80 - cı illərin əvvəlləri idi... - Akif Mirsiyaboğlu yazır

80 - cı illərin əvvəlləri idi... - Akif Mirsiyaboğlu yazır
 

80 - cı illərin əvvəlləri idi . Xankəndi şəhər daxili işlər şöbəsində işləyirdim .Adətən hər həftənin ilk iş günü əməliyyat müşavirəsi ilə başlayardı . Qrafik əsasında təyin olunmuş əməkdaş , həftənin siyasi icmalını şəxsi heyətə çatdırdıqdan sonra şöbənin rəisi Abramyan görülən işlərdən bəhs edər , sonda isə ardıcıllıqla özünün , vilayət daxili işlər idarəsi rəisinin , respublika daxili işlər nazirinin və sonda SSRİ daxili işlər nazirinin əmrlərini özünəməxsus ,,xüsusi istedadla" elan edərdi .Ömür boyu hər bir erməninin harda yaşamasından asılı olmayaraq ayrıla bilmədiyi erməni ləhcəsi ,,Çənə" ləqəbli Armoda daha güclü idi . Abramyan uzun illər boyu nazir postunda qalmağı bacarmış Brejnevin yaxın dostu Şelokovu əvəz edən , nazir Fyodorçukun soyadını tələffüz edəndə zaldan xəfif bir uğultu keçərdi .F hərfini P hərfi kimi tələffüz edən erməni milis rəisi Fyodorçuku , Pidarçuk kimi səsləndirəndə dilimizi , dişimizin arasına sıxıb gülüşümüzü güclə boğurduq . Növbəti əmr şöbənin iki - üç azərbaycanlı əməkdaşını nə qədər kədərləndirmişsədə , mütləq çoxluq təşkil edən erməniləri üçqat artıq sevindirmişdi . Buna görədə əmrin sonunda rəis qorod Moskva , ministr vnutrennix del SSSR qeneral armii Pidarçuk oxuyanda zal bu dəfə heç bir reaksiya vermədi .
Ermənilər tərəfindən hədsiz maraq və razılıqla rarşılanan əmrin qısa məzmunu isə belə idi . Otlaq sahəsi adı altında mərkəzi hakimiyyətin Qazax rayonu ərazisində yerləşən torpaqlarımızın növbəti dəfə Ermənistana peşkəş olunmasına yerli sakinlərin kütləvi etiraz nümayişinə görə rayonun bütün rəhbər işçiləri partiya sıralarından xaric edilmiş , cəzalandırılmışdılar .Bu qanunsuzluq rayon milisindən də yan keçməmişdi .O , zaman Qazax milisinə rəhbərlik edən Baqişev soyadlı tanınmış milis rəisi vəzifəsindən azad edilmiş , digər əməkdaşlar haqqında da ciddi intizam tənbehi görülmüşdü .
Bu hadisələrin bənzəri o qarmaqarışıq illərdə çox tez - tez baş verirdi . Xalqının yanında olmaq istəyən , ermənilərin məkrli niyyətlərinə qarşı çıxan partiya , sovet eləcədə hüquq muhafizə orqanlarının əməkdaşları mərkəzi hakimiyyətin təzyiqi nəticəsində , iradəsiz respublika rəhbərliyi tərəfindən çox ağır şəkildə cəzalandırılırdı . Qarabağ hadisələrinin başlandığı ilk illərdə Ağdam milisində xidmət edən zaman belə haqsızlıqlarla çox üzləşmişəm .O , dövrdə bir yerdə çalışdığımız Rizvan Quliyev , Natiq Əliyev , Cahid Hüseynov və başqaları bütün bunların canlı şahidlərindəndirlər .Əhalidən ov silahlarının yığılmamasına , Əsgərana yürüş edənlərin müəyyən edilməməsinə , Xocavənddən , Ağdərədən Xankəndinə mitinqə hayları daşıyan avtobusların daş - qalaq edilib əzilməsinə , ərazidə olan hayların və mülklərinin qorunmamasına görə üzləşdiyimiz hədə - qorxular , təhdidlər , inzibati tənbehlər , orqandan xaric olmalar və s . bu kimi haqsızlıqlardan kimin xəbəri vardı ? Əksinə bütün bunlarla bərabər o dövrdə erməni ilə üzbəüz dayanan yeganə silahlı qüvvəmiz olan milis qınaq obyekti idi . Mitinqlərdə "düşmənimiz milislər və kommunistlərdir " deyərək hayqıran insanların bundan əsla xəbəri yox idi .Demirəm ki , hamımız eyni idik , süddən çıxmış ağ qaşıqlar idik . Bəli içimizdə öz xalqına divan tutan , bu qarışıq dövrdə karyera yaratmaq , var - dövlət toplamaq aşıqləridə yox deyildilər . Bütün bunları yazmaqda yeganə məqsədim isə gec də olsa haqqı bilinməyən insanların xatırlanması və onların barəsində ölkə ictimaiyyətinə geniş məlumat verilməsidir.

"Paralel.az" 

0.041803121566772