzücü saatdan sonra Qazançıya gedənlər minalanmış sahədən erməni qadının meyidini gətirdilər. Bundan sonra Vitalik ratsiya ilə Tofiqin nəşinin gətirilməsini dedi. Bu zaman Allahverdi məni kənara çəkərək dedi ki, möhkəm ol, qardaş olduğunuzu biruzə vermə, yoxsa yenədə bu yaramazlar problem yaradacaqlar. Nəhayət onlar, top mərmisinin yeşiyinə qoyulmuş cəsədi gətirdilər. Həmin anları heç kimə arzulamıram. O, sanki yuxuya getmişdi, mən isə siqareti acgözlüklə sümürüb göz yaşlarımı zorla saxlayrdlm. Ermənilərin mənə zillənmiş qəribə baxışlarından onların Tofiq ilə hədsiz dərəcədə oxşarlığımızdan şübhələnməsi hiss olunurdu. Ona görədə vaxt itirmədən ordan uzaqlaşdıq. Bir aylıq intizar dolu ayriliqdan sonra qardaşımla son dəfə belə görüşdük. Biz orada olanda ermənilər onun son doyüşü barədə danışdılar. Biz onu öldürmək yox, əsir göturüb, girovlarımızla dəyişmək istəyirdik, dəfələrlə səs ucaldıcı ilə fikrimizi desək də, o təslim olmadı.
3 gün mühasirədə qaldı...

Döyüş meydanında can versə insan,
Xoşdur, namərdliklə qoyub qaçmaqdan ...

Sonra yaşlı bir erməni dedi ki, mən onu çoxdan tanıyırdım, cəsədini aparıb quzeydə qarin içərisində gizlətdim, üstünədə xeyli ağac budağı qırıb tökdüm ki, vəhşi heyvanlar toxunmasın, hər dəfə meşəyə odun gətirməyə gedəndə, üstünə qar yığırdım ki, hava isindikcə cəsəd çürüməsin, onda hələ rus rublu işlənirdi, ona və cəsədi dagdan xizək qoşqusunda ğətirən traktorçuya təşəkkür edib, əlavə pul və siqaret verdim .Cəsədi Hindarx kəndinə gətirdik, bütün kənd yolumuzu gözləyirdi. Marış nənənin həyətində mağar qurulmuş, kənd qəbirstanlığında məzar yeri də hazırlanmışdı.Onun döyüşçüsü rəhmətlik Familə Salmanqızı mənə dedi ki, Bakıda 20 yanvar şəhidlərinin məzarlarını ziyarət edəndə, Tofiq müəllim dedi ki, burda yatanlar ən xoşbəxt insanlardlr, mənim ən böyük arzum bunların sırasında olmaqdır.Onun arzusuna uyğun olaraq nəşini Bakı şəhərinə gətirib şəhidlər xiyabanında dəfn etdik. Ağdam, Ağcabədi, Bərdə rayonlarından şəhidlər xiyabanına gələnlər, Bakı şəhərində keçmiş iyirmi altılar bagı yanında keçirilmiş vida mərasimində iştirak edən izdiham, onların qəhrəmanı son mənzilə, şəhidlər xiyabanına piyada müşahidə olunması istəyi, Tofiq Hüseynovun öz həyatını hədər yerə qurban vermədiyinin göstəricisi idi.

"Paralel.az"

0.035406112670898