Həmasın hücumundan sonra başlanan müharibənin arealı genişlənir

Həmasın hücumundan sonra başlanan müharibənin arealı genişlənir
 

Həmasın hücumundan sonra başlanan müharibənin arealı genişlənir. İsrail ordusunun Livan ərazisinə zərbələr endirməsi bunun ilk siqnalı hesab edilə bilər.

Baş verənləri “İsrailin 11 sentyabrı” adlandıran Təl-Əvivin Həmas tam məğlub, yaxud təslim olmayana qədər dayanmaq niyyətində olmadığı aydın görünür. Bu isə təkcə Həmasla yox, ilk növbədə ona dəstək verən proksi qüvvələrlə - Livanda Hizbullah, Suriyada İrana bağlı qruplaşmalar – də qarşıdurma deməkdir. Həmasın məğlubiyyətini istəməyən bu qüvvələr və onları idarə edən İran da İsrailin hücumlarına qarşı qruplaşmanı dəstəkləmək məcburiyyətindədir. Hazırda bu dəstək arxa planda verilsə də, yaxın dövrdə açıq müstəviyə keçə biləcəyi də istisna deyil. Və İsrailin Livanda Hizbullah mövqeləri ilə yanaşı, Suriyada da İrana bağlı qruplara zərbələr endirəcəyi gözləniləndir.

Burada ən aktual məsələlərdən biri “müharibə İrana çata bilərmi” sualıdır.

İran Həmasın hücumunu ən yüksək səviyyədə dəstəkləyir, arxa fonda qruplaşmanın silah-sursat və digər ehtiyaclarını qarşıladığı və buna davam edəcəyi bəllidir. Həmas liderləri hücumdan öncə - ötən həftə Tehranda Səudiyyə Ərəbistanı-İsrail yaxınlaşmasının yaratdığı təhlükəni müzakirə ediblər. İran mediasının məlumatına görə, Həmasın siyasi büro üzvü Üsəma Həmdan “sionist rejimi ilə münasibətərin normalaşması bütün fələstinlilərə qarşı haqsızlıqdır, biz bu plana qarşı çıxmalı və müqavmət göstərməliyik” deyib.

Lakin İsrail üçün eyni vaxtda nəinki İranla, Hizbullah və Suriyadakı qüvvələrlə döyüşmək də risklidir. Bu baxımdan, beynəlxalq koalisiyanın yaradılmasına çalışacaq, bunun üçün isə Həmasın hücumunun arxasında İran və onun dəstəklədiyi qüvvələrin dayandığına dair sübutlar tapılmalıdır. Bu həm də başda Səudiyyə olmaqla ərəb ölkələrinin dəstəyini, ən azı neytrallığını qazanmaq üçün də vacibdir.

Asif Nərimanlı

"Paralel.az"

0.022256135940552