Azərbaycan fələstinli qaçqınlara 1,6 milyon dollar ayırdı

Azərbaycan fələstinli qaçqınlara 1,6 milyon dollar ayırdı
 

Oktyabrın 18-də Ciddə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı İcraiyyə Komitəsinin növbədənkənar nazirlər görüşündə Fələstin-İsrail münaqişə zonasında vəziyyət müzakirə olunur.

Görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib. O, öz çıxışında deyib ki, Azərbaycan tərəfləri hərbi əməliyyatların dayandırılmasına və deeskalasiyaya çağırır.

O, dinc sakinlərin həyatına təhlükənin aradan qaldırılmasının, mülki və infrastruktur obyektlərinin, eləcə də müqəddəs yerlərin qorunmasının vacibliyini qeyd edib.

"Münaqişə zonasının genişlənməsinin mümkünlüyü barədə xəbərlər narahatlıq doğurur", - Bayramov qeyd edib.

İslam həmrəyliyinə hər zaman sadiq qalan Azərbaycanın Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəklədiyini qeyd edən nazir Azərbaycanın beynəlxalq hüquq normaları, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olması ilə iki dövlət prinsipi əsasında həllinə tərəfdar olduğunu qeyd edib.

Münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycanın səylərindən danışan Bayramov bildirib ki, Azərbaycan fələstinli qaçqınlara dəstək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Agentliyinə 1,6 milyon dollar ayırıb.

Azərbaycan bundan sonra da Fələstin probleminin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun şəkildə həllinə nail olmaq üçün səylərini davam etdirəcək,- nazir deyib. 

0.012886047363281