Səhv qərarlar, itirilmiş fürsətlər - İlham Əhmədov
SON 15 İLDƏ XARİCDƏ TƏHSİL DÖVLƏT PROQRAMINA 1 MİLYARD DOLLARDAN ÇOX MALİYYƏ SƏRF EDILİB. BU PUL ÖZ UNIVERSITETLƏRIMIZIN INKIŞAFINA SƏRF EDILSƏYDİ İNDİ UNİVERSİTETLƏRİMİZ XEYLI INKIŞAF EDƏR, REYTINQLƏRDƏ DAHA YAXŞI MÖVQELƏRDƏ OLARDI. AMMA BİZ BU PULLARLA ABŞ VƏ AVROPA UNİVERSİTETLƏRİNİ VƏ İQTİSADİYYATINI MALİYYƏLƏŞDİRDİK.
Milli universitetlərimizin qlobal inkişafdan geri qalma səbəblərindən biri də ATM-imizin real təlabatdan dəfələrlə az səviyyədə maliyyələşməsidir. Bu vəziyyət artıq 30 ildir ki, belə davam edir. Bu illər ərzində ATM-nin inkişaf yönlü layihələrinə, onların real problemlərinin həllinə heç minimal həcmdə də olsa vəsait ayrılmayıb. Universitetlərin təhsil haqqından qazandığı az vəsaitlə formalaşan büdcələri oların yaşam uğrunda mübarizəsinə güclə çatırdı.
Eyni zamanda bu illər ərzində təhsilə ayrılan pullar heç də səmərəli xərclənməyib. Bu səmərəsiz xərclərdən biri də gənclərin xaricdə təhsili proqramları və bu məqsədlə ayrılmış pullardır. Təhsilə dair bu proqram nəticə etibarı ilə gözlənilən səmərəni vermədi (özündən əvvəlki və sonrakı digər proqramlar kimi). Proqramın ölkə iqtisadiyyatına real faydası da az oldu.
2007-ci ildə bu dövlət proqramı müzakirə ediləndə biz təklif etmişdik ki, bu proqrama sərf ediləcək 1 milyard dollar öz yerli universitetlərimizin inkişafına sərf edilsin. Bu halda 5 il ərzində ATM-miz xeyli inkişaf edərdi, reytinqlərdə daha yaxşı yerlər tuta bilərdilər. Amma təklif məmurların mənafeyinə uyğun olmadığı üçün əhəmiyyət verilmədi.
Xaricdə təhsil alan əksər gənclərin səviyyəsi o qədər zəif idi ki, onlar dövlət qulluğuna qəbul imtahanlarından az ball toplayırdılar. Bəzi yerli ATM-nin məzunları onlardan daha yaxşı nəticə verirdi. Bu qüsurları ört- basdır etmək üçün növbəti dəfə səhv qərar qəbul edildi: xarici universitet məzunları dövlət qulluğuna imtahansız qəbul edilsin. Bu isə kobud qanun pozuntusu idi.
Xarici universitetlərdə yaxşı oxuyan tələbələrimizin böyük bir qismi orda qaldı, iş tapıb geri dönmədilər, bu pullar öz ölkəmizin deyil başqa ölkənin iqtisadiyyatına xidmət etdi. Az qismi məzun geri döndü, amma onların da müəyyən qismi burda iş tapa bilmədi, məcburən geriyə, oxuduqları ölkələrə qayıtdılar. Məzunların məcburən 5 il burda işləmək tələbi də çox vaxt reallaşmırdı, çünki, vakansiyalar az idi.
Məncə belə bir mühüm təhsil proqramı hərtətəfli işlənməmiş, qüsurlu hazırlanmış, icrası keyfiyyətsiz, səmərəsi isə az olmuşdur. Bura sərf edilən pullar öz universitetlərimizin inkişafına yönəldilsəydi, indi iniversitetlərimizdə tam fərqli vəziyyət olardı, burdan xaricə deyil, bəlkə də xaricdən bura xeyli tələbə təhsil almağa gələrdi.
Universitetlərimiz qlobal təhsil məkanında rəqabətqabiliyyətli deyil. Büdcələri bizim ATM-dən 30-50 dəfə çox olan xarici universitetlərlə bizim universitetlərimiz necə rəqabət apara bilər ki?
