Universitetlərə investisiya gərəkdir - dos. İlham Əhmədov

Universitetlərə investisiya gərəkdir - dos. İlham Əhmədov
 

“Əgər Azərbaycan müharibə vəziyyətində olmasaydı, büdcədə təhsil xərcləri birinci yerdə olacaqdı.” (A.R. Prezidenti İlham Əliyev).

" Cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir." (Ümummilli lider Heydər Əliyev).

Şükür olsun ki, müharibəni parlaq qələbə ilə başa vurduq. Artıq Xankəndində Azərbaycan Bayrağı yellənir. Müharibə vəziyyəti sona yetdiyi üçün, indi hərbi xərclərimiz azalacaq, digər sahələrə, xüsusən də təhsilə daha çox investisiya qoyilacaq.
Hesab edirəm ki, bu halda təhsil real inkişaf edə bilər. Müasir təhsil kapitaltutumludur. Ümumən isə təhsilin inkişafı normal maliyyələşmədən və keyfiyyətli kadr siaysətindən asılıdır.

Qarabağda Universitet yaratmaq istəyirik. Çox yaxşı. Nazirlik bildirir ki, bu universitetin konsepti hazırlanır (yəqin bu konsepti yeni Agentlik hazırlayır).
Maraqlıdır, bu yeni universitet hansı nümunəvi model əsasında qurulacaq? Bizim 100 yaşlı universitetlər nümunəsindəmi? Onda çox uzun müddət ərzində onun yaxşı reytinqi olmayacaq. Amma dünya təcrübəsində 5 ilə, 15 ilə reytinq qazanan gənc universitetlər də var. Belə universitetləri yaratmaq üçün normal maliyyə və səriştəli mütəxəssislər gərəkdir, hansı ki, bizim universitetlərdə belə maliyyə imkanları heç vaxt olmayıb.
ETN (Agentlik) yaxın gələcəkdə həm də 2 Tədqiqat Universiteti yaratmağa hazırlaşır. Təxminən 10 il əvvəl Rusiyada "İnnovasiya təhsil proqramlarının inkişafı" adlı dövlət proqramı reallaşırdı. Bu dövlət proqramı çərçivəsində universitetlər qrant almaq üçün öz layihələrini Elm və Təhsil Nazirliyinə təqdim edirdilər. Daha yaxşı inkişaf proqramları təqdim edən universitetlər qrant ala bilirdi.
2010-2012-ci illərdə RF-nın əyalətində olan Ulyanovsk Dövlət Texniki Universitetinin müsabiqəyə təqdim etdiyi “UDTU-nin İnnovativ fəaliyyətinin inkişafı” adlı layihəsinə 3 ilə təxminən 30 milyon $ qrant verildi. Bu layihənin icrası nəticəsində universitet inkişaf etmiş infrastruktura malik innovasiya təhsil sistemi yaratdı, tədqiqat universiteti kimi formalaşmışdı. Müasir tələblərə cavab vermək istəyən ATM hər il belə qrantlar almalıdır. Lider universitetlərin yaranması və inkişafı yalnız bu yolla ola bilər.
Bəlkə də biz yeganə ölkəyik ki, universitetlərə heç bir investisiya qoymadan, inkişafa, keyfiyyətli insan kapitalının yaranmasına ümid edirik, 30 ildir, amma boş yerə də vaxt itiririk. Bizim ATM-nin büdcəsi 5-20 milyon $ olanda, digər ölkələrin orta səviyyəli ATM-nin büdcələri yüz milyonlarla, bəzən isə miyard $ ölçülür. Ona görə bəzi rektorlarımız deyir ki, onlar çox sürətlə inkişaf edir, ona görə çata bilmirik.
UDTU- nun yaratdığı bu yeni infrastruktur aşağıdakı elementlərdən ibarət idi:
 ATM-nin Texnoparkının yaradılması;
 Texnologiyaların transfer mərkəzinin yaradılması;
 ATM-nin Mühəndislik Mərkəzi yaradılması;
 ATM-nin Sənaye Parkı yaradılması;
 Universitetin Elmi-Texniki İnformasiya Departamentinin yaradılması;
 Əqli Mülkiyyət Departamenti yaradılması;
 Layihənin idarə edilməsi ofisi yaradılması;
 “İKT sahəsində Elmi-texnoloji inkişafın proqnozlaşdırılması” laboratoriyasının yaradılması;
 “Ətraf mühitin rasional idarə edilməsi və enerjiyə qənaət sahəsində Elmi və texnoloji inkişafın proqnozlaşdırılması” laboratoriyası yaradılması;
 “İnnovativ təhsil texnologiyaları” laboratoriyası yaradılması;
 “İnnovativ tikinti materialları” laboratoriyası yaradılması;
 Kiçik innovativ müəssisələrin konsorsiumunun yaradılması.

2012-ci ildə əyalətdə yaranan bu TU-nin 2023-cü ildə bizdə analoqu hələ yoxdur. Bizdə hələ TU yoxdur, baxmayaraq ki, NK 2016-cı ildə qərar verib bu haqda.
Bu gün universitetlərimizin əksəriyyətində bu siyahıdakı struktur elementlərinin heç biri yoxdur.
Əminəm ki, 20 il ərzində bizim ATM-nə də belə normal maliyyə, qrantlar ayrılsaydı və ciddi nəzarət olsaydı, bəlkə də nə inkişaf olardı.
Bu səbəblərdən yeni yaranacaq ATM -ni çox da şanslı hesab etmirəm, əgər işə yanaşma tərzi dəyişməyəcəksə.

"Paralel.az"

0.033598899841309