Ey qafillər, yığışdırın bu köləliyi!
Əsgər yoldaşımın qardaşının qaynı AAK-dan diplom alıb. Uzun süründürməçilikdən sonra diplomu görəndə huşu başından gedən 58 yaşlı dosent AAK-nın qarşısında diz çökərək AAK sədrinin ünvanına o qədər tərif deyib ki, ürəyi tablaşmayıb və bayılıb. Su səpib ayıldıblar. Kişi toxtamaq bilmir. Ertəsi gün “şükranlıq göz yaşları” içində buna diplom verən bütün heyətin tərifi və təbliği ilə məşğul olub. Əsgər yoldaşım dülgərdir. Başını bulayıb deyir ki, belə cahil alimdənsə, ağıllı süpürgəçi olmaq Vətən üçün daha fazildir.
Elm aləmində şəxsiyyətinə pərəstiş etdirən nə qədər üləma və səcdəyə dadandırılmış nə qədər yetirmələr var imiş! Birincilər vəzifələrinin 20 faizini yerinə yetirmələrini "yaxşılıq" və "comərdlik" kimi sırıyırlar, ikincilər isə o "ali məqam sahibləri"nə səcdə edib qul olmağı şərəf işi hesab edir və bu yolla ucalacaqlarını sanaraq həvəslə prosesə qoşulurlar. Əsl faciə və fəlakət prosesi!
İlkin müzakirənin sədrinə səcdə, seminarın sədrinə səcdə, müdafiə şurasının sədrinə səcdə, şura üzvlərinə səcdə, rəyçilərə, opponentlərə, sual verənlərə səcdə, nəhayət, AAK sədrinə, heyətinə və çıxış qapısının ağzına səcdə!
O qədərmi suçlu, o qədərmi cahil, o qədərmi gözükölgəlisiniz? Sizi və övladlarınızı xoşbəxt etməyə qadir olan Dövlətinizə xidmət edin, ona minnətdar olun, onu gücləndirin də, ay əbədi bədbəxtlər! Vəzifəyə keçib dövləti yaralayanlara, xalqın haqqını ciblərinə basanlara, artistlik edənlərə, əyri yolla özünə eyş-işrət quranlara niyə səcdə edirsiniz?!
Ey qafillər, yığışdırın bu köləliyi! O qurumların heç biri heç kəsin dədəsinin deyil! Pis mühiti özünüz yaradırsınız, sonra giley edirsiniz. Mirzə Cəlilin qəhərəmanlarını siz diri tutursunuz, məmmədhəsən əmilər, novruzəliləri XXI əsrdə də siz ölməyə qoymursunuz. Ona görə də, hər cür bədbəxtliyə layiqsiniz...
O qurumlar Azərbaycan dövlətinindir, anlayırsınız? Dövləti qoyub şəxslərə, şəbəkələrə xidmət etdikcə xilasınız olmayacaq və ömür boyu yüksələ-yüksələ alçalacaq, insan kimi yaşamağın zövqünü dada bilməyəcəksiniz.
PS. Diplomlar heç vaxt cahili alim etməyib, etməyəcək də. O diplomlarla sələflərin kimi alverə qoşulmaq ehtimalı yüksəkidir. Sən de, görüm, bəs elmi mühitin saflaşdırılması, haqq, ədalət, dürüstlük naminə nəsə edəcəksənmi?!
Professor İdris Abbasov