Adlar və adamlar - İmarət Cəlilqızı
Bəy ərənlər düzülübdür cərgə-cərgə, qatar-qatar,
Çöhrələrdən zəhm yağır, öndə ağır döyüşlər var.
Dədəm Qorqud deyin gəlsin, boy boylasın, söz söyləşin,
Yağı üstə gedənlərə tanrıdan uğur diləsin
Dədəm Qorqud gəlib qolça qopuzunu dilləndirdi,
Qopuzunun tarım duran simlərini səsləndirdi
Bu ilahi, qüdsi səsdən könüllərdə od qalandı,
Atlar coşub şahə qalxdı, irəliyə qanadlandı.
Boynu uzun qonur atda yala yatan ər igidlər,
Uzunluğu altmış tutam nizə tutan nər igidlər,
Şığıdı kafir üstünə, haray qopdu, yer-göy əsdi,
Qara, polad, uz qılınclar parıldadı, endi ,kəsdi.
Ağ tozluca tutacaqlı qatı yaylar gərilir, bax,
Sası dinli mərə kafir ayaqlara sərilir, bax!
Igidlərin sadağından səksən oxlar azaldıqca,
Pərən-pərən düşüb yağı cərgələri pozulduqca,
Xainlərin, namərdlərin ürəyini qorxu sarır,
Dovşan kimi sinə-sinə gizlənməyə yer axtarır.
Ərənlər nərə çəkirlər: “Çal qılıncın, yetdim!-deyə,
Yol vermərik oğuz eli kafir önündə baş əyə!"
Düşmənin döyüş sancağı ayaqlar altında qalır,
Igid oğuz ərənləri bu meydanda zəfər çalır.
Budur, yenə qoçaqlarım düzülübdür qatar-qatar,
Çağır gəlsin Dədəm Qorqud, görək indi nə sözü var.
Asta-asta yaxınlaşır ağ saqqallı, nurlu babam,
Oğulların mərdliyindən ürəyi qürurlu babam.
Ah, Ilahi! Bu nə qədər təntənəli, ülvi bir an,
Igidlərin gözlərində yaş parlayır həyəcandan.
Pıçıldayır ürəkləri: "Dədə, qurban olaq sənə,
Nə durmusan, qopuz çalıb igidləri bir öysənə!
Qopuzunun nəğməsiylə könlümüzə sən od verdin,
Döyüşməyə ruhlandırıb sən bizə qol-qanad verdin,
Təz ol, dillən, bir de görək bu hünərə nə ad verdin,
Indiyəcən adsız gəzən igidlərə nə ad verdin?"
Dilə gəldi Dədəm Qorqud:” Əhsən sizə, ey igidlər,
Ərdəmlisiz, cürətlisiz, göstərdiniz böyük hünər.
Hamınıza ad verirəm, iftixarla daşıyasız,
Innən belə hərəniz öz adınızla yaşayasız.
Vətən , torpaq, el yolunda od-ocaq təki yandınız,
Adınızı mən vermədim, siz özünüz qazandınız!"
Ad qazanmaq...Bu sözlərdə məna məni cəlb eyləyir,
Dərin-dərin fikirlərə, xəyallara qərq eyləyir.
Düşünürəm, elə bil ki, sehirli bir xalatdayam,
Gah keçmişə qayıdıram, gah bugünkü həyatdayam.
Düşünürəm, əcdadımın nə doğru qaydası varmış,
Insan oğlu əməlinə uyğun olan ad alarmış.
Adına mərd deyilənlər özləri də mərd olurmuş,
Qorxaqlara, yaltaqlara ulu babam sərt olurmuş.
(Elə şey var, anlayanda insan bəzən pərt olurmuş,
Dərrakəsi, düşüncəsi ona yaman dərd olurmuş...)
Yaşadığım bu qarışıq, bu qəribə zəmanədə
Bir kimsəni taparsanmı , bu qaydaya əməl edə?
Indi hələ körpə özü göz açmamış bu cahana,
Gözəl adlar arasından ad seçib verirlər ona.
Bircə baxın, siyahıda bir deyil, gör neçə ad var,
Hərə bir ad təklif edir: nənə, baba, qohum, yad var.
