Səbrin hədəfi - ətalət, yoxsa mətanət?!
II yazı - Prof. İdris Abbasov
Səbr: Linqvistik-terminoloji mənası, fəlsəfi məğzi, dini-əxlaqi mahiyyəti və üstün fəzilətləri
“Sizi qorxu, aclıq, bir az mal, can və məhsul qıtlığı ilə, əlbəttə, imtahan edərik. Səbr edənləri müjdələ!” (Quran, əl-Bəqərə 2/155)
“Tam təvazökarlıq və mülayimliklə, səbrlə davranıb bir-birinizə məhəbbətlə təhəmmül edin!” (İncil, Efeslilərə 4:2)
“Rəbbi səbr edərək gözlədim, mənə tərəf dönərək fəryadımı eşitdi” (Tövrat, Məzmur 40/1)
“Allah məruz qaldığı haqsızlığa səbr edənin şərəfini artırar” hədisindəki səbr və təmkin haqsızlığa razı olmaq mənasına gəlmir. Bu, “Yaxşılıqla pislik bir ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et!” (Fussilət surəsi, 41/34) ayəsindəki tövsiyənin tətbiqindən irəli gəlir.
Səbr bütün əxlaqi davranışların fövqündə dayanır. Səbr etmək və əfv etmək asan bir iş deyildir. Sıxıntılara dözmək və başqalarının səhvlərini bağışlamaq, həqiqətən, önəmlidir və səbəb-nəticə baxımından bir-biri ilə yaxından əlaqəlidir.
İman, insanı tövhid inancını zədələyəcək hər cür çirkinlikdən qoruyur. Allahın kamal sifətlərini dərk etmək anlamında olan “əlhamdulillah”la Onun nöqsan sifətlərdən uzaq olduğunu bildirən “subhanəllah” ifadəsi birgə söyləndikdə tam olaraq tövhid inancı dilə gətirilir. Bu təsbih və tənzih kainatın ən böyük və yeganə gerçəyinin etirafıdır. Onun savabı isə yerlə göyün arasını dolduracaq qədərdir.
Şəfqət, yardım, ətrafa qarşı həssaslıq, zəif və kimsəsizləri qorumaq iman əlamətidir. Mərhəmətsizlik, acımasızlıq, haqsızlıq, əddalətsizlik, kobudluq, mənəm-mənəmlik və qəddarlıq dini duyğulardan, məsuliyyətdən, ilahi hüzurdakı hesablaşmaya əhəmiyyət verməməkdən, bir sözlə, imansızlıqdan irəli gəlir.
“Dini yalan sayanı gördünmü? O, yetimi itələyib qovar və əsla yoxsulu yedirtməyə təşviq etməz” (əl-Maun 107/1-3). Ayə bu vəziyyəti açıq şəkildə ortaya qoyur.
Hədisdə səbr “ziya” olaraq təqdim edilir. İşığı və istisi özündən olan cisimlərə “ziya”, işığını başqasından alıb əks etdirən cisimlərə isə “nur” deyilir. Məsələn, Qurani-Kərimdə buyurulur: “Günəşi ziyalı, ayı nurlu edən...Allahdır” (Yunus 10/5). Bu o deməkdir ki, səbr möminin həm dünya, həm də axirət səadətini təmin etmə yolunda özündə təbii olaraq mövcud olan bir işıqdır. Mömin səbr sayəsində bir yandan qadağaların cazibəsinin arxasındakı əsl sıxıntı ünsürlərini görüb onlardan çəkinir, digər yandan da əmrlərin yerinə yetirilməsi üçün qarşıya çıxan çətinliklərin arxasındakı hüzuru sezib məşəqqətlərə səbrlə sinə gərir və nəticədə xoşbəxtliyə qovuşma imkanını əldə edir. İnsana bu iradə gücünü verən də ondakı səbr etmə, dözmə, sinə gərmə qabiliyyətidir. Bir sözlə, inanclı kəs – enerji qaynağı öz daxilində olan bir varlıqdır.
İslam alimləri “bəşəri duyğuların ağıl və şəriət çərçivəsində tutulmasını” səbr kimi tərif etmişlər. Gördüyümüz kimi, ayə və hədislərdə səbr kəlməsi bir neçə mənada işlədilib: ibadətlərin yerinə yetirilməsi və yasaqların tək edilməsinə səbr, bəla və müsibətlərə səbr, xalqın əzab-əziyyətinə səbr, Allaha dəvətdə, yaxşılığı əmr edib, pisliyi qadağan etmədə səbr, döyüş meydanlarında və inkarçılarla mücadilədə səbr və s.
Ola bilsin ki, bəziləri səbri haqsızlıqlara boyun əymək, müqavimət göstərməmək kimi zənn edə bilərlər. Halbuki səbr möminin əsl dinamizminin adıdır. Səbr dayanıqlı olmaqdır, çətinliklərə sinə gərməkdir. Məhz ona görə də, Uca Rəbbimiz möminlərə umduqları qurtuluşa çata bilmələri üçün səbr etmələrini, səbr yarışında düşmənləri ötüb keçmələrini açıqca əmr etmişdir.
