Azərbaycanda bu tariflərin artırılma ehtimalı çoxdur...

Azərbaycanda bu tariflərin artırılma ehtimalı çoxdur...
 

"Tarif Şurasının Bakı-Quba-Rusiya yeni avtomobil yolu üçün müəyyən etdiyi gediş tariflərini yüksək hesab edirəm və bir müddətdən sonra yenidən baxılacağını düşünürəm". 

Bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, tarifin müəyyən edilməsi üçün nə qədər amillər təhlil olunsa da, ən böyük amil haqqında dəqiq məlumat yoxdur. Bu, tələb amilidir: 

"Bu amili isə heç bir müşahidə və ya təhlilərlə dəqiq hesablamaq mümkün deyil. Bunu yalnız bu yoldan istifadə edənlərin real sayı müəyyən edəcək. Yalnız bundan sonra qiymətlərin endirilməsi və ya daha da artırılması məsələsi gündəmə gələcəkdir. 

Əgər sürücülər qiymətdən narazı qalsalar, istifadə edənlərin sayı azalacaq. Bu isə gəlirlərə ciddi təsir edəcək. Buna görə də, bu qədər vəsait xərclənən yola çəkilmiş xərcləri çıxarmaq üçün qiymətlərin tədricən endirilməsinə ehtiyac yaranacaq. Ona görə ki, Tarif Şurası tarazılıq nöqtəsini tapmalıdır. Bunun üçün isə tədrici yaxınlaşma daha effektiv və itkisiz olur". 

Ekspertin sözlərinə görə, avtomobil axını çox olarsa, o zaman qiymətlərə yenə baxılması və qiymətlərin qaldırılması ehtimalı çoxdur: "Çünki, onsuz da “yolun müştərisi” boldur. Lakin təbii ki, bu zaman qiymətin qaldırılmasının səbəbi kimi tələbin çox olması göstərilməyəcək. Bu sürücülər tərəfindən birmənalı qarşılanmaz. 

Bu zaman tariflərin qaldırılması üçün ən çox istifadə edilən metoddan istifadə edilməsi daha ağlabatandır. Bu “xərclərimiz çoxdur” adlı məşhur metoddur. Odur ki, əgər bu yolun da istifadəsinə görə qiymətlər artırılarsa, bunun səbəbinin yol-tikinti xərclərin, o cümlədən yolun keyfiyyətli saxlanılması xərclərinin çox olması ilə əlaqələndiriləcəyi daha realdır". 

"Bütün hallarda bu yoldan istifadəyə dair qiymətlərin uzun müddətli dövr ərzində bu gün təyin edildiyi kimi qalacağını gözləmirəm. Tariflərə yenidən baxılması ehtimalı çox yüksəkdir", - deyə E. Əmirov əlavə edib.

Qeyd edək ki, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib. Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək. Avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).

Paralel.az

 

0.014213085174561