DİM sədri Məleykə Abbaszadə haqqında nə bilirik? - DOSYE
Abbaszadə (Mustafayeva) Məleykə Mehdi qızı 1953-cü ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 1970-ci ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin həmin il yaradılan hesablama riyaziyyatı və kibernetika fakültəsinə daxil olub. 1975-ci ildə universiteti bitirib, Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna baş laborant vəzifəsinə təyin olunub.
1975-1977-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində akademik N. N. Moiseyevin şöbəsində tədqiqatçı-stajor işləyib. 1977 - 1987-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi vəzifəsində çalışıb. 1988-ci ildə Kiyev şəhərində Ukrayna Elmlər Akademiyası V. M. Qluşkov adına Kibernetika İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb.
1987‑1989-cu illərdə Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda hesablama texnikası və informatika tədrisi metodikası şöbəsinin müdiri, 1989-cu ildən M. Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb.
1990-cı ildə Azərbaycan «İstedad» assosiasiyası sədrinin birinci müavini seçilib və 1994-cü ilin avqust ayına qədər bu vəzifədə işləyib. Bu dövr ərzində Assosiasiya tərəfindən respublikada istedadlı uşaq və gənclərin aşkara çıxarılması üçün zəruri olan elmi-metodiki əsaslar müəyyən edilmiş, bu sahədə ən son beynəlxalq təcrübənin tətbiqi üçün yeni tədris metodikalarının hazırlanması təşkil edilib. Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı ilə Bakı Avropa Liseyi yaradılıb.
M. Abbaszadə 1994-cü ildən 2000-ci ilədək Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin birinci müavini, 2000-ci ildən 2016-cı ilədək TQDK-nın sədri vəzifəsində çalışıb. 2016-cı ilin aprelin 12‑də isə ölkə Prezidentinin Sərəncamı ilə yeni yaradılan Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin sədri vəzifəsinə təyin olunub və hazırda bu vəzifəni icra edir.
M. Abbaszadənin rəhbərliyi altında tələbə qəbulu prosesi açıq sosio-texniki sistem kimi fəaliyyət göstərir. Sistemin açıqlığı imtahan materiallarının hazırlanması və ekspertizasından başlayaraq imtahan prosesinin idarə olunmasınadək bütün mərhələlər təmin olunub.
M. Abbaszadənin rəhbərliyi və bilavasitə iştirakı ilə 1994-cü ildə Komissiyada fənlər üzrə daimi fəaliyyət göstərən, bütün pedaqoji ictimaiyyətə açıq olan elmi-metodiki seminarlar təşkil edilmiş, sonrakı il Komissiyada bütün fənlər üzrə ekspert şuraları və test bankları yaradılmış, tələbə qəbulunun elmi-statistik təhlilinin aparılması və araşdırma nəticələri nəşr edilib, ictimaiyyətə çatdırılması, imtahanların nəticələrinin hər il ayrı-ayrı bölgələrdə keçirilən konfranslarda pedaqoji kollektivlərlə birlikdə müzakirə edilməsi ənənəyə çevrilib. TQDK-nın nəzdində abituriyentlərə kömək məqsədilə hazırlıq kursları təşkil edilib.
Azərbaycanda İKT-ni tələbə qəbulu kimi kütləvi prosesin idarə olunmasına tətbiq edən ilk təşkilat olan TQDK-da M. Abbaszadənin təşəbbüsü ilə xüsusi proqram-aparat vasitələrindən ibarət, insan faktorunu mümkün qədər aradan qaldırmağa imkan verən qapalı texnoloji dövrələr yaradılmış, bütün daxili proseslər avtomatlaşdırılmış, sistemin hər hansı xarici müdaxiləni istisna edən intellektual müdafiəsi qurulub.
1996-cı ildə test bankının idarə edilməsi, bankdan testlərin seçilməsi və imtahan üçün formalaşdırılması prosesi avtomatlaşdırılmış, Komissiya dövlət qurumları arasında ilk dəfə olaraq geniş auditoriyanı əhatə edən prosesləri (sənəd qəbulu, imtahanla bağlı olan məlumatların əldə olunması və s.) internet vasitəsilə həyata keçirməyə başlayıb.
