Xruşovun köç qərarı – 59 il öncə gerçəkləşməyən planı bu gün ermənilər “könüllü” icra edir

Xruşovun köç qərarı – 59 il öncə gerçəkləşməyən planı bu gün ermənilər “könüllü” icra edir
 

Ən yeni tarix. Maraqlı faktlar.

Xruşovun köç qərarı – 59 il öncə gerçəkləşməyən planı bu gün ermənilər “könüllü” icra edir.

Sovet dövründə Kremlin birincilərinin müttəfiq respublikalara səfəri maraqlı hadisələrlə yadda qalıb. Məhz bu səfərlər zamanı müttəfiq respublikalarda ayrı-ayrı sahələr üzrə bir çox məsələlər öz müsbət həllini tapıb, belə səfərlərdə baş katiblər daha “mehriban” görünüblər. Elə 1960-cı ildə Nikita Xruşovun sovet Azərbaycanının 40 illik yubileyi münasibətilə respublikaya səfəri çərçivəsində də maraqlı məqamlar az olmayıb.

Sovet liderini Bakıda hərarətlə qarşılayıblar. Onun respublika stadionundakı alovlu çıxışı sürəkli alqışlarla müşayiət olunub. Stadionda SSRİ rəhbərinə Azərbaycanın milli baş geyimi olan papaq hədiyyə edilib. Xruşov dərhal şlyapasını çıxardaraq papağı başına qoyub, şlyapasıyla isə görüşə toplaşanları salamlayıb.

Xruşovun Azərbaycana səfəri ilə Bakı metropoliteninin tikintisinin yeni mərhələsi başlanıb. Məlum olduğu kimi, Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisi qərara alınıb. Qərarın icrası uzun illər yalnız sənəd üzərində qalıb. Təbii ki, sovet-alman müharibəsi illərində də bu haqda düşünülməyib. Nəhayət, 1951-ci ildə çox kiçik templə metronun tikintisinə başlanılıb. Ancaq qısa bir müddətdən sonra, 1953-cü ildə vəsaitin çatışmazlığı ucbatından tikinti işləri dayandırılıb. Məhz Xruşovun Bakı səfəri zamanı bu məsələ öz həllini tapıb, tikinti işləri davam etdirilməyə başlayıb.

Sovet liderinin Azərbaycana səfəri zamanı dənizdə neftçıxarma sahəsində olan bir çox problemlər də həllini tapıb. O, Neft Daşlarında olarkən bu şəhəri möcüzə adlandırıb. Məhz onun göstərişi ilə Neft Daşlarında yeni binalar inşa edilməyə başlanıb, burada işləyənlərin ərzaq və məişət əşyaları ilə yüksək təminatı öz müsbət həllini tapıb, yeni texnikalar və texniki avadanlıqlara təchizat məsələləri kimi problemlər həll olunub.

Ümumilikdə Xruşovun Azərbaycana səfəri olduqca məhsuldar keçib, görüşlərdə Azərbaycan üçün vacib olan bir çox məsələlər müzakirə olunaraq müsbət həllini tapıb. O cümlədən büdcədən respublikaya əlavə vəsait ayrılması məsələsində də Xruşov səxavətini əsirgəməyib.

Həmin dövrdə Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsini ermənilər növbəti dəfə gündəmə çıxarıblar. Dağlıq Qarabağda yaşayan ermənilərin çoxsaylı təklif məktublarının Kremlə göndərilməsi xüsusi şəkildə təşkil olunub. Ermənilər ümid ediblər ki, Xruşovun hakimiyyəti dövründə öz məkrli planlarını həyata keçirə biləcəklər. Hətta onlar elə düşünüblər ki, sovet Ermənistanının 40 illiyi münasibətilə Xruşov İrəvana təşrif buyuranda Dağlıq Qarabağı onlara hədiyyə edəcək.

Bu düşüncədə olan erməni millətçiləri ilk növbədə Mikoyanın Kremldəki mövqelərinə arxayın olublar. Xüsusilə də Mikoyanla Xruşovun arasında olan xoş münasibətlər onlara bu qənaətdə olmağa əsas verib. Mikoyan Dağlıq Qarabağla bağlı bir neçə dəfə öz təklifini Xruşova versə də, bu təkliflər öz müsbət həllini tapmayıb və 1960-cı ildə sovet Ermənistanının 40 illik yubileyində Xruşov öz Ermənistan səfərini təxirə salıb. Amma ruhdan düşməyən ermənilər yersiz torpaq iddialarından əl çəkməyiblər.

Mikoyan Xruşovla qeyri-rəsmi görüşlərində ona tez-tez Krımın tarixini, 1954-cü ildə Krım Muxtar Respublikasının Rusiyanın tərkibindən çıxarılıb Ukraynaya verilməsini xatırladıb, belə bir variantın Dağlıq Qarabağ Muxtar vilayətinə tətbiq edilməsini məqbul sayıb. Aralarında dostluq münasibəti olmasına baxmayaraq, Mikoyanın Qarabağ sərsəmləməsi Xruşovu təngə gətirib.

Nəhayət, 1964-cü ilin yanvar ayında Xruşov Mikoyanın layiqli cavabını verib:

“Mən bu gün hazıram ki, Dağlıq Qarabağda yaşayan erməniləri Ermənistana bir sutka ərzində köçürmək üçün ora on iki min hərbi yük maşını göndərim. Məni buna məcbur etməyin...”

Bununla da Xruşov Dağlıq Qarabağın Ermənistanın tabeliyinə verilməsi məsələsinə birdəfəlik münasibətini bildirib.

Maraqlı məqamlardan biri odur ki, Xruşov ermənilərin köçürülməsi üçün lazım olan yük maşınlarının sayını konkret ifadə edib. Bu rəqəmin dəqiqliyi deməyə əsas verir ki, sovet lideri Mikoyanla son söhbətindən əvvəl ermənilərin Qarabağdan köçürülməsi haqqında düşünüb və hətta bununla bağlı köç üçün nə qədər yük maşınının lazım olduğunu da aydınlaşdırıb.

Sözsüz ki, həmin dövrdə ermənilərin Qarabağdan köçürülməsi məsələsi yenə də Mikoyanın canfəşanlığı hesabına baş tutmayıb. Amma hər şeyin bir geci-tezi, zamana, tarixə ehtiyacı var. Həmin tarix yetişib, 59 il öncə Xruşovun Qarabağdan erməniləri çıxarmaq planını bu gün ermənilər “könüllü” icra edirlər. Başqa necə ola bilərdi ki? Qonaq özünü qonaq kimi aparmayanda, ona qapını göstərirlər – Laçın dəhlizindəki qapını...

İlham Cəmiloğlu

"Paralel.az"

0.056571960449219