Məşhur məşqçi millimizin uğursuzluğunun əsl səbəbini açdı
Milli komanda ilə “Qarabağ” FK-nın Avropada çıxışlarını və nəticələrini tərəzinin gözünə qoysaq, biri digərindən ağır gələ bilər. Qalxan zolaqlar “Qarabağ”ı, enən zolaqlar isə milli komandamızı göstərir. Maraqlıdır, “Qarabağ”ın uğurlu nəticələri fonunda milli komandamızın uğursuzluğu nə ilə bağlıdır?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan əməkdar məşqçi, AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun sözlərinə görə, “Qarabağ”ın milli komandamızdan daha yaxşı nəticə göstərməsinin səbəbi odur ki, “Qarabağ”da daha çox xaricdən gələn futbolçular oynayırlar:
Ağasəlim Mircavadov
“Dünənki oyunda da iki nəfər azərbaycanlı, qalanı isə başqa ölkələrdən gəlmiş futbolçular idi. Milli komandamızın yaxşı nəticə göstərməsi üçün özümüz keyfiyyətli oyunçular yetişdirməliyik. Digər tərəfdən də klubla milli eyni ola bilməz. Ona görə ki, klublarda olan oyunçular illərlə birlikdə çalışırlar, yığmanın isə adı üstündədir – “yığma”. Ora hər klubdan bir, ya iki nəfər gəlir, 4-5 gün birlikdə məşq edirlər. Mövcud olan problemləri həll etmək lazımdır. Əgər yığma komandamızın yaxşı oyun göstərməsini istəyiriksə, dediyim kimi, legionerlərin sayını azaldaraq, yerli, amma keyfiyyətli oyunçular yetişdirməliyik. Ümid edirəm, milli komandamızda da hər şey yaxşı olacaq”.
Zaira Akifqızı