ABŞ və Avropa Birliyinin maraqları Ukraynanı "batırır"

ABŞ və Avropa Birliyinin maraqları Ukraynanı
 

ABŞ Yaxın Şərqdə baş verən hadisələri bəhanə gətirərək, Ukraynaya dəstək prosesini hələlik bütövlükdə Avropa Birliyinin üzərinə yükləməyə çalışır... Ancaq Avropa Birliyi ölkələrinin Rusiya ilə gizli danışıqlar apardığını və "qoca qitə"də Ukraynaya yardımlara müqavimətin gücləndiyini nəzərə aldıqdasa, bu, real görünmür...
Yaxın Şərq regionunda baş verən hadisələr bütün dünyanın əsas gündəminə çevrilib. Bundan hazırda ən çox Ukrayna ziyan çəkməyə başlayıb. Hər halda, indi Ukrayna savaşı beynəlxalq məkanda nisbətən arxa plana keçirilmiş kimi görünür. Və bu, istər-istəməz Ukraynanın gələcək taleyinin necə ola biləcəyi ilə bağlı müxtəlif suallar doğurur.(Yeni Müsavat)

Onu da qeyd etmək lazımdır ki, Ukrayna üçün mövcud təhlükə yalnız Yaxın Şərqdə baş verən hadisələrdən qaynaqlanmır. Belə ki, ABŞ da daxil olmaqla, bəzi Qərb ölkələrində Ukrayna savaşı artıq daşınması çətin olan "ağır yük" hesab edilməyə başlanıb. Və belə vəziyyət rəsmi Kiyevi ciddi şəkildə narahat etməkdədir.

Məsələ ondadır ki, Ukrayna prezidenti Volodimir Zelenski son vaxtlar ABŞ və Qərbin onun ölkəsinə əvvəlki kimi ciddi diqqət ayırmadığını düşündüyünü qətiyyən gizlətmir. Hətta hər imkanda bu mövzuda açıq mətnlə şikayətlənir. Üstəlik, ABŞ və Qərbin hərbi dəstəyinin dayandırılacağı təqdirdə, Ukraynanı gözləyən real təhlükəni ən qabarıq şəkildə təsvir etməyə çalışır. Onun fikrincə, Qərbin dəstəyi olmadan Ukraynanın Rusiya ilə savaşda qalib gəlmək şansı yoxdur. Və bu halda, hətta məğlubiyyət qaçılmaz ola bilər.

Təbii ki, Ukrayna prezidentinin bu narahatlığı qətiyyən səbəbsiz deyil. Çünki son vaxtlar Ukraynaya verilən dəstək vədləri heç də əvvəlki kimi intensiv şəkildə yerinə yetirilmir. Əksinə, bu məsələdə səbəbi izah edilməyən gecikmələr daha çox diqqəti çəkir. Hətta Ukraynaya dəstəkdən imtina halları da ortaya çıxmağa başlayıb. Və bu reallıq indi Qərb mətbuatında da geniş şəkildə müzakirə edilməkdədir.

Maraqlıdır ki, bir müddət öncə "Reuters" diplomatik mənbələrə istinadən Ukraynanı məyus edə biləcək məlumat yaymışdı. Həmin məlumata görə, Avropa Birliyinin Ukraynaya hərbi yardım üçün 20 milyard avro ayırmaq planı ciddi müqavimətlə üzləşib. Avropa Birliyi ölkələri bu plana ciddi şəkildə etiraz etdiklərindən onun Ukraynanın maraqlarını zərbə altında qoya biləcək səviyyədə dəyişdirilmə ehtimalı daha inandırıcı görünür.

Halbuki, hələ iyul ayında Avropa Birliyinin xarici siyasət qurumunun rəhbəri Jozef Borrel yaxın dörd il ərzində Ukraynanın Rusiya ilə savaşının dəstəklənməsi üçün xüsusi fondun yaradılmasını təklif etmişdi. Həmin təklifə görə, hər Ukraynaya 5 milyard avro veriləcəkdi. Ancaq diplomatik mənbələrdən sızan məlumatlara görə, Almaniya başda olmaqla, bəzi Avropa Birliyi ölkələri bu təklifi qəbulolunmaz hesab edirlər. Əsas arqument ondan ibarətdir ki, Avropa Birliyi belə ağır maliyyə yükünün altına girmək imkanında deyil. Eyni zamanda, Avropa Birliyi gələn ilin mart ayına qədər Ukraynaya bir milyon artilleriya mərmisi və raketlərin tədarükü ilə bağlı vədlərindən də geri çəkilib.

