Əliyev Qafqaz planını anons etdi: Bakı regionu yenidən dizayn edir

Əliyev Qafqaz planını anons etdi: Bakı regionu yenidən dizayn edir
 

Rəsmi Bakı mövcud regional situasiyanı yalnız Azərbaycan deyil, həm də Cənubi Qafqaz üçün real inkişaf şansı olaraq, dəyərləndirir... Ermənistanın bu prosesdə iştirak edib-etməyəcəyi Azərbaycanın yeni regional düzən qurmaq planlarına həlledici təsir göstərmir...
Cənubi Qafqaz yeni mərhələyə keçmək üzrədir. İndi bu region real sülh və əmin-amanlıq dövrünə başlamaq şansı qazanıb. Belə bir önəmli mərhələ başlayarsa, bu, Cənubi Qafqazın ümumi inkişaf perspektivlərinin də önünü açmış olacaq. Və nəticədə bütün region coğrafiyası fərqli geoiqtisadi məkana çevriləcək.

Bütün bunlar onu göstərir ki, Cənubi Qafqazın geopolitik, geostrateji və geoiqtisadi imkanların qarşısında yalnız yeni regional savaş təhlükəsidir. Son 30 il ərzində məhz bu faktor bu regionu kənar dövlətlərin maraqlarının girovuna çevirmişdi. Cənubi Qafqaz mövcud olan "münaqişə ocağı" həmin nəhəng dövlətlərə öz maraqlarını region ölkələrinə qəbul etdirmək imkanları qazandırırdı.

İndi isə Cənubi Qafqazın əsas problemi həll edilib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. "Dağlıq Qarabağ" münaqişəsi artıq mövcud deyil. Cənubi Qafqazda bütün situasiyanın fərqli və pozitiv faktorlar üzərində indeksləşdirilməsi üçün yeni şərtlər artıq mövcuddur. Və bu regionda yeni inkişaf mərhələsinin başladılması üçün üç dövlətin siyasi iradəsi tamamilə yetərli ola bilər.

Təbii ki, bütün bunların baş verməsi üçün Azərbaycan və Ermənistanın münasibətlərinin normallaşması əsas şərtdir. Çünki bu iki qonşu dövlətin müharibə şəraitindən uzaqlaşa bilməməsi bütün regionun inkişaf perspektivlərini bloklayır. Yeni savaş təhlükəsi qaldıqca isə regiona heç bir aidiyyatı olmayan dövlətlər və beynəlxalq qurumlar öz maraqları üçün manipulyativ planlar qurmaq imkanını qoruya bilirlər. Və Cənubi Qafqaza birbaşa aidiyyəti olmayan dövlətlərin regional sülhü müxtəlif bəhanələrlə əngəlləməyə çalışmalarının əsas səbəbi də məhz bu məqamla bağlıdır.

Deməli, Cənubi Qafqazın taleyinə kənar güclərin təsir mexanizmlərini tamamilə ləğv etmək üçün ilk növbədə mütləq Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması vacib şərtdir. Yalnız bu halda, ABŞ, Avropa Birliyi, Fransa, Almaniya, Rusiya və s. regiondan kənar ölkələrin Cənubi Qafqazda öz maraqlarını diqtə etmək şansı bloklanmış olacaq. Və məhz indi buna nail olmaq üçün münbit şərait yaradıb.

Məsələ ondadır ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına əngəl törədən, mübahisələrə səbəb olan əsas problem də artıq öz həllini tapıb. Belə ki, rəsmi Bakı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ regionu üzərində bütün suveren hüquqlarını tamamilə bərpa etməyə nail olub. İndi Ermənistanın Qarabağ mövzusunda Azərbaycana qarşı hər hansı ərazi iddiası irəli sürmək şansı qalmayıb. Və bu, sülh prosesinin sadələşdirilməsi imkanlarını daha da genişləndirir.

Maraqlıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev də mövcud situasiyanın bütövlükdə Cənubi Qafqaz üçün önəmli şans olduğunu vurğulayıb. Azərbaycan lideri bildirib ki, əgər Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlansa, Cənubi Qafqazda yeni bir siyasi vəziyyət yaranacaq: "Bölgə ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər. İndi məqam gəlib çatıb. Bu şansı əldən vermək böyük səhv olar".

Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqazın inkişaf perspektivlərinə praqmatik mövqedən yanaşır. Faktiki olaraq, bütün region ölkələrini ortaq inkişaf perspektivlərini dəyərləndirməyə çağırır. Ən əsasısa, bu çağırışın birbaşa hədəfi ondan ibarətdir ki, Cənubi Qafqaz ölkələri sahib olduqları regionun gələcək taleyini özləri müəyyən etmək şansı qazana bilmiş olsunlar. Və Cənubi Qafqazın qarışdırılmasına çalışan kənar güclərin özəl maraqları bu regiondan mümkün qədər uzaq tutulsun.

Məhz bu məqamın nə qədər önəmli olduğunu Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl xüsusi olaraq, vurğulamışdı. Azərbaycan lideri bildirmişdi ki, Cənubi Qafqazdan uzaq olan bəzi dövlətlər dünyanın o başından regionda cərəyan edən proseslərə müdaxilə edirlər. Əgər, həmin ölkələr bu regionda cərəyan edən proseslərə müdaxilə etməsələr, mövcud problemlərin həllini tapmaq daha asan olar.

Bütün bunlar onu göstərir ki, Azərbaycan lideri Cənubi Qafqazın əsas problemlərini və onların həlli yollarını tam dəqiqliyi ilə bilir. Ona görə də, əvvəlcə problemi göstərir, ardınca da onların aradan qaldırılması variantlarını gündəmə gətirir. Bu isə Cənubi Qafqazın inkişaf perspektivlərinin önünün açılması baxımından, böyük əhəmiyyət daşıyır.

Təbii ki, real nəticələrə nail olmaq üçün ilk növbədə Ermənistanın da siyasi iradə nümayiş etdirməsi vacibdir. Çünki rəsmi İrəvan müstəqil xarici siyasət yürüdə bilmir, sərbəst qərarlar vermək qabiliyyətindən də uzaqdır. Ona görə də, Paşinyan hakimiyyəti Azərbaycanla sülh sazişinin imzalanması məsələsini hələ də uzatmağa cəhd göstərir. Və bu məsələdə Ermənistanın xarici himayədarlarının təlimatları ilə hərəkət etməyə üstünlük verir.

Halbuki, indiki situasiyada sülh sazişinin imzalanması ilk növbədə Ermənistanın maraqlarına uyğundur. Çünki bu halda, Ermənistan Azərbaycanla münasibətlərini normallaşdırmaq şansı qazanmış olacaq. Nəticədə Ermənistan onilliklər boyu öz işğalçılıq siyasəti ucbatından düşdüyü regional blokada şəraitindən çıxa biləcək. Və Ermənistanın qonşu ölkələrlə iqtisadi-ticari əlaqələr qurması real maliyyə qaynağı yaradacaq.

Ancaq Paşinyan hakimiyyəti hələlik Fransa və Avropa Birliyinin maraqlarına xidmət etməkdədir. Yəni, rəsmi İrəvan Ermənistanın deyil, məhz Cənubi Qafqazda özəl maraqları olan Fransa və Avropa Birliyinin mənafelərini icra edir. Və belə vəziyyətdə Ermənistanın Cənubi Qafqazda geoiqtisadi layihələrdə iştirak şansı qazanması mümkün deyil.

Ona görə də, rəsmi İrəvan indi həlledici qərarlar vermək məcburiyyətindədir. Ya Azərbaycanla yekun sülh sazişinin imzalanmasına çalışacaq və Ermənistanın iqtisadi inkişafına imkanlar açacaq. Ya da Qərbdəki himayədarlarının maraqlarının girovuna çevrilib, Ermənistanın geoiqtisadi layihələrə qatılmaq şansını qapatmaqda davam edəcək. Və bu iki variant arasında olunacaq seçim Ermənistanın gələcək taleyini də böyük ölçüdə müəyyən edəcək.

Rəsmi Bakı isə Cənubi Qafqazın inkişaf perspektivlərinin önünün açılması üçün xüsusi planlara sahibdir. Azərbaycan dövləti bu istiqamətdə konkret hədəflər müəyyən edib, prinsipial addımlar atmağa çalışır. Rəsmi Bakı mövcud situasiyanı yalnız Azərbaycan deyil, həm də Cənubi Qafqaz üçün real inkişaf şansı olaraq, dəyərləndirir. Rəsmi Bakı Cənubi Qafqazın yenidən dizayn edilməsində israrlı davranmaq niyyətindədir. Və Ermənistanın bu prosesdə iştirak edib-etməyəcəyi rəsmi Bakının planlarına həlledici təsir göstərmir. (Yeni Müsavat)

 

0.018703937530518