Səbr möminin investisiyasıdır. Buna potensial güc də demək mümkündür. Kömək etmələrini gözlədiyin insanlar hər zaman kömək etməyə bilər. Amma unutmamaq lazımdır ki, mömin öz əsl səbr gücü ilə ayaqda duraraq hər cür çətinlikləri dəf edəcək, çatmaq istədiyi hədəfə çatacaqdır. Buna görə də səbrin ziya olduğunu əsla yaddan çıxarmayaraq səbr çırağını daima öndə tutmaq lazımdır. “Bir-birlərinə səbri tövsiyə edənlər”in ziyan və zərərdən qurtulduğunu xəbər verən “Əsr” surəsi müsəlmana edə biləcək ən yaxşı yardımın səbr tövsiyəsi olduğunu əsaslandırmıdır.
Səbrin “ziya”, namazın “nur” deyə tərif edilməsi səbrin insan həyatında hər şeyi əhatə etdiyini göstərir. Çünki “Səbr və zamanın həll etmədiyi məsələ yoxdur”.
Deməli, çətinliklər qarşısında dərhal təslim olmamaq, doğru yolda möhkəm dayanmaq lazımdır. Düyünə düşmüş problemlər belə səbr və zamanla çözümünü tapacaqdır.
Qurani-Kərim hidayət rəhbəridir. Quran ona bağlı qalmağa çalışanların lehinə, “inandım” deyib hökmlərinə riayət etməyənlərin isə əleyhinə bir dəlildir. Yəni müsəlmanlar Qurana görə dəyərləndirilməlidirlər.
Qeyd etdiyimiz hədisin bir-biri ilə rabitəsiz görünən cümlələri arasında, əslində, tam bir uyğunluq və bütünlük vard. Göstərdiyimiz hədisə istinadən aşağıdakıları deyə bilərik:
1. Möminin həyatında səbrin yeri son dərəcə önəmlidir. Səbr möminin enerji və işıq qaynağıdır.
2. Səbr zəfər və uğurun təməl şərtidir.
3. Səbr qatlanmaq deyil, sinə gərməkdir.
Hz.Peyğəmbərin digər bir hədisinə diqqət edək: Mədinəli müsəlmanların bir qismi Rəsulullahdan (s.a.s.) bir şeylər istəmiş, o isə əlində olanlar bitənə qədər onlara vermişdir. Artıq verə biləcəyi şeylər tükəndikdə onlara belə xitab etmişdir: “Yanımda bir şey olsaydı, onları sizdən əsirgəməz, verərdim. Dilənməkdən çəkinib iffətli davrananın Allah iffətini artırar. Gözütox olmaq istəyəni Allah başqasına möhtac etməz. Səbr etməyə səy edənə Allah səbr verər. Heç kəsə səbrdən daha xeyirli və böyük bir lütf əta edilməmişdir”
Hədisdə maddi ehtiyaclar qarşısında səbrli olmanın fəzilətlərindən bəhs edilir. Sabit bir həqiqətdir ki, Hz.Peyğəmbər müsəlmanların üz tuta biləcəkləri yeganə şəxs idi. Başına bir iş gələn, qəlbi qaralan, ac-susuz qalan, hər hansı bir problemi olan onun yanına qaçar, ondan mədəd dilərdi. Peyğəmbərimiz isə müsəlmanların problemlərini çözməkdən əsla usanmaz, maddi-mənəvi çarələr axtarardı. Hədisdən də göründüyü ki, o, əlində olan hər şeyi verməkdən də vaz keçməzdi. Ancaq müsəlmanların ehtiyacları böyük idi. Onlar yenə də istəməyə davam etdikdə o: “Əlimdə verəcək bir şey olsa, onu sizdən əsla əsirgəməzdim” –deyə vəziyyəti izah edərdi. Peyğəmbərimiz səbr etmənin, yoxsulluğa, sıxıntıya sinə gərmənin insanı daha güclü edəcəyini xəbər verərdi. Səbrin, adəti üzrə, özü-özünü yeniləyən bir özəllik olduğunu təlim edərdi. “Kim səbr etmək üçün səy edərsə, Allah ona səbr verər” açıqlaması səbri təmin edən gücün yenə məhz səbrin özü olduğunu bildirir.
Unutmaq olmaz ki, istəməklə də bitməyəcək ehtiyaclar ola bilər. Adil və qanunların hökmran olduğu cəmiyyətdə göz və könül toxluğu başqalarının yardımı ilə bir şeylərə qovuşmaqdan daha sağlam və şərəfli yoldur. Buna görə də, hədisin son qismində qəti bir həqiqətə diqqət çəkilir: “Heç kəsə səbrdən daha xeyirli və əngin bir lütf əta edilməmişdir”. Doğrudan da, insanı mərdə, namərdə əl açmaqdan tox tutan səbr ən böyük və ən fəal nemət və ilahi bir lütfdür. Bu lütfdən məhrum olan cəmiyyətlərdə yolsuzluq, haqsızlıq, ədalətsizlik, qanunsuzluq hökm sürdüyündən həmin cəmiyyətlər gec-tez məhvə məhkumdur.
"Paralel.az"