Biri deyir, Əjdər pisdir, Zəfər yaxşı, onu seçək,
Biri deyir Dilbər pisdir, Ülkər yaxşı, onu seçək.
Biri deyir, Tərlandansa Aslan olsa, yaxşı olar,
Biri deyir, filandansa filan olsa, yaxşı olar...
Körpə hələ doğulmayıb, onlar isə tələsirlər,
Ad üstündə bir-birindən inciyirlər, lap küsürlər.
Heç bilmirlər böyüyəndə kim olacaq, nə olacaq,
Bəlkə, böyüyüb elinə qaxınc ,ya tənə olacaq?!
Çox heyf ki, bəzən adlar adamlara uyğun olmur,
Adamlar öz adları tək mənalı və dolğun olmur.
Biri mərdlikdən dəm vurar, adını sor, Dəyanətdir,
Bir balaca qurdalasan ,içi dolu xəyanətdir.
Bir xanım var naz-qəmzəli, adı Gözəl, özü gözəl,
Çölü yamyaşıl yarpaqdır, dindirirsən --içi xəzəl.
Vüqar adlı bir cavan var, adı boyuna biçilib,
Əzəməti, təmkiniylə yaşıdlarından seçilib.
Başqa Vüqar tanıyıram, mənsəbiylə öyünəndir,
Ona rütbə verənlərin həvəngində üyünəndir.
Polad adı daşıyanın gərək özü möhkəm olsun,
Dost arası, el içində hər bir sözü ötkəm olsun.
Axı Polad niyə olur, əyilirsə o, sim kimi,
Güclü barmaqlar altında əriyirsə bir mum kimi?
Saleh yaxşılıq edəndir, hər məqamda xeyirxahdır,
Saleh var ki, əməlləri başdan-başa fırıldaqdır,
Bir Səxavət ehsan verir. yaxşı adı-sanı çıxır,
O biri bir saman verir ,arxasınca cani çıxır.
Dedik adı Həqiqətdir, yalanını doğru sandıq,
Sözlərinə inanaraq oğruları doğru sandıq.
Sən Azərsən--öz adını ləyaqətlə daşıyırsan,
O da Azər--buztək soyuq rəftarından üşüyürsən.
Adil--yəni hər bir anda ədalətlə iş görəndir,
Eləsi var, günahsıza nahaq yerə iş verəndir.
Bu Sabit dəyişən deyil ,at içinə od-alovun,
O Sabitin adı belə, xasiyyəti buqələmun.
Bax, bu Arif hər mətləbi işarədən anlayandır,
Bu Arifə, hünərin var, adi bir mətləbi qandır.
Mən gözəli sözü duzlu, özü şirin istəyirəm,
Bələ bir qız Məlahətdir--mənə verin ,istəyirəm--*
Məlahət var, şirin-şəkər söhbət eylər, doymaq olmaz,
Məlahət var, qeybət eylər, fitnəsini duymaq olmaz.
Hamısının mənası bir--Eldost, Elyar, Elcan, Eldar--
Eləsi var ,bərkə düşsə ,dostu atar, yurdu satar...
...Qələm yazır ,ad tükənmir, bir-birinə ha calanır,
Adlar eyni, əməl-rəftar neçə yerə haçalanır.
Eyni adı daşıyanın biri şərdir, biri xeyir,
Biri eli ucaldandır, o birisi-- qəddin əyir.
Oğullar var, qızlar var ki, adına and içiləsi,
Nankorlar, xainlər var ki, yer üzündən biçiləsi!
...Ziya * var ki, zəkasıyla beyinləri nurlandırır,
ZIya da var, riyasıyla könülləri bulandırır.
Vaqif* var ki, hər oxuyan onun kimi ola bilməz,
Vaqif* var ki, daha heç kim onun kimi çala bilməz,
Vaqif də var...cüt eşşəyin arpasını bölə bilməz..
Millətinin dərd-sərini unutmayan Zakir* də var,
"Qaynana"sı milyonları heyran qoyan Zakir* də var.
Bir möhtaca sərvətindən bircə damla da qıymayan,
Təkcə nahar süfrəsinə milyon sayan Zakir də var.
Mehdi--Allaha meyl edən, doğru yolla aparılan,
Mehdi--faşist gülləsiylə ömrü yarıda qırılan,
Mehdi--"yeraltı çaylar”ı "qara daşlar" üstdən axan,
Mehdi--sənət aləmində uca zirvələrə qalxan...
