Zaxarova təxribatlardan danışdı

Zaxarova təxribatlardan danışdı
 

“Biz görürük ki, Qərb mediası sözün əsl mənasında rəsmi İrəvanın təmsilçiləri ilə razılaşıb və onlardan təxribat xarakterli suallara cavablar alıb. Bu yanaşma Moskva ilə İrəvan arasında çoxşaxəli əlaqələrə maksimum zərər vurmağa yönəlib. Təəssüflər olsun ki, indiki erməni reallıqlarında belə qızışdırmalar işləyir”.

"Paralel.az" xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova Paşinyanın KTMT ilə bağlı son bəyanatlarını şərh edərkən deyib.

Zaxarova əlavə edib ki, Qərb mediası bizə də tez-tez təxribatçı suallar verirlər: “Amma biz Ermənistanla münasibətlərimizdə mövcud olan məsələləri ikitərəfli kanallar vasitəsilə həll edirik. Biz bu təxribat bakteriyasının böyüməsinə əsas vermirik. Haqqında danışdığınız müsahibədə Ermənistanın Rusiya ilə əlaqələrinin əhəmiyyətini azaltmağa, respublikanın və onun vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsində hərbçilərimizin və sərhədçilərimizin rolunu aşağılamağa cəhd edilir, onlar KTMT, Rusiya sülhməramlılarının səmərəliliyindən məyus olduqlarını bildirirlər. 

Amma unudurlar ki, 90-cı illərdən Cənubi Qafqazdakı ağır vəziyyət və İrəvanın qonşuları ilə qeyri-sabit münasibətləri nəzərə alınaraq Rusiya hərbi mövcudluğu və sərhədçilərimizin mövcudluğu tələb olunurdu. 102-ci Rusiya bazası erməni həmkarları ilə döyüş hazırlığını və ahəngdarlığı artırmaq üçün müntəzəm olaraq təlim tədbirləri keçirir. Sərhədçilərimiz Ermənistan-Türkiyə sərhədini qanunsuz keçmə cəhdlərinə qarşı mübarizə aparır, Ermənistan-İran sərhədində qaçaqmalçılığı dayandırır və 2020-ci ilin dekabr ayından etibarən Ermənistan-Azərbaycan sərhədlərində də monitorinqlər aparırlar.

Qarabağdakı Rusiya sülhməramlılarına gəlincə, onlar olmasaydı, 2020-ci ilin payızından regionda vəziyyət İrəvan üçün daha dramatik ssenari üzrə inkişaf edə bilərdi”, - o bildirib.

Zaxarova onu da əlavə edib ki, Ermənistan rəhbərliyi monitorinq adı altında Rusiya və İrana qarşı kəşfiyyat məlumatları toplayan, eksklüziv olaraq Brüsselə hesabat verən Aİ missiyasını dəvət etmək qərarına gəlib. 

Mürtəza
Ölkə.Az

 

0.017560958862305