"Fransanın təhriki ilə Gürcüstanı qərbin fəaliyyətinə qoşmaq istəyirlər" - Oqtay Qasımov

 

"Fransanın təhriki və Avropa İttifaqının namizəd üzvlük məsələsi ilə Gürcüstanı qərbin Qafqazdakı fəaliyyətinə qoşmaq istəyirlər"

Prezident İlham Əliyev "Azərbaycan Respublikası hökuməti ilə Gürcüstan hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” barədə müqaviləni təsdiq edib. Eyni zamanda, Fransanın hərbi texnikaları Gürcüstan vasitəsilə Ermənistana daşınması dünya ölkələrinin diqqət mərkəzindədir. Maraqlıdır ki, sazişin imzalanması və silahların daşınması gedişatlara necə təsir edəcək? Mövzu ilə bağlı politoloq Oqtay Qasımov "Paralel.az" ilə fikirlərini bölüşüb.

Oqtay Qasımovun fikirlərinə görə, Azərbaycan Respublikası Höküməti ilə Gürcüstan Höküməti arasında müdafiə sazişinin imzalanması vacib addımlardan biri idi.

"Azərbaycan və Gürcüstan arasındakı münasibətlər strateji tərəfdaşlıq əsasında qurulub və ölkələrimiz arasında çoxşaxəli əlaqələr davam etməkdədir. Dövlət həyatının bir çox istiqamətlərində birgə əməkdaşlıqlarımız var. Azərbaycan ticarət, iqtisadi, enerji, nəqliyyat məsələlərində Gürcüstan ilə strateji tərəfdaşlığa və Qafqaz evi ideyasını dəstəkləyən dövlətlərdən biridir. Təsadüfi deyil ki, son 1 il ərzində Gürcüstan və Azərbaycan tərəfləri 3 dəfə görüşüblər və münasibətlər getdikcə dərinləşməyə başlayır. Qeyd etdiyimiz sahələrdən əlavə, Azərbaycan və Gürcüstan Türkiyə ilə birgə hərbi əməkdaşlıq etməkdədir. Son illər hər üç ölkənin hərbçiləri birgə təlimlərə qatılırlar. Bu baxımdan imzalanan saziş çox vacib sənəddir".

Politoloq vurğulayır ki, Gürcüstanın Fransanın göndərdiyi silahların Ermənistana öz ərazisindən daşınmasına şərait yaratmasına münasibətimiz mənfidir.

"Strateji tərəfdaş kimi Gürcüstandan obyektiv addımlar gözləyirik. Belə ki, Gürcüstan 44 günlük müharibə ərzin öz ərazisindən Ermənistana hərbi texnikaların daşınmasına icazə vermədi və neytrallığını qorudu. Düşünürəm ki, Azərbaycan tərəfi baş vermiş məsələyə görə, Gürcüstan tərəfi ilə müzakirələr aparacaq. Belə halların təkrarlanmaması üçün müəyyən bir razılıqlar əldə olunacaq. Fransanın təhriki və Avropa İttifaqının namizəd üzvlük məsələsi ilə Gürcüstanı qərbin Qafqazdakı fəaliyyətinə qoşmaq istəyirlər. Düşünürəm ki, Gürcüstanın siyasi rəhbərliyi bu məsələlərdə edilən yanlışlığı aradan qaldırmaq üçün müvafiq addımlar atacaqlar. Gürcüstan rəhbərliyi bu nüansları nəzərə alıb, sonrakı dönəmlərdə bu tipli addımların atılmasına imkan verməyəcək".


Fatimə Mustafayeva,
BDU-nun jurnalistika fakültəsinin tələbəsi

0.026047945022583