Mehdi--(heyif, bunsuz olmur)el-obaya xain çıxan.
Dörd mələyin arasında pay yetirən, ruzi verən,
Ən sevimli ,ən xeyirxah...onun adı nədir, görən?
Mikayıldır*...Ixtiyarsız düşünürəm Müşfiqi mən,
Uşaq qədər saf, ləkəsiz, kövrək, coşqun aşiqi mən.
Bəlkə, onu satanın da batmış adi Mikayılmış,
Ona güllə atanın da,
Adımızı öz adına qatanın da
mənfur adı Mıxayılmış...
...Istəmirəm yada salım zalımları, xəbisləri,
Əməlləri adlarına tay olmayan iblisləri.
Dörd mələyin arasında pay yetirən, ruzi verən,
Ən sevimli, ən xeyirxah--onun adı nədir, görən?
Mikayıldır, tanıdınmı? Barmaqları göy qurşağı,
Əsrarəngiz dünyası var--əlvan rənglərin qucağı,
Özü nurlu, əməlləri daşıdığı ada taydır,
Fırça ilə yaratdığı bütün insanlara paydır...
Çoxdur axan qanı, təri bu torpağa qarışanlar,
Daşıdığı ad özünə, özü ada yaraşanlar.
Adam var ki, ölümünü qarşılayır gülə-gülə,
Adam var ki, ömür sürür gündə yüz yol ölə-ölə,
Adam var ki, bircə qaşıq qandan qorxub əslin danar,
Adam var ki, azadlıqçın diri-diri odda yanar.
Boy-buxunlu, güc- qüvvətli çoban idi, adı Həsən,
Böyük bir sərkərdə oldu, onunla fəxr etdi Vətən.
Lakin onu Həsən deyil, Babək kimi tanıdılar,
Hər addımda sübut etdi, Babək olmağa haqqı var.*
"Sənin ulu baban kimdir?"--deyə kimsə soruşanda
Öncə onu xatırlarıq, onun adı düşər yada.
Onu necə tanıyırıq, necə bir insan olubdur?
Çoxumuz heç bilmirik ki, harda, nə vaxt doğulubdur.
Ərdəblidən başlayaraq diyar-diyar dolaşdıqca,
Karvanlara qoşularaq dərə ötüb, dağ aşdıqca,
Uzun yollar onu yordu , ayaqları qabar atdı,
Bu yollarda gördükləri ürəyini qubarlatdı.
Vətənində ola-ola vətənsiz tək yaşayanlar,
Zülm atlında əzilərək özgə yükü daşıyanlar,
Yadelliyə təzim edib sərhədindən yol verənlər,
Zurnaçıya züy tutanlar, ələkçiyə qıl verənlər,
Dövlətini, sərvətini çalıb-çapıb talayanlar,
Zəkasının qüdrətini tonqallarda qalayanlar...
Coşdurdular nifrətini, asıb- daşdı dalğa- dalğa,
And içərək qılınc çəkdi, ta yurd çıxsın azadlığa.
Arxasında Bəzz qalası, dövrəsində min-min əsgər,
Sağ-solunda Tərxan, Rüstəm, Abdulla tək sərkərdələr,
Iyirmi il cəng eylədi ,xilafətə lərzə saldı,
Yağmalanmış torpağını qarış-qarış geri aldı.
Xalqı üçün örnək oldu, vicdan oldu, qeyrət oldu,
Bir əfsanə, bir möcüzə, vəsfəgəlməz heyrət oldu.
Düşmən onun qabağında aciz qaldı, yesir düşdü,
Neçə güclü sərkərdəsi məğlub olub əsir düşdü.
Naçar qalıb qiymət qoydu ölüsünə, dirisinə,*
Vəhşi məram aşıladı neçə altun hərisinə.
Bu yenilməz cəngavərə mənsəb təklif eylədilər,
"Məsləkindən dönər olsan, bağışlarıq" söylədilər.
"Nə qədər ki sağam,--dedi,--qılınc tutur hələ əlim,
Mən düşmənə baş əymərəm, ya azadlıq, ya da ölüm!"
