Xankəndiyə köç nə vaxt olacaq? – "Əngəl yoxdur..."

Xankəndiyə köç nə vaxt olacaq? –
 

"İşğaldan azad edilmiş digər ərazilər kimi, Xocalıya və Xankəndiyə də Böyük Qayıdışın təşkili ilə bağlı dövlət başçısının tapşırıqları yerinə yetirilir və sakinlərin rəyləri dinlənilir".

Paralel.az xəbər verir ki, bunu "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

O qeyd edib ki, işğaldan azad olunmuş bütün şəhər, qəsəbə və kəndlərimizə geri dönüş dövlətin müəyyən etdiyi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilir və keçiriləcək.

Deputat bildirib ki, hazırda işğaldan azad olunmuş ərazilərin sürətlə bərpası və dirçəldilməsi prosesi gedir:

"Böyük Qayıdışa dair I Dövlət Proqramı vətəndaşlarımızın əzəli torpaqlarına geri qayıtması üçün bütün detalları əhatə edib. Təbii ki, vətəndaşlarımızın işğaldan azad olunmuş ərazilərə geri dönüşü layiqli şəkildə olacaq. Ona görə də bütün dövlət qurumlarının xidmətləri - hüquq-mühafizə, təhlükəsizlik, sosial, təhsil, tibb sahələri - hamısı həmin ərazilərdə sakinlərin firavan həyat sürməsinə yönələcək. Mən də keçmiş məcburi köçkün, Xankəndi şəhər sakini kimi Böyük Qayıdış çərçivəsində öz evimizə, yurdumuza dönəcəyimiz günü səbirsizliklə gözləyirəm".

T.Gəncəliyev deyib ki, Xankəndiyə dönüş də dövlətin müəyyənləşdirdiyi proqram çərçivəsində həyata keçiriləcək. Separatizmin kökü kəsildikdən sonra artıq Qarabağda əmin-amanlıq, təhlükəsizlik təmin edilib.

"İşğaldan azad olunmuş ərazilərdə böyük infrastruktur layihələri həyata keçirilir, bütün şəhər və kəndlərimiz yenidən qurulur, bərpa edilir. Yollar, körpülər salınır, quruculuq işləri mərhələli şəkildə davam edir. İnsanların geri dönüb xoşbəxt yaşaması üçün artıq heç bir maneə, əngəl yoxdur. Tezliklə hamımız öz ev-eşiyimizə dönəcəyik. Bu proses başlayıb, hesab edirəm ki, bundan sonra da sürətlə davam edəcək", - deyə deputat əlavə edib.

 

0.014636039733887