“Halal pul, maliyyə, pensiya” siyasətinə - “halal hökumət”ə ehtiyac var
Hökumət qazilərin , şəhidlərin halal haqlarını yeyir
Büdcə müzakirələrinin qızğın çağında “halal dərman” söhbətinin ortaya atılması dövlət büdcəsinin gəlirlərinin hansı yollarla formalaşmasından asılı olmayaraq xərclərinin halallıqla bölünməsi fikri ilə çıxış etməyimizə nədən oldu. Vətəndaşın halal vergisindən, sığorta haqlarından , dövlətin iqtisadi gücündən ... formalaşan büdcədən , özəlliklə, savaş adamlarına- qazilərə, şəhidlərə , pensiyaçılara ayrılan halal pensiyanın, pulun, sosial yardımın.. haramlıqla yeyilməsinə bəlkə “halal hökumət” son qoya bildi. Yoxsa yurdun halal süd əmmiş oğullarının halal pensiyalarının cüziliyi bir yana, hələ üstəlik maliyyə, sosial, pensiya məmurlarının da haram yeminə çevrilməsi faktdır.
Büdcə xərclərinin halallıqdan qıraq bölgüsünə baxın, zabit Qarabağ qazisinin vəzifə maaşı , pensiyası (ortalıq 500 manat) Heydər Əliyev Mərkəzinin xadiməsinin donluğundan ( 1002 manat) iki dəfə azdır. Başqa misal: Şəhidin 11 min manatlıq qanpulu hara, deputatın , hakimin və s. 140 min manatlıq sığorta pulu hara! Halal (süd əmmiş) şəhid dövlətə belə ucuzdur? Axı hərbi xidmətin dövlət qulluğunun xüsusi növü olmasını “Dövlət qulluğu haqqında” qanun doğrulayır! Bəs niyə qazi, şəhidlərin təminat xərcliyinə- əməkhaqqılarına deputatların, hakimlərin, digər dövlət qulluqçularının maaşlarına əməkhaqqıları miqdarında əlavə hesablanmır? Biz hələ onu demirik ki, 05.11.2022-ci il tarixli qanunla deputat korpusu qazilərin, əlillərin, şəhidlərin əvvəl tutmuş olduqları vəzifələr üzrə əməkhaqqılarının artırılması əsasında pensiyalarının bu artıma uyğun hesablanmasını nəzərdə tutan “Əmək pensiyaları haqqında” qanunun 29.2 maddəsini ləğv etdi. Niyə? Heç demə, hərbi xidmətə yararsız əlil-qazi, cənnətdə vətənin “hərbi xidməti”ndə dayanan ŞƏHİD dövlətə məcburi sığorta haqqı ödəmirmiş!(?) Buna da şükür, yaxşı ki, hələ indiyədək əlil-şəhidlikdən sonrakı artımlar əsasında aldıqlarını geriyə tələb etmirlər. Konstitusiyanın buna yol vermədiyini iddia edənlər yanılırlar. Nədən pensiya orqanları nə qanun tanıyır, nə Konstitusiya. Bir də gördün, Konstitusiyanı da dəyişdirdilər. Yeri gəlmişkən, elə hərbi pensiyaçıların, əlil, şəhidlərin xidmətdən sonra məcburi sığorta ödəməməsi nədəni ilə pensiyalarının artırılmasının yolverilməzliyini Konstitusiya Məhkəməsi Plenumu 15.05.2020 tarixli Qərarla qət edib. İki il yarım sonra- Böyük Zəfərin 2-ci ildönümündə Milli Məclis son nöqtəni qoyub. Əlil, şəhidlərin halal qanpuluları- pensiyaları haramlıqla azaldılıb, daha doğrusu “baltalanıb”.
MM-də müzakirələr Böyük Zəfərin 3-cü ilinə düşür. Zəfərin halal yiyələrini – qaziləri, şəhidləri maddi anlamda hələ ki yada salan yoxdur. Şəhid, qazilərin halal pullarına dəyməsinlər, artım özlərinə qalsın. Elə-belə söz deyil bu. Fikir verin, Zəfərdən növbəti ayda 2020-ci ilin 30 dekabrında qazilərin “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsi ilə 15 il haqq etdikləri, lakin verilməyən 55,77 və 110 manatlıq halal müavinətləri ləğv edildi və pensiya orqanı hətta məhkəmə qərarı ilə pensiyasına əlavə əldə edənlərin hallal haqqını yeyir; 2021-ci ilin 23 dekabrında Zəfərin bir illiyində Prezidentin 1525 saylı fərmanı ilə vəzifə maaşlarına 20 faizlik əlavə müəyyən edilən əlil, şəhid ailələrinə bu fərman tətbiq edilmədi ki, “əlavə artım demək deyil”. 2022-ci ilin 5 noyabrında- Zəfərin 2-ci ilində , vurğuladığımız kimi, 29.2 maddəsi ləğv olundu və bu qanun geriyə- bir il qabaqkı prezident fərmanına tətbiq olundu. Bu yol heç məhkəməyə müraciət etməyə də kobud qadağa qoyuldu, DSMF-də Konstitusiyaya zidd olaraq yaradılan Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialın -39 saylı vəkil bürosunun 30 vəkil-dövlət işçisi qazi-şəhidlərin halal pulunu yeməklərinin qarşılığında pensiyaçı qazi, şəhid ailələrinin məhkəmə təminatı hüququna da qeyri-prosessual qadağa qoyub. Qazi-şəhidlərin halal pulu, pensiyası haram məqsədlərə xərclənməkdə davam edir.
Görəsən, vətənin halal balalarının halal pensiyalarına haram gözlə baxılmasına son qoyulacaqmı? Kolbasa , dərman “halallıq” alıb, hökumət- maliyyə, sosial müdafiə, hüquq , icra, qanun, məhkəmə orqanları hələ də qazilərin halal haqlarına halallıq vermir.
Dərman , elm kimi, milli-dini , halal-haram ola bilməz. Amma hökumət mütləq milli, xəlqi olmalıdır, halal olmalıdır, halal!
Məğrur Bədəlsoy