(Bu dəyanət qandan gəlir, bu söz ulu babanındır,
Kafirlərə satılmayan mərd Qaraca çobanındır).
Onu yenə bilmədilər döyüşlərdə qol gücünə,
Əl atdılar siyasətə, fitnə gücü, fel gücünə...
...Yoldaşını yarı yolda qoyub qaçan Səhl-Sumbat,
Dirhəmlərin küləyinə quş tək ucan Səhl-Sumbat.
Ona baha başa gəldi görünməmiş xəyanəti,
Geri dönüb öz başında çatladı da bəd niyyəti.
Qazansa da qızıl tacı , itirmişdi etibarı,
Öz qolunda gördü bir gün ağır-ağır qandalları.
Bir xəyanət rəmzi oldu, aqibəti bilinmədi,
Babəkinsə böyük adı ürəklərdən silinmədi.
Əzəl başdan bu dünyanın həm qarası , həm ağı var,
Çalxalanır , çalxalanır...həm ayranı , həm yağı var.
Çənlibeldə nərə çəkir kor kişinin işıq oğlu,
Qırat minən, Misri tutan, saz hərləyən aşıq oğlu.
Hamı Koroğlu bilsə də, Rövşən idi əsl adı,
Adı kimi işıq saçan nurlu bir ömür yaşadı.
Atasını kor qoyanı işığıyla kor eylədi,
Xalqı soyan zalımlara gen dünyanı dar eylədi.
Varlığında toplanan nur hər tərəfə işıq saçdı,
Işığına yığışanlar azadlığa yollar açdı.
Indi çətin ki, rəqiblər birləşib "qardaş" deyələr,
"Sən ayaq qoyduğun yerə mən qoyaram baş" deyələr.
Ucu haça şeşpəri var, Alapaça adlı atı,
Adı eldə çox sevilən bir nəğmənin nəqəratı.
Qəhrəmanlar arasında doğrudan da seçiləndir,
Igidliyə qiymət verən, haqqı görən, yol biləndir.
Koroğlunun qan qardası--Gizir oğlu Mustafa bəy,
Dastanını oxu bir də, uca xislətinə baş əy.
Xisləti ali olanlar namərdlərə ağız açmaz,
Tənin sərpa soysalar da, inandığı həqdən qaçmaz!
Bir körpə gəldi dünyaya, Əli deyə ad qoydular,
Bir kimsəyə baş əymədi, tutub dərisin soydular.
Əli--yüksək ,üstün, nəcib, çox ağıllı , çox mötəbər,
Nəsimidə cəm olmuşdu sadalanan bu sifətlər.
Insanlara həqiqəti qandırmağa çalışdı o,
Insan zülmə boyun əyib əzildikcə alışdı o.
Dərdi-qəmi tutuşaraq ürəyində közə dondu,
Közdən qopan qığılcımları qələmində sözə dondu.
Özünü dərk eylədikcə kainat dar gəldi ona,
Əzəməti, böyüklüyü sığışmadı bir cahana.
Şöylədi ki, bax, ey insan, Allah sənin üzündədir,
Əgər insan kamildirsə, Allah onun özündədir.
Dur ayağa, haqqını qan, zülmü, zoru bir yan eylə,
Sən böyüksən, sən ucasan birləş, vuruş, üsyan eylə!
Bu sözlərdən qeyzə gəldi can alanlar, can satanlar,
Azadlığa meyl edənə divan biçib toy tutanlar,
Məhv etdilər vücudunu, tab gətirdi dəyanətlə,
Ona tənə edənlərə cavab verdi cəsarətlə.
Vücudundan axan qanı damcıladı gilə-gilə,
O dönüb haqdan qaçanı acıladı gülə-gülə:
"Qorxusundan haqqı danıb barmağını qıymayan kəs
Haqq yolunda fəda olub ölmək nədir duya bilməz!"
(Ləkələnən bir barmaqmı, ya bir damla qan oldumu?
Əsl kafir fitva verən, ya soyulan can oldumu?)
Son anadək sarsılmadı, məramından dönməz oldu,
Əbədiyyət üfüqündə günəş kimi sönməz oldu.
Tanrı ona sidq-ürəklə üz tutanı naçar qoymaz,
Saf duyğulu, xoş niyyətli bir insani naçar qoymaz.
