"Demokratiya" istehsalçılarının sayəsində 33 ildir yoxsulluq, haqsızlıq, girdabında çırpınırıq" - Professor

 

Qərbin uzunmüddətli təbliğatı XX əsrin 80-ci illərindən başlayaraq öz bəhrəsini verməyə başladı. "Demokratiya" istehsalçılarının və ixracçılarının sayəsində 33 ildir yoxsulluq, bədbəxtlik, ədalətsizlik, haqsızlıq, qarşılıqlı ədavət və nifrətin girdabında çırpınırıq. "Qərb dəyərləri", "Qərbə inteqrasiya", "insan haqları" deyə-deyə haqdan daha da uzaqlaşdıq, dezinteqrasiya olunduq.
Yaxşı nağıldır: Guya biz ağıllı çıxıb qərb dünyasına qoşulacaq, müftə-müsəlləh ağ günə çıxacaq və xoşbəxtliyi satın alacaqmışıq, Rusiya kimi Qərbin boyunduruğunu qəbul etməyən ölkələr isə bədbəxt olub yer üzündən silinəcəkmişlər. Əcəb bəstədir, ifaçıları da pis deyil.
Belənçi gic düşüncələrə aludə olub nə qədər itirdiyimizin fərqində ola bilmədik. Bəlkə tarixi şərait və zərurət bizi belə etdi. Amma bu da faktdır ki, M.Ə.Sabirin dediyi kimi, yuxuya, nağıla, duaya, caduya, fala inanan avam qövm olaraq qaldıq.
Anlamadıq ki, ali dəyərlərə inteqrasiya beyinlərdə baş verir, boş şüarlarda yox!
Müasir anlamı ilə akademik səmimiyyətsizlik, əliəyrilik, həqirlik, yaltaqlıq və məddahlığın hökm sürdüyü bir şəraitdə yaxşı nə ola bilər ki?! Bu nəfsək parazitlər öz doğma coğrafiyamızda insan kimi yaşamağın parametrlərini pozublar.
Bir xalqın intellektual təbəqəsinin beyin infrastrukturu rüşvət, yalan, yaltaqlıqdan yoğrulubsa, hansı ali dəyərlərdən və ya o dəyərlərə meyildən danışmaq olar?!

Professor İdris Abbasov

"Paralel.az"

0.043462991714478