Vaxtı ilə ali təhsilin rəqabətqabiliyyətinin yüksəldilməsi məqsədi ilə də dövlət proqramı da icra edilmişdi. Amma proqram birtərəfli istiqamətdə hazırlanmışdı. Digər problemlər həddən çox, proqrama ayrılan vəsait çox az olduğundan, universitetlərimiz yenə rəqabətqabiliyyətli ola bilmədi. Amma xaricdə təhsil üzrə dövlət proqramı digər ölkələrin təhsilinin rəqabətqabiliyyətliyini maliyyələşdirdi.
Bu proqrama ayrılan pullar yaxşı olardı ki, milli universitetlərimizin rəqabətqabiliyyətliyinə xidmət edərdi, milli maraqlar bunu tələb edirdi.
2024-cü ilin büdcəsində ali təhsilə 134 milyon manat ayrılıb (80 milyon dollar). Bu toplam büdcə bir çox xarici universitetlərin büdcəsinin heç 10 % deyil. Təbii ki, bizim universitetlərə ayrılan bu büdcə inkişafyönlü deyil. Bir normal universitet büdcəsinin 10%- ni 50 universitet arasında necə bölək ki, ali təhsilimiz inkişaf etsin, reytinq qazansın, Avropa universitetlərinə çatsın və hələ bir onları ötsün də?
Rektorlarmızdan biri keçən il əvvəl deyirdi ki, bizim universitetlərimiz zəif deyil, sadəcə Avropa universitetləri sürətlə inkişaf edirlər. Amma daha doğru cavab bu idi ki, 1 Avropa universitetinin büdcəsi bizim 50 universitetin 1 illik büdcəsindən 10 dəfə çoxdursa, biz necə onlarla rəqabət apara bilərik? Hələ üstəlik biz də onlara 10 il əvvəl xaricdə təhsil dövlət proqramı xətti ilə 1 milyard sərmayə qoymuşuq. Amma öz universitetlərimizə büdcədən 134 milyon ayırırıq.
Azərbaycanda ali təhsil xərcləri yüksək deyil, büdcə təsnifatında ali təhsil xərcləri ayrı-ayrı köməkçi bölmələrdə verildiyi üçün bu rəqəm çaşqınlıq yaradır. 2024-cü il büdcəsindən universitetlərə "Ali təhsil" köməkçi bölməsi üzrə 134 mln. manat, "Təhsil sahəsində digər müəssisə və tədbirlər" köməkçi bölməsindən isə 290 mln. manat ayrılacaq. Bu məbləğ dövlət hesabına təhsilin maliyyələşdirilməsi üçündür. 290 mln. manatın da 170 mln. manatı tələbə təqaüdləri üçün nəzərdə tutulur, bunun universitetlərə aidiyyatı yoxdur. Yəni, ali təhsilə cəmi 250 milyon manat ayrılacaq. Təbii ki, çox azdır bu.
Ölkənin təhsil büdcəsinin inkişaf yönlü olması üçün ən azı ÜDM-in 7% həcmində olmalıdır, bu beynəlxalq standartdır. Bizdə isə 3,5 %. Universitetin təhsil yönlü büdcəsi formalaşması üçün hər tələbəyə ortalama 5000 man. hesabı ilə təhsil haqqı büdcədən verilməlidir, çünki, ETN E. Əmrullayev demişkən, 1500 manata mühəndis hazırlanmaz. Nəzərə alınmalıdır ki, son 30 ildə universitetlər öz ehtiyaclarının heç 20 % həcmində belə maliyyələşib. İndi ATM normal büdcəyə sahib olmalıdır ki, 30 illik gerilik dəf edilsin.
Əslində keçən həftə ETN və TİF keçirdiyi Təhsil Forumu məhz bu tip fundamental məsələrin müzakirəsinə həsr edilməliydi. Ali təhsilin və elmin maliyyələşməsi normal deyilsə, onda hansı innovasiyalardan, sənaye-universitet əməkdaşlığından, tədqiqat universitetlərində, reytinqlərdən dnışa bilərik ki?
"Paralel.az"