Şah nəvəsi, şeyx oğluydu, çox bəlalar çəkdi başı,
Məsləkinə fəda oldu ata-ana, cüt qardaşı
Bir müqəddəs amal ucun tanrıdan möhlət dilədi,
Ağıl, təmkin, qabiliyyət, həm də cəsarət dilədi.
Ürəyində incə hisslər, qarşısında ulu məqsəd,
Çalışaraq gənc yasında yaratdı bir güclü dövlət.
Çətin anda inandığı, güvəndiyi eli sevdi,
Nəğmə kimi həzin olan doğma, şirin dili sevdi.
Həm hökmdar, həm şair tək şöhrəti ərzə yayıldı,
Bu şairin, hökmdarın əsl adı İsmayıldı.*
Tanrı onu eşitdi ki, arzuları çiçək oldu,
Tanrı onu eşitdi ki, xəyalları gerçək oldu.
Səbr eyləyib gözləyəndə atlaz olur tut yarpağı,
Hər səbr edib dözdüyümüz tut yarpağı deyil axı!
Sabir olub səbr eylədi, ya səbr edib Sabir oldu?
Onda ordu gücü vardı, heyif ki, çox erkən soldu.
Mirzə, Əli, Əkbər, Sabir--hər birinin öz sanbalı,*
Bu ad ilə bəlli olan adından da uca, ali.
Ömür boyu öz xalqının dərd-sərindən yazan şair,
Dövranının neçə ağır sınağına dözən şair.
Zəkasını, vücudunu el yolunda qoyan insan,
Uca, qoca bir dağ kimi dünya varkən duracaqsan!
Diri ikən ölü olan, ölənlər var bu dünyada,
Həyat onu ağladarkən gülənlər var bu dünyada.
Dodağında acı gülüş, könlü qızıl qan içində,
Bircə kəlmə "ölülər" de, yada düşsün an içində.
Bir müəllim, bir mühərrir, bir yazıçı, bir tənqidçi...
Qələmindən nə çıxıbsa, çox qiymətli, nadir inci,
Onun "Molla Nəsrəddin” i bənzərsiz bir dürdanədir,
Cəlil çoxdur bu dünyada, Mirzə Cəlil yeganədir.
Gülüşü sərt ,dili şirin, məsləki saf , sözü dolğun,
Şəxsiyyəti, əməlləri daşıdığı ada uyğun.*
Vətəninin dərdlərinə gülə-gülə ağlayardı,
Gözlərinin biri gülüb, o biri yas saxlayardı.
Dünyadakı adilər tək dahilər də fərqli olur,
Az olar ki, bəxtəvərdir, çoxu dərdlə yüklü olur.
Bir təqvimlə yeni ilin ilk günündə doğulmuşdu,
O biriylə köhnə ilin son səhəri ruhu uçdu.
Bəlkə də, bir təsadüfdür...Düşünürəm dərin-dərin,
Qibtə, heyrət, möcüzədir qısa ömrü gənc Cəfərin,
...Onu ərzə verən ana mərd, qorxmaz bir qadın idi,
Hər məramı aydan arı, sudan duru--aydın idi,
Gülüş onun dodağında həm səadət, həm də ağrı,
Qələmilə yol göstərdi nurlu gündüzlərə doğru.
Incə zövqlü bir zərgərdir, söz onunçün inci, almaz,
Yaratdığı daim yaşar , illər keçsə, yenə solmaz.
Elin gözəl qızlarına Sevər, Gülər, Sevil dedi,
Qayna, qarış, işlə, oxu, həyati sev, sevil dedi.
Siz də cəsur oğullar tək qol çırmayın, qurun, tikin,
Gizli qalan hər arzunuz pardaqlansın bir gül təkin!
...Ailədə dörd qardaşdı: Hüseynqulu, Heydər, Əjdər,
Bir də evin sevimlisi, sonbeşiyi kiçik Cəfər.
