Haram qazananların son aqibəti...

Haram qazananların son aqibəti...
 

Tapdıq Abbas 

Qarabağ müharibə veteranı, "Əməkdar Mədəniyyət işçisi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, "Azad Jurnalistər Təşkilatı" İB dönəm sədri, Qarabağ Komitəsi İdarə Heyətinin üzvü

Belələrinin sayı ölkədə niyə artır?..

Azərbaycan əhalisi az, lakin təbii (neft-qaz) sərvəti çox olan dünyanın azsaylı ölkələrdəndir. Ölkənin təbii sərvətlərinin zənginliyi, coğrafi mövqeyinin hədsiz cəlbediciliyi dünyanın super dövlətlərinin diqqətini ölkəmizə cəlb edib və bu, indi də davam edir.

Azərbaycan xalqının hüquqlarının qorunmasına gəlincə isə, ölkəmizin zənginliyi xalqın firavan həyat yaşamasına güclü təkan vermək əvəzinə, xarici düşmənin vasalı olan məmurların haram gəlir mənbəyinə çevrilib. Rüşvətxor məmurlar ölkədə meydan sulayır, onların qanunla, insan əxlaqıyla bir yerə sığmayan əməllərinə son qoyulmaması ölkə qanunlarının işləməsinə imkan vermir.

Allahın hər bir insana vacib saydığı pak əməllərdən imtina edən, haram qazanc üçün əxlaq, qanun və ölkənin nizamını pozan məmurlar düz 32 ildir sərasər, ölkəmizin verdiyi 30 mindən çox Şəhidlər hesabına qazandığı müstəqilliyi əsl "müstərliyə" çevriblər. Hətta ölkə Prezidenti rüşvət, əxlaqsızlıq düşkünləri bu tiplərə qarşı həbs etməklə, vəzifədən qovmaqla "müharibə" aparsa da, bunların sayı azalmır, əksinə, hər gün artır...

Xalqın hüququnun rüşvətxor məmurlar tərəfindən Allahsızcasına daim pozulması ilə davam edən mənfi proseslərin daxili düşmənlərin ölkədə məqsədyönlü davam etməsi, heç şübhəsiz, düşmənlərimizin tərtib etdiyi planlı siyasətidir.

Əslində, bu, həm də xalqı öz haqqı uğrunda mübarizədən çəkindirib, normal yaşamaq, dolanmaq üçün xarici ölkələrə - Rusiyaya, Avropaya, Türkiyəyə və dünyadakı digər dövlətlərə qaçmağa məcbur etmək siyasətidir...

Hər bir ölkə vətəndaşı hər gün dövlət orqanlarında rüşvət, korrupsiya, qanunların ayaq altına atılması kimi mənfi hallarla qarşılaşır, ona görə də, bu məmləkətdə vəzifə tutan hər bir məmurun haram yediyini sübut etməyə əlavə misal gətirməyə heç ehtiyac da yoxdur!

Hazırda qazanc əldə etmək naminə hakimiyyətdə vəzifə tutmuş, boy sırasına düzülmüş, bəlkə də, sayı-hesabı bilinməyən minlərlə qohum-əqraba, kürəkən, kirvə, kirvələrin yaxınları, hətta onların dost-tanışları və digər yaxınları vəzifə tuturlarının, ancaq bir amalı var - mümkün qədər çox var-dövlət toplamaq, sərvət oğurlayıb, xaricə çıxarmaq!..

Hər gün rüşvət və korrupsiya ilə haram qazanc qazandığı şübhə doğurmayan, bazar, market və digər ticarət obyektlərində çəkidə, ölçüdə, qiymətdə insanları aldadan, bu yolla evinə haram aparan, bütün ailəsinə və hətta körpə balasına, ALLAHın xəbərdarlığından çəkinmədən, haram yedirən adına adam deyilən məxluq insanlıq üçün əsl təhlükə mənbəyinə çevrilib...

Müşahidə etdiyim və şahidi olduğum çoxsaylı hadisələrə əsasən, bildirim ki, hazırda insanlar yırtıcı vəhşi heyvanlardan əsla qorxmurlar, amma yalnız haram qazanc, var-dövlət, sərvət əldə etmək üçün ALLAHın (t.t.) insana qadağan etdiyi harama əl uzadaraq, insanlıqdan üz döndərmiş rüşvətxor məmurlardan daha çox qorxur...

Bu yazını oxuyan məmurlar qoy, məni ədalətsizlikdə suçlamasınlar! Suçlayırlar da, bunun onlara heç bir faydası olmayacağını duysunlar!

Xöşbəxtliyə aparan hər iki dünyadakı ən yaxşı yol HAQQA xidmət etməkdən keçir, ona görə, HAQQA qayıdın!..

 

0.010143041610718