Yaxın Şərqdəki gərginlik məcrasından çıxır: dünyanı xaos təhlükəsi gözləyir...

Yaxın Şərqdəki gərginlik məcrasından çıxır: dünyanı xaos təhlükəsi gözləyir...
 

Qəzzadakı xəstəxanada törədilən qətliam hadisəsi İsrail-HƏMAS müharibəsini bu müstəvidən çıxarıb münaqişə coğrafiyasını genişləndirməyə və bununla da Yaxın Şərqi xaosa sürükləmək məqsədi daşıyır.   

Əgər oktyabrın 7-də HƏMAS-ın hücumu İsrailin əks-hücuma keçməsinə və bununla da Qəzzada törətdiklərinə bəraət qazandırmağa əsas verirdisə, oktyabrın 17-də  baş verən qətliam isə tamamilə  İsrailin ziyanına olan effekt verməkdədir. 

Qəzzada baş verən son olay İsrailin maraqlarına uyğun deyil və bu onun imicinə ciddi zərbə vurmuş oldu. Baş verən hadisə İsrailin planlarını həyata keçirməkdə beynəlxalq aləmin ciddi müqavimətinə tuş gələcək.  

Düzdür, İsrail tərəfi bu hadisəni başqa güclərin, xüsusən də İslami Cihad təşkilatı tərəfindən törədildiyini iddia edir. Lakin hər şey gecdir. İnformasiya artıq öz işini görüb və bu hadisənin kimin törətməsindən asılı olmayaraq bunu törədənlər ilkin hədəflərinə nail olublar. 

İsrail artıq ciddi qınaq obyektinə çevrilib. Hətta bu proseslərdə onu dəstəkləyən, loyal və bitərəf mövqe sərgiləyən ölkələr belə, İsraili kəskin tənqid edib mövqelərindən geri çəkilməli oldular. Bu da İsraili indiki şəraitdə beynəlxalq aləmdə çıxılmaz vəziyyətə saldı.

Bu eyni zamanda ABŞ-nin yaranmış situasiyadan istifadə edərək Yaxın Şərqdəki prosesləri yenidən ələ alma təşəbbüsünü iflasa uğratdı. Ağ Ev hadisələrin ilk anından proseslərə aktiv müdaxilə edərək təkcə İsrailin yanında yer almadı, həm də ən fəal şəkildə hərtərəfli dəstək verməyə başladı. İsrailə ikinci və üçüncü cəbhələrin açılmamasına imkan verməmək üçün ABŞ Dövlət katibi Blinken və Pentaqon rəhbərliyi İsrailə səfər etdi. Blinken eyni zamanda ərəb ölkələri liderləri və digər ölkə rəsmiləri ilə sıx təmaslara girərək İsraili HƏMAS-a qarşı mübarizədə dəstəkləmək istiqamətində inandırmağa çalışdı. 

ABŞ prezidenti Co Bayden özü də prosesdə aktiv iştirak edərək bir sıra ölkə rəhbərləri ilə təmas qurdu. 

Oktyabrın 18-də isə İordaniya paytaxtı Əmmanda prezident Co Bayden Misir, İordaniya və Fələstin liderlərinin iştirakı ilə dördtərəfli formatda Zirvə görüşü nəzərdə tuturdu. Lakin xəstəxanın bombardman edilməsi, ABŞ-nin də təşəbbüsü ələ almaq və budan istifadə edərək Yaxın Şərq planlarını reallaşdırma istəyi iflasa uğramış oldu. Ən azından qeyri-müəyyən vaxtadək…

Bəs, o zaman bu idarəolunan xaos kimə lazımdır.

Xaos ilk növbədə istisnasız olaraq Yaxın Şərqdə, həmçinin dünyanın yenidən dizayn edilməsində iştirak edən və tərəf kimi çıxış edən bütün güclərin marağındadır. Bura ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Rusiya, İran, Çin, Hindistan, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Misir, Qətər və digər ölkələr daxildir.  

Çünki Yaxın Şərq yeni dünya düzənin əsas açar ölkəsidir. 

Yaxın Şərq eyni zamanda birqütblü dünya tərəfdarları ilə çoxqütblü dünya tərəfdarları arasında gedən mübarizədə həlledici coğrafiyadır. Kim bu bölgəyə hakim olacaqsa, dünyaya da o güc hakim kəsiləcək. Ona görə də bütün oyunçular bölgədə geosiyasi, geoiqtisadi maraqlarını təmin etmək üçün İsrail-Fələtin münaqişəsinin Yaxın Şərq coğrafiyasında genişləndirməklə özünə uyğun şəkildə kartlarını istifadə edib faydalanmağa çalışacaq. Rusiya-Ukrayna müharibəsi fonunda dünyanın geosiyasi proseslərinin şəkilləndirilməsində iddialı güclərin əsas mübarizə apardığı bölgə Yaxın Şərq və Afrikadır. O da bəllidir ki, Yaxın Şərqdə ciddi mövqeyə malik olan Afrikaya da hakim olacaq. Ona görə də biz son illərdə Çinin, Hindistanın, İranın, Türkiyənin və Qərb ölkələrinin bölgədə aktivliyini müşahidə etməkdəyik. Bütün iddiaçılar “qazan-qazan” prinsipinə əsaslanaraq maraqlarını təmin etmək üçün hətta aralarındakı bəzi köklü problemləri bir kənara qoyublar. Xüsusən də İran. İranın Yaxın Şərqdəki ərəb ölkələrinin əksəriyyəti ilə çox ciddi problemləri mövcuddur. Amma buna baxmayaraq Tehran bütün bunları kənara qoyub maraqları uğrunda Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri ilə normal münasibətlər qurmağa hazırdır. 

Geosiyasi və bölgə uğrunda amansız, acımasız savaşa girən güclərin hədəfi heç də İsrail-Fələstin müharibəsinin tənzimlənməsində yox, daha da alovlanan geniş coğrafiyanı əhatə etməsində maraqlıdırlar. Amma onu da unudurlar ki, idarəolunan xaos müəyyən mərhələdə idarəolunmaz mərhələyə qədəm qoya bilər. O zaman isə kimsə qazanan tərəf olmayacaq, hamı itirən tərəf olacaq. 

Mürtəza
Ölkə.Az

 

0.01152491569519