Görən ona ad qoyanda bilirdimi ata-ana
Sonra necə yaraşacaq oğlu ada, ad oğluna*---
Deyirlər ki, kiçik çaylar körpələr tək əziz olur,
Kiçik çaydan axan sular aydın, duru, təmiz olur,
Kiçik çayın can atdığı sonsuz, mavi dəniz olur,
Onun həzin zümzüməsi könlü, ruhu oxşayandır,
Son məqamda qovuşduğu intəhasız bir ummandır---
Onu hər kim tanıyırdı, çoxusuna əziz idi,
Damarından axan qanı duru, qaynar, təmiz idi,
Can atdığı xoş arzular coşqun, dərin dəniz idi,
Mən "azad bir quşdum" deyə asta-asta oxuyandı,
Insanların sevən qəlbi Cəfər uçun son məkandır.
Dünya dolu gözəllikdir, min çaları, min rəngi var,
Onun da öz təranəsi, zümzüməsi, ahəngi var.
Dəniz səsi, bulaq səsi, yağış səsi, qovaq səsi,
Neçə cür səs, bir də...bir də yeddi səsin möcüzəsi.
Yaraşıqlı, dolu salon...Ilahi bir səs ucalır,
Orkestr çox təntənəylə coşqun uvertüra çalır.
Hər xanə coşdurur qanı, atəş sarır ürəkləri,
O qüdrəti vəsf eyləyir bu qüdrətin şah əsəri.
Dinlədikcə könüllərə duyğu dolur axın-axın,
Yaratdığı incilər tək özü nadir, qəlbə yaxın.*
Əbədi eşq dastanını pərdə-pərdə təzələdi,
Leyli-Məcnun yanğısını göz önündə çözələdi.
Məhəbbəti, həsrətiylə ulu Nizamiyə bənzər,
"Sənsiz”əm,"sevgili canan"--deyə dildarını gəzər.
Dühasını dahilərin ölməz dühasına qatdı,
Sözdən tökülmüş heykəli səslə yenidən yaratdı.
Hərdən insan fikrə gedər, ötüb-keçənləri anar,
Xoş anlara fərəhlənər, acı xatirədən yanar,
Hər insançün xatirə var: ya tez solur, ya heç solmur,
Hamı daim nəsə anır, amma hamı Anar olmur...
Bu torpağa ayaq basan Anar adlı ilk oğlandı,
Yaxşı-yaman seçən gündən ürəyində söz qalandı,
Bu gününü, dünənini ,min il əvvəlini anar,
Gah köksü sevinclə dolar, gah da için-için yanar.
Yaratdığı əsərlərə dastan, nağıl dad veribdir,
Oğluna da ,qızına da Dədə Qorqud ad veribdir.
Onun ulu nənəsinə Burla xatun süd veribdir,
Süd dolanıb qanı olub, qələminə od veribdir.
Vətəninin taleyinə soyuqqanlı qala bilməz,
Rəsul-Nigar oğludur o, başqa cür də ola bilməz!
Daşıdığı ad özünə, özü ada yaraşanlar.
Qələm yazır, ad tükənmir, bir-birinə ha calanır,
Düşündükcə fikir, xəyal neçə yerə haçalanır.
O kəslərdən söz açdım ki, hamımıza yaxşı tanış,
Qələm məni qınayır ki, durma, hələ yenə danış.
Qulağıma səslər gəlir həm yaxından, həm uzaqdan,
Incik-incik sözlər gəlir: "Axı bizdən yazmamısan!"
Dinləyirəm bu səsləri gözlərimi qapayaraq,
Ulu tarix çözələnir xəyalımda varaq-varaq.
Hər varaqda neçə ad var, neçə insan taleyi var,
Neçəsinin ruhu şaddır, neçəsinin gileyi var.
Adlarına uyğun ömür sürənlərin yoxdur sanı,
Hamısından söz deməyə arzu sonsuz, qüdrət hanı?
Dünya böyük, yer üzündə neçə xalq var, neçə insan,
Istəyirsən yaxşılardan söhbət açıb ,söz yazasan.
Hər bir xalqın tarix boyu sevinci də, dərdi də var,
Satqını da, dönməzi də, namərdi də, mərdi də var.
Onlarda da gözəllərin işvəsi var, qəmzəsi var,
Həm qəhrəman Koroğlusu, həm də keçəl Həmzəsi var.
Yaxşıları düşündükcə ürəyimə qürur dolur,
Bu dünyanın yaxşıları mənə munis, məhrəm olur.
Adların heç pisi yoxdur, adamların yönsüzü var...