M. Abbaszadənin rəhbərliyi altında bu gün ən kütləvi tirajla dərc olunan nəşrlərdən biri - “Abituriyent” jurnalı yaradılıb. Redaksiya şurasının üzvü olduğu jurnalda dərc edilən elmi-metodiki materialların çoxu M. Abbaszadənin bilavasitə iştirakı ilə hazırlanır.
O, 1994-cü ildən başlayaraq qəbul imtahanlarının nəticələrinin elmi-metodiki təhlilinə həsr olunan “Abitiriyent” jurnalının yekun 12-ci buraxılışında dərc edilən silsilə məqalələrin müəllifi, jurnala əlavələr kimi nəşr edilən 100-ə yaxın müxtəlif adda dərs və metodiki vəsaitlərin həmmüəllifidir.
Əhalinin abituriyentlərin və valideynlərin rahatlığını təmin etmək məqsədilə M. Abbaszadənin təşəbbüsü ilə respublikanın 8 bölgəsində TQDK-nın regional mərkəzləri açılmış, qəbul imtahanlarının ölkənin 11 bölgə mərkəzində keçirilməsinə başlanılıb.
M. Abbaszadə TQDK-ya rəhbərlik etdiyi dövr ərzində Komissiya bir sıra mühüm, dövlət əhəmiyyətli layihələrin icraçı təşkilatçısı olub.
1999-2000-ci illərdə M. Abbaszadənin rəhbərlik etdiyi Komissiyaya “2000-ci il problemi”nin həlli üzrə Milli Qurum statusu verilmiş, problem Qurum tərəfindən uğurla həll edilmişdir.
2000-ci ildə M. Abbaszadənin Milli Koordinator olduğu “Seçkilərlə əlaqədar məlumatın ötürülməsi üçün şəbəkənin yaradılmasına yardım” Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə Azərbaycan Hökumətinin birgə layihəsi çərçivəsində “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi yaradılmış, 2000-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə tətbiq olunmuş və hal-hazıradək respublikada keçirilən seçkilərdə həmin Sistem fəaliyyət göstərir.
M. Abbaszadə 2002-ci ildə imzalanmış Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə Azərbaycan Hökumətinin birgə layihəsi - "Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı strategiyasının hazırlanması və ilkin mərhələdə tətbiq edilməsi layihəsi"nin Milli Koordinatoru olmuş, layihə çərçivəsində İKT üzrə Milli Strategiya hazırlanaraq təsdiq edilmiş, siyasi sənəd olan Milli Strategiyanın həyata keçirilməsi üçün 2004-2012 illəri əhatə edən Milli Fəaliyyət Planı işlənib hazırlanmış, Plan çərçivəsində bir neçə layihə uğurla həyata keçirilmişdir.
M. Abbaszadə 25-dək regional və beynəlxalq konfransların, o cümlədən 2003-cü ildə Cenevrədə dövlət başçıları səviyyəsində keçirilən informasiya cəmiyyətinin problemlərinə həsr olunmuş Ümumdünya Sammitinin iştirakçısı olmuş, 2003-cü ilin noyabrında Bakı şəhərində “İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və Elektron idarəetmə” mövzusunda Beynəlxalq forumun təşkilatçısı olmuşdur.
2005-ci ildə İAEA (İnternational Association for Educational Assessment - Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiya) və UNESCO-nun birgə dərc etdiyi Təhsildə Qiymətləndirmə üzrə beynəlxalq ekspertlərin siyahısına daxil edilmişdir.
2007-ci il sentyabrın 16-dan 21-dək Bakı şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assessment) “Milli qiymətləndirmə sistemlərinin və təhsil standartlarının qarşılıqlı asılılığı” mövzusunda 33-cü Beynəlxalq Konfransının təşkilatçısı olmuş, 2008-ci ildə IAEA-nın İcraiyyə Komitəsinin üzvü seçilmişdir.
Məleykə Abbaszadə Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2013-cü il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasında təhsilin qiymətləndirilməsi sahəsində müasir texnologiyaların səmərəli tətbiqinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
71 yaşı tamam olan M. Abbaszadənin 60-dək elmi məqaləsi var və o, ali məktəblər üçün iki dərs vəsaitinin müəllifidir.
İki övladı, dörd nəvəsi var.