Cənab nazir, müəllimlərin işə qəbulu prosedurunun yanlışları məqsədlidir, yoxsa?.. – SUALLAR

Cənab nazir, müəllimlərin işə qəbulu prosedurunun yanlışları məqsədlidir, yoxsa?.. – SUALLAR
 

Elm və Təhsil Nazirliyinin nəzdindəki Təhsil İnstitutu tərəfindən mücərrəd meyarların tətbiqi nəticəsində bal toplasa da, işsiz qalan diplomluların narazılığı artır. Mövzunun aktuallağını nəzərə alaraq, sistemdəki problemləri ümumiləşdirərək, Elm və Təhsil Naziri Emin Əmrullayevin diqqətinə təqdim edirik:

Artıq neçə ildir ki, müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş şəkildə Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilir. İlk illərdə qəbul prosedurunun sadəliyi imkansız vətəndaşların müəllim olmaq arzusunun gerçəkləşdirilməsi baxımından təqdir olunurdu. Lakin sonrakı illərdə, xüsusilə son 2–3 ildə müəllimlərin işə qəbulu prosedurunda tez-tez dəyişdirilən qaydalar, nəzərəçarpan çatışmazlıqlar, gizli oyunlar və haqsızlıqlar təbii olaraq vətəndaşlar arasında etirazlara səbəb olur.

Ötən ildə olduğu kimi, bu il keçirilən imtahanda da metodikadan sualların həddindən artıq qəlizləşdirilməsi, ixtisas suallarının bəzilərində kobud səhvlərin, müsahibə mərhələsinin təşkilində dəhşətli dərəcədə çatışmazlıqların olması, bir çox hallarda bu prosesin məqsədindən kənara çıxması halları ciddi narazılıqların və sualların yaranmasına gətirib çıxardı.

Sertifikasiyadan keçirirsənsə, bu qədər həngamə nədir?

Məlum olduğu kimi, müəllimlərin işə qəbulu ilə paralel bu il də sertifikatlaşdırma imtahanı keçirildi və 773 müəllim sertifikasiyadan keçmədiyi üçün işdən çıxarıldı (Onların birdən-birə işsiz qalması da dövlətə, təhsil sisteminə qarşı narazılıqlara səbəb oldu). Buradan məlum olur ki, məktəbə qəbul edilən müəllim onsuz da 3 ildən bir sertifiksiyadan keçirilir, həmin vaxt müsahibə də olur. Meyarlara uyğun gəlməsə, tutduğu vəzifədən kənarlaşdırılır. Yəni, müəllimi bir neçə ildən sonra sertifikasiyadan keçirirsənsə, bu qədər həngamə nədir və kimə lazımdır?

Həngamə odur ki, namizəd müəllimlərin işə qəbulu imtahanında iştirak edir, keçid balından da yüksək bal toplayaraq, vakant yer seçmək, daha sonra isə müsahibə mərhələsində iştirak hüququ qazanır. Müsahibəyə dəvət olunur, bir çox halda psixoloqun və ixtisas üzrə müəllimin olmadığı iki nəfər müsahibə götürür, ixtisasdan, psixoloji situasiyalardan yan keçərək, coğrafiya və siyasətdən bir neçə sual verərək, ötüşdürür və bir həftə sonra göndərilən məlumatda bildirilir ki, tutduğun vakant yerə uyğun olmadığın barədə komissiya qərar qəbul edib (???). Hansı subyektiv səbəblərdən bal verilmədiyi və belə bir qərar qəbul olunduğu heç kimə məlum olmur. Ona görə ki, qərarın səbəbi heç bir namizədə açıqlanmır.

Cavab aldıqdan sonra apellyasiya şikayəti versən də, faydası olmur. Apellyasiya zamanı müsahibədən niyə narazı qalmağını soruşmaq, hansı səbəbə görə kəsildiyini başa salmaq əvəzinə yenidən müsahibə aparılır və əvvəlki müsahibədən daha yaxşı cavab versən də, şəxsi kabinetinə hansısa mücərrəd meyarların əsasında yenə tutduğun vakant yerə uyğun gəlmədiyin barədə məlumat göndərilir. Tutduğu vakant yerə uyğun gəlmədiyinə əsas verən meyarların nələrdən ibarət olması açıqlanmır ki, apellyasiyadan keçməyən namizəd səbəbini bilsin, növbəti dəfə belə səhvlər etməsin…

Apellyasiyadan keçməyən namizəd Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinə şikayət edir. Şikayətə isə bir aydan sonra, yəni tutulacaq yerlər tutulduqdan, vakant yerlər kiməsə saxlandıqdan sonra iki cümləlik cavab gəlir: “Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılıb…”.

