Alver və Antey 
(Pritça)

Alver və Antey (Pritça)
 

Məlum olduğu kimi, Makedoniyalı İskəndər qədim dünyanın ən böyük fatehlərindən biri olub. Eramızdan 300 il əvvəl özünün nəhəng imperiyasını qurub, Şimal dənizindən Cənub dənizinə, günbatandan günçıxana kimi, dünyanın yarısını tutub. Şimalda Germaniyanı, Yunanıstanı, cənubda İranı, Turanı işğal və ram etdikdən sonra Əfqanıstana qoşun yeridir. Amma onun arzusu Hindistanı işğal etmək və “dünyanın axırı”na çatmaq idi...

Doğrudur, İskəndər Əfqanıstan ərazisini tezliklə işğal edir, amma xalqını ram edə bilmir. Məlum olduğu kimi, əfqan xalqı dünyanın ən məğrur, yenilməz xalqlarından biridir və tarix boyu təcavüzə məruz qalsa da, heç kimə boyun əyməyib, bac verməyib. Yeri gəlmişkən, İskəndərdən 23 əsr sonra Rusiya, ABŞ da Əfqanıstanı ram edə bilmədi, geri çəkildi. İskəndər də bütün qışı Əfqanıstanda qalır, amma xalqın iradəsini sındaıra bilmir. Böyük dağlıq ölkənin hər yerində xalq üsyanları başlayır. Qarşıdan da Hindistan səfəri yaxınlaşır...

Rəvayətə görə, İskəndər onu müşayət edən alimləri, filosfları yığır. Onların fikrini soruşur. Alimlərin bəzisi əsarət zəncirlərini sıxmağı, üsyan edənlərin hamısını qırmağı təklif edir. İskəndər deyir, bunu etmişik. Başqa alimlər isə, əsarət zəncirlərini boşaltmağı, xalqın ağsaqqalları ilə danışmağı, razılaşmağı təklif edir. İskəndər deyir, bunu da etmişik. Nəhayət filosoflardan biri original bir fikir söyləyir, məclis diqqətlə dinləyir...

Filosof deyir əfqan xalqı torpağa bağlı xalqdır, çörəyi torpaqdan çıxır. Yazı-yayı düzdə əkinçiliklə, bağçılıqla, payızı-qışı dağda maldarlıqla, ovçuluqla məşğul olur. Torpağa bağlı olan xalqı isə, əfsanəvi qəhrəman Antey kimi məğlub etmək mümkün deyil. Nə qədər ki, Anteyin ayaqları doğma torpaqdadır, o, məğlubedilməzdir. Düşünürəm ki, Herakl kimi fənd işlətmək, Anteyi, yəni əfqan xalqını doğma torpaqdan ayırmaq lazımdır. İskəndər də, məclis də diqqətlə qulaq asır, filosof fikrini açıqlayır. Deyir xalqı torpaqdan ayırmağın, sındırmağın yeganə yolu onu xırda alverə öyrəşdirməkdir. Alverçinin torpağı olmur, malı-pulu olur. Bunun üçün İrandan, Turandan ucuz mal, ərzaq gətirmək və Əfqanıstanda yerli istehsalı məhv etmək lazımdır...

Deyirlər, filosofun fikri İskəndərin başına batır, amma qış qurtarır, Böyük Hindistan səfəri başlayır. Iskəndər Əfqanıstan məsələsini sonraya saxlayır, Hindistana hücum edir. “Fillər ölkəsi”nin yalnız şimalını işğal edə bilir, cənubuna - “dünyanın axırı”na çata bilmir. Bu zaman İskəndərin paytaxt elan etmək istədiyi Babil şəhərində (İraq, Bağdaddan cənubda, Bəsrə yaxınlığında – Q.A) ixtişaşlar başlayır. İskəndər təcili geri qayıtmalı olur, amma arzularının paytaxtına çata bilmir. Yolda qara qızdırmadan xəstələnir və 33 yaşında vəfat edir. Beləliklə, Əfqanıstanın, əfqan xalqının canı böyük bir bəladan qurtarır...

Qalib Arif

"Paralel.az"

0.040041923522949