Azərbaycan Qarabağ problemini çözdü, Qərb yeni təhdidlərə start verir?

Azərbaycan Qarabağ problemini çözdü, Qərb yeni təhdidlərə start verir?
 

Qarabağ məsələsinə görə hələ də, Azərbaycana qarşı beynəlxalq təhdid və təzyiqlər davam edir. Qərb yenə köhnə ənənəsinə sadiq qalaraq, ədalətsizliyə yuvarlanır. Aydın görünür ki, Cənubi Qafqazda sülhün gəlməsi Qərb dairələrini çox narahat edir. Süni yaradılmış Qarabağ probleminin həll edilməsi Azərbaycanı gücləndirir, Türkiyəni daha da böyüdür, bölgəsəl gücə çevirir. Bu da ABŞ və Avropadakı rəqiblər üçün arzuolunan perspektivlər vəd etmir.

Maraqlıdır, bu proses Türkiyənin, Rusiyanın daha da güclənməsinə və alternativ gücə çevrilməsinə səbəb olur? Avropadakı müttəfiqlərimiz, əsas da Balkan ölkələri, eləcə də İtaliya bizə nə kimi dəstək verəcək, ya da verirlər? Bu təzyiqlər hara kimi davam edəcək və nə ilə nəticələnəcək?

Mövzu barədə Paralel.az-a danışan siyasi şərhçi Asif Nərmanlı deyib ki, Cənubi Qafqazda təsir dairələrinin bölünməsi mübarizəsi açıq müstəviyə keçib:

“Burada böyük üstünlük region ölkələrindədir, xüsusilə Azərbaycan, Türkiyə və Rusiyanın regionun gələcəyinə dair gündəliyi yaxındır. Qərbdə anlayırlar ki, 44 günlük müharibədən sonra bölgədə zəifləyən təsir imkanları Qarabağda erməni separatizminin ləğvindən sonra sıfırlanmağa doğru gedir.

Bu situasiyanı dəyişməyə çalışırlar. Azərbaycanla Qərbin əməkdaşlığı Ermənistanla müqayisədə daha çox olsa da Bakının regionla bağlı öz proqramı var və üçüncü qüvvələr üçün bölgədə plasdarm olmaq niyyətində deyil. İrəvan isə yeni plasdarm rolunu üzərinə götürüb. Xüsusilə Fransanın rəhbərlik etdiyi cəbhə bölgədəki vəziyyəti Ermənistan üzərindən dəyişməyə çalışır, hərçənd bunun praktiki olaraq mümkün olacağı ehtimalı azdır, çünki coğrafi reallıqlar vəziyyəti dəyişmək imkanlarını zəiflədir. Bu prosesdən ən çox əziyyət çəkən Ermənistanın özü olacaq. Azərbaycana qarşı təzyiqlərin nəticə verəcəyi gözləntisi isə azdır.

Birincisi, enerji əməkdaşlığı var və Avropanın enerji təhlükəsizliyini riskə ata bilməzlər.

İkincisi, Azərbaycana davamlı təzyiq etmək Qərbin Cənubi Qafqazda mövqelərini tamamilə itirməklə nəticələnə bilər, eləcə də bölgədə nəsə əldə etmək perspektivini də sıradan çıxarar. Fransanın vasitəçilik məsələsində üzləşdiyi vəziyyət bunun əyani nümunəsidir.

Fikrimcə, təkcə enerji təhlükəsizliyini vacib hesab edən İtaliya yox, ABŞ-ın özü də Azərbaycana dəstək verir, yaxud təzyiqi bəyanatlarla məhdudlaşdırır. Çünki Vaşinqtonun Avropada maraqları da Azərbaycanla əməkdaşlığın davam etdirilməsini zərurətə çevirir”.

0.01451301574707