Bir zamanlar oğuzlarda qəribə bir qayda varmış,
Ata-ana qoyan adlar müvəqqəti ad olarmış,
Uşaq xeyli böyüdümü, çəkilərmiş ilk sınağa,
Bundan sonra Dədəm Qorqud çağırılarmış ad qoymağa.
Ata-ana verən ilk ad yaddaşlardan silinərmiş,
Ad alanın xisləti də yeni adla bilinərmiş,
Düşünürəm, qəribə bir fikir keçir ürəyimdən:
Belə qayda bu zamanda mövcud olsa, nolar, görən?
Aqil deyək, Zəki deyək müdrikə də, nadana da?
Əgər biri cahildirsə, adı niyə Kamil olur?
Axı nədən acıdillər Şirin olsun, Şəkər olsun,
Dindirəndə zəhərini yan-yörəyə tökər olsun?
Neyçün axı Ülvi deyək təmizə də, xəbisə də,
Neyçin axı Munis deyək insana da, iblisə də?!"
(Müdrik idi Dədəm Qorqud, uzaqgörən insan idi,
Dördcə adda səhv etmişdi, buna görə peşman idi).
Vaxt olur ki, xəyallanıb bu cahanı düşünürəm,
Həm zamanı, həm məkanı, həm insanı düşünürəm.
Istəyirəm bu dünyanı ürəyimcə dərk eyləyim,
Xırda, cılız duyğularla yaşamağı tərk eyləyim.
Istəyirəm ətrafımda xeyirxahlar çox olsunlar,
Hər məqamda təmənnasız, gözü- könlü tox olsunlar.
Vətənimin övladları bilik alıb ucalsınlar,
Daim nəsə öyrənməkdən zövq almağı bacarsınlar.
Qəlblərində el-obaya ulu sevgi yaşatsınlar,
Keçmişləri unutmadan yeni dünya yaratsınlar.
Hər qarışı tutya olan bu torpaqdan od alsınlar,
Əsl hünər göstərsinlər, ondan sonra ad alsınlar.
Tarixin hər vərəqini çözələyib ibrət alaq,
Nə qazandıq, nə itirdik--bircə-bircə yada salaq.
Qoy övladlar müqəddəslik keşiyində dayansınlar,
Qoy nifrətin, məhəbbətin,
sədaqətin, xəyanətin,
yaxşılığın, yamanlığın,
laqeydliyin, heyranlığın...nə olduğunu ansınlar,
Adlarını biz verməyək, qoy özləri qazansınlar!!
Izahlar:
deməkdir. Burada Nizaminin "Duzlusan, həm də şirin, mən belə şəkər
istərəm" misrasına işarə var.
2*--Akademik Ziya Bünyadov.
3*--Molla Pənah Vaqif.
4*--Pianoçu, cazmen Vaqif Mustafazadə.
5*--"Zakir" Ərəbcə "zikr"sozundən olub "anan", "xatırlayan"
mənasını ifadə edir. Bu misralarda şair Qasım bəy Zakir və bəstəkar
Zakir Bağırov nəzərdə tutulur.
6*--Mikayıl Allahın əmri ilə insanlara ruzi yetirən mələk.
7*--Babək qədim fars dilindən tərcümədə "əziz ata" mənasını
ifadə edir. Babək, yəni ata, nüfuzlu başçı.
8*--Xəlifə Mötəsimin əmri ilə Babəki diri gətirənə
2 milyon , başını gətirənə isə 1 milyon dirhəm mükafat veriləcəkdi.
9*--İsmayıl qədim yəhudi dilində "yishmayel" sözünün
ərəbləşmish formasıdır, "Allah eşidir" mənasını ifadə edir.
10*--Mirzə savadlı, Əli yüksək, Əkbər çox
böyük, Sabir---dəyanətli deməkdir.
11*--Cəfər ərəb dilində "kiçik çay deməkdir.
12*--Bu misrada Üzeyir bəyin adının mənasına işarə
olunur. Bu sözün əsl mənası "güclü, qüdrətli" deməkdir. Başqa mənada isə
"nadir, qiymətli, əziz" deməkdir. Ərəbcə "üzeyir alə qalbə"- "qəlbə yaxın
olan" mənasını ifadə edir.
"Paralel.az"