Nə müsahibə? Bəs apellyasiya nə üçün idi? Niyə namizədi çağırıb qabağına fakt qoymursunuz ki, bu səbəblərə görə müəllim olmağa layiq görmürük?

Bunların hamısı təşkil olunan müsahibənin görüntü xarakteri daşıması, haqsızlığa uğrayanların isə qeyri-müəyyənliyə sürüklənməsi, gələn ilə qədər heç bir imkan verilməməsi kimi diskomfort duruma salınmasıdır.

“Mən harada yanlış yapdım?”

Qeyd edək ki, hansı səbəblərdən onun tutduğu yerə uyğun olmadığı barədə qərar qəbul edilməsinin namizədə açıqlanmaması ciddi narazılıq yaradır. Məsələn, “Facebook” sosial şəbəkəsində İnsan Resursları Mərkəzinin səhifəsində narazı qalan namizəd yazır: “Yaşadığım rayon üzrə 73 bal yığaraq, 1-ci sıranı tutan, ixtisasdan 34 sualı düzgün cavablandıran, müsahibədə də cəmi 1 sualdan başqa, bütün sualları düzgün cavablandıran bir müəllim kimi məni niyə layiq görmədiklərini heç cür başa düşə bilmirəm”.

Digər bir sosial şəbəkə istifadəçisi isə işə qəbul prosedurunda imtiyaz verilən şəhid ailələri ilə bağlı atılan addıma sarkazmla etiraz edir: “Testdən kifayət qədər yüksək bal yığmış şəhid övladını müsahibə mərəhələsində kəsdiyiniz üçün xüsusi təşəkkürlər”.

Başqa biri etirazını belə bildirir: “Hörmətli İnsan Resursları Mərkəzi, sizin şəffaflığınız budur? Bəs etmədi filologiya ixtisası üzrə kəsdiyiniz 5 minə yaxın müəllim, indi müsahibədən kəsmisiniz məni? Hicabım sizi bu qədərmi narahat etdi? Onda mən əziyyət çəkib test mərhələsində niyə iştirak edirəm, vakant yer tuturam? Bakı şəhərində vakant yer tutmuşdum, ixtisas balım da bu il yaxşı idi. Mən belə başa düşürəm sizə savadlı kadr lazım deyilmiş, sertifikasiyadan 12 bal toplayan müəllim lazım imiş!!!”

Müsahibə mərhələsində baş vermiş çatışmazlıqlardan biri də sosial şəbəkələrdə, daha doğrusu, İnsan Resursları Mərkəzinin səhifəsində bu sualla qabardılır: “Bu müsahibə mərhələsində ixtisas müəllimi yox idi. Apellyasiya mərhələsində də ixtisas müəllimi olmayacaq?”.

Acınacaqlı durum odur ki, həlledici mərhələ sayılan müsahibə mərhələsində bir çox hallarda ixtisas müəllimi iştirak etmir. İxtisas müəlliminin iştirakı olmadan həmin namizədin müvafiq ixtisas üzrə müəllim kimi fəaliyyətinin meyarları müsbət balla kim tərəfindən qiymətləndirilir?

Apellyasiya mərhələsinə ümid bağlamamağın səbəbi də odur ki, o zaman namizədin şikayəti araşdırılmır. Apellyasiya verən namizədə müsahibədən niyə narazı qalması, hansı səbəbə görə kəsildiyini başa salmaq əvəzinə yenidən müsahibə aparılır və sonda mücərrəd meyarların əsasında yenə tutduğu vakant yerə uyğun gəlmədiyi barədə məlumat göndərilir. Bu prosesdə müəllim olmaq istəyən namizəd bir türk mahnısında deyildiyi kimi “harada yanlış yapdığı” sualına cavab ala bilmir. Məsələn, “Facebook” sosial şəbəkəsində İnsan Resursları Mərkəzinin səhifəsində apellyasiyadan da narazı qalan namizəd yazır: “Mən müsahibədə cəmi 1 suala düzgün cavab verə bilmədim. Məni niyə layiq görmədilər, başa düşmədim. Belə başa düşdüm ki, apellyasiyadan heç kim keçməyib. Burada hamı yazır ki, keçirməyiblər”.

