Ehsan süfrəsi, plastik oturacaqlar, çil-çil xala... - İmarət Cəlilqızı

Ehsan süfrəsi, plastik oturacaqlar, çil-çil xala... - İmarət Cəlilqızı
 

  İş yoldaşımızgilə hüzrə getmişdik. Başsaglığı verib qadınlar üçün ayrılmış otaqdan çıxaraq həmisəki kimi istər-istəməz həyətdə qurulmuş cadıra doğru yönəlməli olduq. Yas məclisləri ilə, ehsan verilməsi ilə bağlı dəfələrlə verilmiş məlum tövsiyələrə baxmayaraq, yenə də plov qazanları və masaların üstü dolu idi.

Yas yerlərində yemək yeyə bilmirəm, çayı içmək isə mənimçün əsil cəzadir: canımı dərd götürür ki, ay Allah, indi mən bu yaxşı yuyulmamış, ala-ötəri yaxalanmış stəkandan çayı necə içim (qoca xalam bu ici-qucu xasiyyətimə görə mənə "ay keçinin qoturu, elə ona görə bu gündəsən" deyir)? Çay buğlanır, mənsə həmişəki kimi ixtiyarsız olaraq ətrafı müşahidə edirdim: qadınların üzlərinə, saçlarına, örpəklərinə, əllərinə, xüsusən dırnaqlarına baxırdım.

(Bir dəfə lap usaq olanda anam mənə xörək bağlaması verib doğum evinə bir qohum xalanın yanına göndərmişdi. Gələnləri, təbii ki, icəri buraxmırdılar və xala gətirdiyim bağlamanı qapıdakı gözlükdən götürüb arxasında mənim görmədiyim harasa, yəqin ki, kətilin ustünə qoydu və məndən hal-əhval tutmağa başladı. Bu qohum xalanın üzü əvvəldən də təəccüblü dərəcədə çilli idi, indi bu çillər daha da qaralmışdı və lap qabarıq nəzərə çarpırdı. Yəqin ki, bu, hamiləliklə bağlı imiş, amma uşaq olduğum üçün o zaman mən bunu başa düşmürdüm və onun üzünə baxaraq düşünürdüm ki, oy, nə çirkin xaladır. Belə düşündüyüm anda gözlərim qəfildən onun barmaqlarına sataşdı: xala gözlüyün aşağı kənarından tutub, bir növ gözlüyə dəstəklənib danışırdı və hər əlinin dörd barmağının ucu qapının çöl tərəfində idi. Gözlükdən görunən bir üzü idi, bir də bu barmaqlar. Mənim nəzərlərim bir neçə an bu barmaqlarda ilişib qaldı: qadının üzü ilə müqayisədə bu barmaqlar və dırnaqlar elə ağ, təmiz, yaraşıqlı idi ki, adam inana bilmirdi ki, bu sifət və bu barmaqlar eyni bir adama məxsusdur.

Mənə elə gəlir ki, adamların əllərinə və dırnaqlarına diqqət etmək vərdişimin əsası elə o vaxtdan - o çil-çil üzlü xalanın əllərinin nəzərlərimi cəlb etdiyi o gündən qoyuldu).

Ətrafı müşahidə etdiyim dəqiqələrdə çadıra daha bir neçə qadın daxil oldu. Onlardan birinin çəkisi ən azı yüz iyirmi kilo olardı. Mənim müşahidəçilik vərdişim özumdən asılı olmadan yenə işə düşdü və nəzərlərimlə o qadını izləməyə başladım. Qadın masanın ətrafına düzülmüş plastik ağ stullardan birini kənara çəkib narahatlıqla baxdı, əli ilə möhkəmliyini yoxlayıb ətrafındakılara izahat verirmiş kimi dedi: "Mən ağır adamam axı. Bunlarda oturanda qorxuram ki, birdən qırılar, yıxılaram".

 Mən hiss etdim ki, dodağım qaçmaq üçün starta yaxınlaşır, onu bir təhər geri qaytardım, içi su ilə dolu stəkana dəstə ilə qoyulmuş qaşıqlardan birini götürüb içinə heç nə tökmədiyim çayımı ehmalca qarışdırdım. Bu dəmdə yanında dəsgahı ilə plov gəldi. Müəllimələrdən biri qarşımdakı bosqabı götürüb mənə plov cəkmək istədi. Mən tez onun əlindən boşqabı alıb dedim, "narahat olmayın, narahat olmayın, özüm cəkərəm". Çayı araya salıb birtəhər yola vermişdim, amma xörəyi yola verə bilməyəcəyimi anlayıb boşqabıma bir-iki qaşıq düyü tökdüm. Elə bu dəmdə gözüm bayaqkı toppuş qadının boşqabına sataşdı: boşqab təpələmə düyü və ət tikələrilə dolu idi və qadın ümumi qaraltı boşqabından hələ yenə də nəsə seçirdi... Mən onun boşqabına baxa-baxa qalmışdım, düşünürdüm ki, bu qadının bayaqkı yıxılmaq qorxusu hara, az qala bosqabından daşıb - tökülən bu qədər yemək hara? Etiket yol versəydi, yeri vardı, deyəydin ki, "a bacı, sən heç altındakı stulun qırılacağından qorxan adama oxşamırsan”. Sonra öz boşqabımdakı düyüyə baxıb başqa şey düşündüm.  Mən insanların həddindən artıq çox yeməsini anormal hal sayıram. Bacım isə özü də, mənim qədər olmasa da, hər halda azyeyən birisi olmasına baxmayaraq, bu fikrimə qarşı deyir ki, "əslində sənin çoxyeyən saydığın adamlar normal qidalanırlar e, a bala. Anormal yeyən sənsən, onlar deyil".

 Bilmirəm, bu barədə hansımız doğru fikirdəyik, amma bir məsələ mənə gün kimi aydındır ki, "çox yemək adamı az yeməkdən də qoyar" müddəası tamamilə doğru fikirdir. Üstəlik, bu deyimin təkcə birbaşa deyil, həm də mövcud olan bütün məcazi anlamlarında...

"Paralel.az"

 

0.049762010574341