Şərur şəhərindəki ticarət mərkəzi yandı, yoxsa yandırdılar? - (VİDEO, FOTO)

Şərur şəhərindəki ticarət mərkəzi yandı, yoxsa yandırdılar? - (VİDEO, FOTO)
 

Şərur şəhərində fəaliyyət göstərən ticarət mərkəzində yanğın olub.

"Report"un yerli bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şərur şəhərində fəaliyyət göstərən ticarət mərkəzində yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar əraziyə FHN-in Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri, 5 yanğınsöndürən avtomobil cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Hadisə ümumi sahəsi 4 800 m² olan ticarət mərkəzində baş verib. Nəticədə bazarın 900 m² hissəsində olan 1 ofis, 2 mağaza və 60 ədəd rəf yanıb, ticarət mərkəzinin qalan əraziləri mühafizə olunub.

Şahidlər xatırladır ki, bu ticarət mərkəzi əvvəllər Talıbovlar ailəsinə - Seymur Talıbova məxsus olub. Vasif Talıbov vəzifədən uzaqlaşdırıldıqdan sonra bazar satışa çıxarılıb və hazırda 3 sahibi var. 

Ticarət mərkəzində yanğının hansı səbəbdən baş verdiyi, yəqin ki, araşdırmalardan sonra üzə çıxacaq. Lakin 2 ehtimal üstünlük təşkil edir: Qaz sızması və qəsdən yandırma. 

Şahidlərin bildirdiyinə görə, yanğından əvvəl partlayış səsi eşidilib. Ehtimal ki, ticarət mərkəzinin elektrik şəbəkəsi işə salınarkən qaz sızması nəticəsində partlayış olub. 

Qəsdən yandırılması ehtimalına gəlincə, bu ehtimalı qüvvətləndirən əlamətlər var. Belə ki, sözügedən ticarət mərkəzinin yanında son vaxtlar yeni bazar tikilib və istifadəyə hazırdır. Məlumata görə, bu gecə yanğının baş verdiyi hissədəki sahibkarlara yeni bazara köçmək təklif olunurmuş. Lakin onlar bu təklifdən qətiyyətlə imtina edirlərmiş. Yəni istisna deyil ki, yanğın hadisəsi ticarətçiləri yeni bazara yönəltmək məqsədilə təşkil olunub. 

 

0.015565156936646