İşə qəbul proseduru yanlış sistem üzərində qurulub

Müəllimlərin işə qəbulu proseduruna hərtərəfli nəzər yetirdikdə, prosesin kökündən yanlış sistem üzərində qurulmasını görmək mümkündür. Birincisi, müəllimlərin işə qəbulunun şəffaf olmasını təmin etmək istənilirsə, subyektiv qərarların qəbul edilə biləcəyi bəribaşdan məlum olan müsahibə mərhələsinə ehtiyac yoxdur. Yəni, orada verilən suallara alınan cavablar namizədin müəllim ola biləcəyində həlledici rola sahibdirsə, onda müsabiqə nəyə lazım idi? Yaxud imtahana hazırlaşmaq üçün əziyyət və xərc çəkən namizədlərin günahı nədir?

Ən gülüncü oldur ki, keçid balından bir qədər yüksək bal toplayan namizədin vakant yeri tutsa da, ora qəbulunun möhtəşəm “komissiya”dan asılı olması uşağın bir anlığa konfetlə sevindirilməsinə oxşayır. Görünüşcə ondan da betərdir. Hətta konfeti göstərib, geri çəkməyə bənzəyir. Belə ki, namizəd kifayət qədər bal yığıbsa, tapmacaya bənzər müsabiqədən də yazdığı 8 yerdən birini güc-bəla ilə tutubsa, ona yenidən əngəl yaradılması nə insan hüquqlarına, nə insanlığa, nə də pedaqoji əxlaqa sığan bir durumdur.

Ən maraqlı məsələ isə odur ki, keçid balından xeyli yüksək bal toplayan namizədin vakant yeri tutmasına baxmayaraq, müsahibə mərhələsindən keçmirsə, müəllimlərin işə qəbulunun növbəti mərhələlərində iştirakdan məhrum olur. Yalnız gələn il bəxtini bir də sınamaq üçün fikirləşməyə göndərilir. Bu çox absurd və məntiqsiz qaydadır.

Çünki əvəzində müəllimlərin işə qəbulunun növbəti mərhələlərində keçid balından bir qədər yüksək bal yığmış, lakin hər hansı səbəbdən (yaşadığı yerə yaxın məktəbdə vakant yerləri yazdığı və ya yüksək bal yığan namizdlərin ehtimal olunan vakant yerləri “bron” elədiyi üçün) vakant yerlərdən birini tuta bilməmiş namizəd müddətli müqavilə ilə işə qəbul edilir. Özü də bu proses artıq müsahibəsiz, yoxlamasız baş verir. Bu əcaib qaydaya da narazı namizədlərin İnsan Resursları Mərkəzinə ünvanlanan sualından bir sitat gətirmək yerinə düşər: “Müsabiqə imtahanından az bal toplayan, müsahibədə iştirak etməyən necə olur ki, 1 il əzrində məktəbdə işləyə bilir, amma mən kənarda qalıram?”

Ən nəhayət, əgər siz müsabiqədən keçən, daha yüksək bal yığan, vakant yer seçən birini müsahibə mərhələsində məktəbdə işləməyə layiq görməyib, tamamilə prosesdən kənara atırsınızsa, ondan aşağı bal toplayan, lakin vakant yeri tuta bilməyən digərinə hansı məntiqlə müsahibəsiz-filansız bir illiyinə də olsa, şagirdlərə dərs demək hüququ verirsiniz?

Beləliklə, bütün deyilənlərdən belə bir ümumi nəticəyə gəlmək mümkündür ki, olduqca ziddiyyətli və qaranlıq məqamları olan müəllimlərin işə qəbulunun mövcud prosedurundan imtina etməyin vaxtı çatıb. Çünki son nəticədə mücərrəd meyarların tətbiqi nəticəsində bal toplasa da, işsiz qalan diplomluların narazılığı il-ildən artır.

Qaynarinfo.az

 
0.019203901290894