Belə anlaşılır ki, Avropa Birliyi tədricən Ukrayna savaşını maliyyələşdirmək prosesində iştirakdan imtina etmək niyyətindədir. Əksər Avropa Birliyi ölkələri öz dövlət büdcələrini və ehtiyat resurslarını Ukrayna üçün sərf etmək istəmirlər. Ona görə də, müxtəlif bəhanələrlə Ukraynanı Rusiya ordusu qarşısında təkbaşına buraxmaq istiqamətində mövqe tutmağa üstünlük verirlər. Və bu, faktiki olaraq, Qərbin ssenariləri ilə Rusiya ilə savaşa sövq edilmiş Ukraynanın taleyin ümidinə buraxılması anlamına gəlir.

Bəzi məlumatlara görə, Avropa Birliyinin bəzi ölkələri Ukraynanın Rusiyaya mümkün məğlubiyyətini "qoca qitə" üçün artıq elə bir ciddi təhlükə hesab etmirlər. Çünki Almaniya başda olmaqla, həmin ölkələrin Rusiya ilə gizli danışıqlar apardıqları barədə ciddi iddialar mövcuddur. Yəni, Avropa ölkələri Ukrayna savaşına milyardlar xərcləmək əvəzinə Rusiya ilə anlaşmağın daha sərfəli olduğu qənaətinə gəlmiş kimi görünürlər. Və bu baxımdan, Ukrayna aldadılaraq, Qərbin xəyanətinə uğramış, qurban verilmiş dövlətə çevrilmək üzrədir.

Halbuki, Ukraynanın Qərbdən məruz qaldığı xəyanətin əhatə dairəsi yalnız Avropa Birliyinin bu ölkəyə dəstəkdən geri çəkilməyə başlaması ilə məhdudlaşmır. Çünki təxminən oxşar proses Ukrayna savaşının əsas ssenari müəllifi olan ABŞ-ın davranışlarında da müşahidə olunur. Hər halda, Ağ Ev də Ukraynaya dəstək "pəncərə"sini qapatmağa başlayıb. ABŞ dövlət büdcəsindən son üç ay ərzində Ukraynaya dəstək üçün bir dollar belə, ayrılmayıb. Üstəlik, hazırda ABŞ siyasi dairələrində Ukrayna savaşının maliyyələşdirilməsi prosesindən tamamilə imtina edilməsi daha yüksək səslə müzakirə edilməkdədir.

ABŞ-da hakimiyyətə iddialı Respublikaçılar Partiyası Bayden adminstrasiyasına Ukrayna problemi üzərindən təzyiqləri daha da artırmaqda davam edir. ABŞ Konqresində mütləq çoxluğu ələ keçirmiş respublikaçılar Ukraynaya dəstək paketlərini bir-birinin ardınca bloklayırlar. Eyni zamanda, respublikaçıların növbəti prezident seçkilərində əsas namizədi Donald Tramp da Ukraynaya dəstəyin tam şəkildə dayandırılmasını tələb edir.

Digər tərəfdən, Donald Tramp Bayden adminstrasiyasını ABŞ büdcəsini Ukrayna-Rusiya savaşına xərcləyərək, bişaltmaqda suçlayır. Onun fikrincə, Bayden adminstrasiyası bu mənasız xərclərlə həm ABŞ-ı zəiflədir, həm də ölkə vətəndaşlarının sosial rifahını aşağı salır. O, seçicilərə elə indidən vəd edir ki, hakimiyyətə gələcək və dərhal Ukraynaya bütün yardımları dayandıracaq. Rusiya ilə birbaşa danışıqlar aparacaq, Ukrayna savaşının sona çatdırılmasına çalışacaq. Və bu halda, imzalanacaq sülh sazişinin Rusiyanın maraqları çərçivəsində, eləcə də Ukraynanın ərazi itkiləri hesabına baş tuta biləcəyini də indidən təxmin etmək qətiyyən çətin deyil.

Göründüyü kimi, ABŞ və Avropa Birliyi tədricən Ukraynaya yardımları məhdudlaşdırır. Ağ Ev Yaxın Şərqdə baş verən hadisələri bəhanə gətirərək, Ukraynaya dəstək prosesini hələlik bütövlükdə Avropa Birliyinin üzərinə yükləyə biləcəyinə ümidlərini qoruyur. Ancaq Avropa Birliyi ölkələrinin Rusiya ilə gizli danışıqlar apardığını və "qoca qitə"də Ukraynaya yardımlara müqavimətin gücləndiyini nəzərə aldıqda, Ağ Evin bu ümidlərinin doğrulma ehtimalı real təsir bağışlamır. Və bu baxımdan, Ukraynanı daha ağır mərhələnin gözlədiyi qətiyyən şübhə doğurmur.

 

0.011230945587158